Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (məşhur “Şəki” restoranın yerində) aparılan təmir işlərinin böyük hissəsi tamamlanıb.
FED.az xəbər verir ki, hazırda ərazidə iri tunel qazılır.
Layihə 2025-2030-cü illərin Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Həsən Əliyev və Müzəffər Nərimanov küçələri arasında uzunluğu 3,9 km olan yol əsaslı şəkildə qurulur. Bu küçə genişləndirilərək 6 zolaqlı yol salınır. Ümumi layihədəki 4 avtomobil tunelindən biri bu əraziyə düşür.
Həmçinin layihəyə uyğun olaraq, ərazidə 3 böyük piyada keçidinin inşası nəzərdə tutulub.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, artıq tunelin istinad divarları, üstünün beton örtüyü tamamlanmaq üzrədir. Sözügedən ərazidə işlər 65-70 faiz yekunlaşıb, ən geci bu ilin sonunadək tamamilə yekunlaşacaq.