Ölkə üzrə sərnişindaşıma ilə məşğul olan qurumlar arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin xüsusi rolu var–gün ərzində dəmiryol nəqliyyatı ilə minlərlə insan mənzil başına çatır. Bununla əlaqədar təhlükəsizliyi təmin etmək üçün qurum tərəfindən bütün zəruri tədbirlər görülür. Lakin xoşagəlməz hadisələr də az deyil: elə son günlər dəmir yollarında qatarlarla nəqliyyat vasitələrinin toqquşması kimi.
ADY: "Gələn ilin əvvəlində yeni qatarlar istismara veriləcək" - MÜSAHİBƏ
Belə hadisələrin mətbuatda “Qatar maşını vurdu”, “Qatar piyadanı vurdu” başlıqlarla təqdim olunmasını düzgün hesab etməyən, “Azərbaycan Dəmir Yolları” QSC dəmiryol xidmətlərindən istifadə edən və dəmir yollarına yaxın ərazilərdə yaşayan sakinlər arasında təhlükəsizliklə bağlı maarifləndirici kampaniyalar həyata keçirir.
FED.az xəbər verir ki, cari ildə dəmir yollarında baş verən qəza, oğurluq və insan itkisi ilə nəticələnən hadisələri və onların qarşısının alınması üçün həyata keçirilən tədbirləri müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin Təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov şərh edib:
- Pənah müəllim, digər sərnişindaşıma növləri ilə müqayisədə dəmir yollarında təhlükəsizliyi təmin etmək nə qədər asan və ya çətindir?
- Təhlükəsizlik korporativ mədəniyyətimizin özəyini təşkil edir. Dəmir yolunda qatarların təhlükəsiz hərəkətinin, eləcə də əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud sistemin müasir tələblərə və standartlara uyğunlaşdırılmasını ən prioritet məsələlərdən hesab edirik. Bu sistemin təkmilləşdirilməsi ilə bağlı proseslərə artıq başlanılıb. Korporativ yanaşmamız təhlükəsizlik baxımından ADY-dən asılı olan məqamları diqqətdə saxlamağı və bununla bağlı vaxtaşırı proflaktik tədbirlər görməyi hər zaman ön planda tutur.
Qəzaların qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsizlik idarəetmə sistemini daim gücləndirmək üçün lazımi resursları cəlb edirik. Xəsarət və ölüm, əmlaka ziyan dəyə biləcək hallar, müştərilərimizə və ətraf mühitə mənfi təsir yarada biləcək təhlükələri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməkdəyik.
Eyni zamanda dəmir yolu keçidlərindən istifadə qaydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiririk, dəmir yolu xətlərinə yaxın orta məktəblərdə məlumat sessiyaları təşkil edirik.
Bununla yanaşı, rəsmi sosial media səhifələrimiz üzərindən təhlükəsizliklə bağlı daha geniş auditoriyaya xitab edən paylaşımlar edirik.
Lakin təəssüf ki, bizdən asılı olmayan səbəblər üzündən təhlükəsizliyə təhdid yaradan amilləri tamamilə aradan qaldırmaq mümkün olmur. Bu səbəblərin ən başlıcası insanların, o cümlədən nəqliyyat vasitələri sürücülərinin dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına riayət etməmələri, kənar müdaxilələr və vandalizm aktları nəticəsində dəmir yolu infrastrukturuna vurulan ciddi zərərdir.
Bəzi insanlar məhz qanunla tənzimlənən xüsusi keçidlərdən istifadə etmirlər, əksinə müəyyən olunmamış yerlərdən keçərək həyatlarını böyük təhlükə altına atırlar. Bu yaxınlarda sosial mediada "Yolunu uzatmaqla ömrünü uzat!’’ şüarı ilə insanlara çağırış etdik. Yolu qısaltmaq xatirinə keçidlərdən istifadə etməyib əksinə təhlükəli yerlərdən, məsələn, dayanmış qatarın altından keçməklə, dəmiryolu xəttini təyin olunmamış yerlərdən adlamaqla həmin şəxslər tələskənliyin qurbanına çevrilirlər.
- Sizdən asılı olmayan səbəblərə qəzalar da aiddir deyə düşünürəm. Cari ildə dəmir yollarında nə qədər qəza qeydə alınıb?
- Sürücülərin "Yol hərəkəti haqqında’’ Qanunun 44-cü maddəsini kobud şəkildə pozmaları nəticəsində qəzalar və onun ağır fəsadları təəssüf ki, qaçılmaz olub. Belə ki, cari il ərzində avtonəqliyyat vasitələrinin qatarların yoluna çıxması ilə bağlı 18 toqquşma hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər xəsarət alıb, 3 nəfər isə aldığı xəsarətdən dünyasını dəyişib.
