Nəqliyyat

"Sərnişinlər Ankaradan Bakıya qatarla birbaşa səyahət edə biləcəklər" - NAZİRLƏ MÜSAHİBƏ

"Sərnişinlər Ankaradan Bakıya qatarla birbaşa səyahət edə biləcəklər" - NAZİRLƏ MÜSAHİBƏ | FED.az
14:00 6 Avq 2019

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın  müsahibəsi:

 - Cənab nazir, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin 2017-ci ildə Bakıda baş tutan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bu tarixi İpək Yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olacağını bildirmişdi. Bu mövzuda Türkiyə tərəfin mövqeyi necədir?

- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər - Bir Yol” layihəsi ilə birlikdə qiymətləndirərdim. 2015-ci ilin mart ayında açıqlanan layihə Asiya, Avropa və Yaxın Şərqi birləşdirən nəhəng infrastruktur, nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsi yaratmağı hədəfləyir. Ölkələrimizin artan ticarət həcmindən və investisiya mühitindən daha çox qazanmasını təmin etmək üçün əsas nəqliyyat dəhlizlərinə qoşulmalı və nəqliyyat infrastrukturlarımızı bu baxımdan ələ almalıyıq.

Türkiyə "Orta Dəhliz" adlandırılan Çin - Mərkəzi və Qərbi Asiya dəhlizi üzərindədir. Türkiyənin mövqeyi belədir ki, “Bir Kəmər - Bir Yol” layihəsinə ilə bağlı aktiv siyasət aparılmalıdır. Türkiyə “Yeni İpək Yolu” layihəsi adlandırılan Orta Dəhliz Şərqlə Qərb arasındakı mövcud xətləri tamamlamaqda və təhlükəsiz səfərlər təşkil etməkdədir.

17 ildir, ölkəmizin nəqliyyat siyasətinin əsas istiqaməti Çindən Londona fasiləsiz çatdırılmanı təmin etmək üçün genişmiqyaslı infrastruktur sərmayələri reallaşdırmaqdır.

Uzaq Şərqdən Avropaya qədər uzanan, əsrlər boyu ticarət karvanlarının əsas yolu olan Orta Dəhlizin - tarixi İpək yolunun inkişafı üçün həm Anadoluda, həm də Qafqaz və Orta Asiyada dəmiryolu şəbəkələrinin təşkili və magistral yolların inteqrasiyası sahəsində uzunmüddətli fəaliyyətlərimiz davam etməkdədir. Bu məqsədlə Asiya-Avropa-Yaxın Şərq fonunda çoxşaxəli nəqliyyat şəbəkəsini inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atılır, ölkə daxilində şərq-qərb və şimal-cənub istiqamətlərində nəqliyyat əlaqəsini yaxşılaşdıracaq layihələr də həyata keçiririk. Çünki “Bir Kəmər-Bir Yol” layihəsinin gələcəyi bizim coğrafiyamızı əhatə edir. İnanırıq ki, Anadolu, Qafqaz və Orta Asiya üçbucağında nəqliyyatın yaxın gələcəkdəki vəziyyəti indikindən bir neçə dəfə inkişaf etmiş durumda olacaq. Əlbəttə, bu dəhliz xalqlar arasında təkcə iqtisadi deyil, həm də mədəni və sosial əlaqələri də inkişaf etdirəcək. Buna görə Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin və Orta Asiyadan ölkəmizə gələn bütün yolları birləşdirən infrastruktur kimi böyük əhəmiyyətə malikdir. Bu layihə yalnız 3 ölkəni birləşdirmir. İngiltərəni, Fransanı, Belçikanı, Almaniyanı, Avstriyanı, Macarıstanı, Serbiyanı, Bolqarıstanı, Türkiyəni, Gürcüstanı, Azərbaycanı, Qazaxıstanı, Türkmənistan və Çini bir-birinə bağlayır.

Bakıdan Qarsa qədər olan 829 km dəmir yolu xətti Xəzər Tranzit Orta Dəhliz xəttinin önəmli hissəsini tamamlayır. Ancaq bu layihənin əhəmiyyəti qarşıdakı illərdə daha aydın anlaşılacaq. Çünki bu gün Çinlə Avropa arasındakı ticarət dövriyyəsi gündəlik 1,5 milyard dollar həcminə çatıb. Bu ticarət axınının artaraq 5-6 il ərzində gündəlik 2 milyard dolları aşması gözlənilir.

Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işləməsi və bu xətti tamamlayan yolların başa çatdırılması çox vacibdir. Digər tərəfdən Marmaray Boru Keçidi, Yavuz Sultan Səlim Körpüsü, Şimali Mərmərə şosesi və Avrasiya Tuneli, Osman Qazi Körpüsü, sürətli qatar və yüksək sürətli qatar xətləri, Şimali Egey Limanı, Gebze Orhanqazi-İzmir şosesi, 1915 Çanaqqala Körpüsü, İstanbul Hava limanı kimi meqa layihələrlə də bu dəhlizin təmin etdiyi faydanı daha da artırmağa çalışırıq. Xüsusilə, bu dəhlizin davamı olacaq nəhəng layihələri dövlət və özəl qurumlarınla birgə həm sürətli, həm daha az xərclə, həm də özəl sektorun dinamikasından istifadə edərək həyata keçiririk.

- BTQ xətti üzrə indiyədək nə qədər yük daşınıb? Bu ilin sonuna və ortamüddətli perspektivdə yükdaşımalar üzrə proqnozunuz necə olacaq?

- BTQ xətti fəaliyyətə başladığı gündən indiyədək 3527 vaqonla 210 min ton yük daşınıb. Daşınmalar artmaqdadır. BTQ dəmiryolu xəttində qısa müddətdə 1 milyon ton, orta müddətə 3 milyon ton, uzun müddətə isə 6 milyon 500 min ton yükün daşınması nəzərdə tutulub.

- Hazırda bu dəmir yolu ilə sərnişindaşıma istiqamətində hazırlıq işləri aparılır. Bu prosesə nə vaxtdan başlanılacaq?

- Əslində bu xətlə sərnişindaşıma mərhələsi başlanmış vəziyyətdədir. Hətta BTQ sərnişin qatarının qiymət tarifi də müəyyənləşdirilib, dekontlaşma təlimatları (təhlükəsizlik təlimatları-red.) hazırlanıb Azərbaycan və Gürcüstan tərəfinə verilib.

- Bakıdan Qarsa və əks istiqamətdə bilet neçəyə olacaq?

- Aprel ayında bu məsələ ilə bağlı bir toplantı oldu. Əlaqədar tərəflər bir araya gələrək qiymətləri müzakirə etdilər. Lüks və komfort vaqonlar üçün ayrı-ayrılıqda orta qiymət müəyyənləşdirilidi. Lüks vaqonlarda bir yerin qiyməti 798, komfort vaqonlarda isə 621 Türk lirəsi məbləğində təklif edilib. Amma bu tariflərin bir daha müzakirə olunması planlaşdırılır.

- Bir müddət öncə Bakı-Ankara qatarına biletlərin  qiymətləri açıqlanmışdı. Bildirilmişdi ki, vaqon sinfindən asılı olaraq, qiymətlər 350 (108 manat), 600 (185 manat) və 850 lirədir (262 manat)...

- Az öncə dediyim kimi, təxmini qiymətlər məlumdur. Vaqon sinfindən asılı olaraq qiymətlər 408 (126 manat), 621 (191 manat) və 798 (246 manat) lirə arasında dəyişir.

- Bakı-Ankara xətti nə zaman tam istifadəyə veriləcək? Qatar Ankaraya bir başamı gedəcək, yoxsa sərnişinlər Qarsda qatar dəyişəcək?

- Bakı-Ankara qatarı tək qardaş Azərbaycan xalqının deyil, bizim vətəndaşlarımız tərəfindən də böyük maraqla gözlənir. Bu məqamı da ölkələrimizin vətəndaşlarına söyləməkdən qürur duyuram: BTQ xəttində istifadə ediləcək vaqonların bojiləri (vaqonların dəmir yol xəttinə uyğunlaşdıran sistem-red.) indi standart və geniş texniki xüsusiyyətlərə malikdir. Buna görə də sərnişinlər Ankaradan Bakıya və əks istiqamətdə birbaşa səyahət edə biləcəklər. Xətt tam hazır olduqda hər 3 ölkənin vətəndaşlarına məlumat veriləcək.

- Bu marşrutla il ərzində nə qədər sərnişin daşınması gözlənilir? Dəmir yolu ilə sərnişin daşımaları qonşu ölkələr arasında münasibətlərin inkişafına necə təsir edəcək?

