Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.
“ADY Konteyner” MMC-dən FED.az-a verilən məlumata görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı “RJD Logistika” AC, “ADY Konteyner” MMC və “Tarkib Trans Co.”-nun birgə operatorluğu ilə, müvafiq olaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq.
32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq.
Qeyd edək ki, Şimal-Cənub dəhlizi ilə daşınacaq böyük yük potensialı var. Finlandiya və ümumilikdə Avropa İttifaqı ölkələri Hindistanın vacib ticarət tərəfdaşlarıdır. Finlandiyadan Hindistana əsasən kağız məhsulları, texnika və avadanlıq, Hindistandan isə bu ölkəyə əczaçılıq, kimya sənayesi və tekstil məhsulları daşınır. Bu məhsulların demək olar ki, hamısı konteynerlə daşına bilər və dəhlizlə hərəkət edəcək konteyner blok qatarı üzrə potensial yük bazası təşkil edir.
Bu dəfəki qatarla gətirilən konteynerlər “ADY Konteyner” tərəfindən Finlandiyaya göndərilmiş dəmiryolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkili “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb.
Konteynerlər multimodal üsulla – dəmiryolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. Qeyd olunan dəhliz üzrə blok qatar ümumilikdə 7200 km məsafə qət edərək təyinat yerinə catdırılacaq.
Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir.
Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.