Eyni zamanda avtomobil sürücülərinin səhlənkarlığı nəticəsində qəzaya səbəb ola biləcək 14 hadisəyə yol verilib. Məsələn, Binə-Qala mənzilində qorunan keçiddə minik avtomobilinin sürücüsü bağlı şlaqbauma və keçid növbətçisinin işarəsinə məhəl qoymadan hərəkətdə olan qatarın qarşısından keçib. Yaxud da Bakıxanov-Əmircan mənzilində minik avtomobili qatarın qorunan dəmiryol keçidindən keçməsindən dərhal sonra şlaqbaumun qalxmasını gözləmədən şlaqbaumu sındıraraq yolu keçib və sair.
Məlumdur ki, qatarın maşinisti təyin olunmuş cədvəl üzrə müvafiq sürət həddində sərnişin və ya yükü mənzil başına vaxtında və təhlükəsiz çatdırmalıdır. Keçidə yaxınlaşan bəzi avtomobil sürücüləri düşünürlər ki, qatarın maşinisti onları vaxtında görüb tormozlama aparmaqla baş verə biləcək qəzanın qarşısını almaq imkanına malikdir. Amma belə deyil. Yolun profilindən, qatarın sürətindən və çəkisindən asılı olaraq qatarın tormoz yolu bəzən 1 000 metrdən də çox ola bilər. Əksər hallarda yol boyunca qatara hər hansı maneə yaranarsa, təcili tormozlama aparılsa belə toqquşma qaçılmaz olur.
Sürücülər bilməlidirlər ki, Qaydalara əsasən dəmiryol keçidlərində hərəkət üstünlüyü ilk növbədə qatarındır və avtomobillərin dəmiryol keçidlərindən təhlükəsiz hərəkət etməsində məsuliyyət sürücülərin üzərinə düşür.
Başqa bir statistikanı da açıqlayım - 2023-cü ildə yola kənar şəxslərin çıxdığına görə hərəkətdə olan qatarın maşinistləri 10 dəfə təcili tormozlama etməli olublar. Xüsusi ilə qeyd etməliyəm ki, maşinistlərimizin yüksək peşəkarlığı və ayıq-sayıqlığı sayəsində bu kimi onlarla təhlükəli hadisənin qarşısı alınıb.
Eyni zamanda, cari il ərzində heyvanların nəzarətsiz buraxılması nəticəsində qatarların 16 dəfə mal-qaranı vurma hadisəsi qeydə alınıb.
- Ümumiyyətlə, ADY-nin nə qədər qorunan və qorunmayan keçidləri var?
- QSC-nin xidmət sahəsində ümumilikdə 515 dəmiryolu keçidi fəaliyyət göstərir, onlardan 454-ü baş yollardadır. Baş yollarda olan keçidlərdən 119-u qorunandır.
- Bəs qorunmayan keçidlərdə baş verən bədbəxt hadisələrə kim cavabdehdir? Bu hallarda məsuliyyət kimin üzərinə düşür?
- Qorunmayan keçidlərə yaxınlaşma ilə bağlı avtomobil yolu üzərində xüsusi xəbərdarlıq nişanları quraşdırılır. Bu nişanlar sürücülərə "keçidə yaxınlaşırsan, qarşıda qatar var’" mesajını verir.
"Yol hərəkəti haqqında" Qanunun tələblərinə əsasən avtomobil sürücüsü qorunmayan keçidə yaxınlaşdıqda sürət həddini aşağı salmalı və yalnız keçidin qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməlidir. Bu qaydalara riayət etməyən, yüksək sürətlə hərəkət edən, bəzən isə hətta yuxulu və ya sərxoş halda sükan arxasına keçən sürücülərin səhlənkarlığı ucbatından, təəssüf ki, qəza xəbərləri eşidirik. Bu kimi hallarda bütün məsuliyyəti avtomobil sürücüləri daşıyır.
- İnfrastruktura vurulan ziyan dedikdə, tam olaraq nəyi nəzərdə tutursunuz?