 - Türkiyənin Azərbaycan və Gürcüstanla qonşuluq hüquqlarının olduğu məlumdur, bu iki ölkə ilə təbii ki, qardaşlıq əlaqələri də var. Bu layihə də qardaşların bir-birinə daha sıx bağlanmasını təmin edəcək. Ən önəmlisi istehsal etdikləri məhsulları müştərək daşıyacaq. Qarşılıqlı etibar və işbirliyi içərisində irəliləyən bu böyük layihə sərnişin daşımağa başlamaqla inanıram ki, ölkələrimiz arasında mədəni və mənəvi bağları daha da inkişaf etdirəcək. Eyni zamanda BTQ xətti sürətli qatar layihələri ilə birlikdə yalnız Türkiyədə deyil, Gürcüstan və Azərbaycan da daxil Asiya-Avropa dəhlizində ən sərfəli və ən təhlükəsiz nəqliyyat olacaq. Bu səbəblərdən də sərnişin sayının yüksək olacağı proqnozlaşdırılır. Onsuz da biz BTQ-ni sadəcə dəmiryolu layihəsindən daha çox sosial, mədəni, iqtisadi layihə kimi görürük. Bu layihə regiondakı daşımanı ən məhsuldar şəkildə gerçəkləşdirəcək. BTQ dəmiryolu ilə ölkələrimiz arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələri daha da inkişaf edəcək. Bu xətt ticarəti də inkişaf etdirəcək.

- Peyk xidmətləri, kiber təhlükəsizlik, poçt və fiber-optik şəbəkələrlə əlaqədar keçən il Türkiyə, Azərbaycan, Rusiya və İranın müvafiq sahə üzrə nazirləri müqavilə imzalayıb. Bu sahədə nə yeniliklər var?

- 2018-ci ildə Türkiyə, Azərbaycan, Rusiya və İrandan nazirlərin toplantısında informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl müəssisələrin daha əlaqələrinin inkişafını təmin etmək üçün müştərək bir qurum yaratmağa qərar verdik. Bu çərçivədə TÜRKSAT və BTK başda olmaqla nazirliyimizə tabe olan qurumlarımız üç ölkənin əlaqədar qurumları ilə görüşlər təşkil edir. Peyk xidmətləri, kiber təhlükəsizlik və fiber-optik şəbəkələr başda olmaqla, ortaq işlərimizin yaxın zamanlarda başlanmasını gözləyirik. 

- Rəhbərlik etdiyini nazirlik Azərbaycanın daha hansı sektorları ilə əməkdaşlıq edir?

- Türkiyə Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən lazımi dəstəyi verib və bu, hər zaman belə olacaq. Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri, TANAP kimi müştərək layihələrimiz bölgədə öz damğasını vurub. Türkiyə Azərbaycanın ən böyük sərmayəçilərindən biridir. İnşallah yaxın zamanlarda Azərbaycan da Türkiyədə eyni səviyyəyə gələcək. Biz görülən işləri isə heç vaxt yetərli saymırıq, bu şəkildə də davam edəcəyik. İki qardaş ölkə qarşılıqlı yardımlaşmanı heç zaman əsirgəməyəcək. Önümüzdə daha böyük əməkdaşlıqlar bizləri gözləyir. Bizim üzərimizə düşən aramızdakı bağları daha da möhkəmləndirib gələcək nəsillərə miras qoymaqdır. Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən də qürur duyuruq. 

İstər Azərbaycan, istərsə də bölgənin digər ölkələri ilə aramızdakı ən böyük logistik və infrastruktur layihələrindən biri olan Bakı-Tbilisi-Qars Dəmiryolu Xətti və Lapis Lazuli Marşrutu Sazişi tarixi İpək Yolu marşrutları Orta Dəhlizin ən vacib komponentlərindən biridir.

Bu layihələrin əksəriyyəti tarixi İpək Yolunun dirçəldilməsi və Avropanın tranzit nəqliyyat şəbəkələrini Orta Asiya və Cənubi Asiya ilə Çin, Pakistan və Hindistanla birləşdirməsi, bölgədəki ölkələrin əhəmiyyətini daha da artıracaq. Nəqliyyat sektoru Türkiyənin Azərbaycan, eləcə də bütün Orta və Şərqi Asiya coğrafiyası ilə ticarətini canlandıracaq ən önəmli mexanizm rolunu oynayacaq. Türkiyənin 2023-cü il hədəflərindən biri də Azərbaycanla əlaqələrini daha da inkişaf etdirməkdir.



1 / 2

Digər xəbərlər