- Bəzən elə hallarla rastlaşırıq ki, insanlar dəmir yolu infrastrukturuna şüurlu şəkildə, bilərəkdən ziyan vururlar. Hərəkətdə olan qatarlara daş, içki şüşələri, müxtəlif bərk tullantılar atılır. Bu il ərzində hərəkətdə olan “Stadler” elektrik qatarı yeniyetmələr tərəfindən 11 dəfə daşa tutulub. Hadisələr baş verərkən əsasən qatarın ön və yan şüşələrinə ciddi ziyan dəyib. Eyni zamanda sərnişinlərin həyatına da təhlükələr yaranıb. Bu, həm də infrastruktura vurulan maddi zərərdir. Bunun sadəcə bir adı var - vandalizm. Gözoxşayan, müasir və sürətlə hərəkət edərək sərnişinləri və ölkəmiz adına beynəlxalq yükləri müxtəlif ünvanlara çatdıran qatarlara qarşı edilən bu kimi hərəkətləri ancaq bu cür adlandırmaq olar. Sosial dəyərə hörmət, dövlət əmlakını qorumaq ailədən qaynaqlanan bir məsələdir. Valideynlər övladlarına "hamımızın əmlakı’", "ölkəmizin resursları" kimi ifadələri lap erkən yaşlardan aşılamalıdırlar. Təbii ki, bu vandalizm aktlarını törədənlər məsuliyyətdən kənarda qalmır. ADY və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin birgə səyləri nəticəsində həmin şəxslər məsuliyyətə cəlb olunurlar.
Eyni zamanda qatar yollarının üzərində kənar əşyaların, daşların qoyulmasına görə də problemlər yaşanır. Qatarlara və relslərə ziyan vurmaqla yanaşı, bu kimi hallar həm də dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühütin çirklənməsinə səbəb olur və sərnişinlərin həyatına ciddi təhlükə yaradır.
Bundan başqa, xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementləri, rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı elektrik naqilləri, drossel transformatorları, işarəvermə qurğuları və s. kənar şəxslər tərəfindən oğurlanır.
Bəzi jurnalistlərin “Qatar niyə gecikir?” sualına cavabını məhz infrastruktura vurulan ziyanda axtarmaq lazımdır. Sadaladığım bu kimi hallar elektrik cərəyanının kəsilməsinə, işıqforun normal fəaliyyət göstərməməsinə, yolun bütövlüyünün pozulmasına və s. gətirib çıxarır. Təbii ki, nəticələr aradan qaldırılana qədər qatar yolda qalmalı olur – sizin təbirinizcə desək, “qatar gecikir”.
- Bəs oğurluq halları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilirmi? Həmin şəxslər barəsində hüquqi müstəvidə ölçü götürülürmü?
- Əlbəttə. Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilir. Bu məsələlərin hər biri araşdırılır və həmin şəxs və ya şəxslər müəyyən olunaraq qanun çərçivəsində məsuliyyətə cəlb edilirlər. Qeyd edim ki, görülən ciddi tədbirlərin nəticəsidir ki, 2022-ci ilin 7 ayında dəmir yollarında 83 belə oğurluq hadisəsi baş verdiyi halda, cari ilin müvafiq dövründə artıq həmin oğurluq faktlarının sayı 47-ə enib. Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsi ilə yaxından əməkdaşlıq çərçivəsində bu kimi halların qarşısı alınır, oğurluq faktlarının üstü açılır və cinayət işi başladılır.
Bir az əvvəl vurğuladığım kimi qurğu və avadanlıqların talan edilməsi infrastrukturun normal fəaliyyət göstərməsinə mane olur və qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır. Yaranan neqativ nəticələrin aradan qaldırılması təbii ki, vaxt aparır və nəticədə qatarların hərəkət qrafikində məcburi gecikmələr yaranır.
- Gecikmələr demişkən, sərnişinlərin tez-tez şikayətləndiyi məqam da elə məhz qatarların gecikməsi ilə bağlıdır. Bu tək bizdə belədir, yoxsa digər ölkələrdə də bu kimi hallar qeydə alınır?
- Təbii ki, bu kimi hallar yalnız Azərbaycana xas deyil. İnkişaf etmiş əksər ölkələrdə də dəmir yolu şirkətləri tez-tez bu cür hallarla üzləşirlər. Hətta sizə deyim ki, Avropada dəmir yollarının bir çox hissəsində daimi nəzarət kameraları quraşdırılması da bəzən oğurluq, infrastruktura vurulan ziyan və s. neqativ halların qarşısını ala bilmir.
Gəlin faktlara müraciət edək. Deyəcəyim rəqəmlər Avropa Birliyinin Statistika ofisinin ( Eurostat) hesabatından götürülüb. 2021-ci ildə Avropa Birliyi ölkələrində ümumilikdə 1 389 dəmiryol qəzası baş verib, 689 nəfər dünyasını dəyişib. Təhlükəsizlik qaydalarının pozulması burada da öz sözünü deyib. Bu qəzalar infrastruktura 3,2 milyard avro dəyərində ziyan vurub. Neqativ hallarla mübarizə məqsədilə Avropa ölkələrində də dəmir yol şirkətləri tərəfindən müxtəlif maarifləndirici kampaniyalar keçirilir, sərt cərimələr tətbiq edilir.
- Bizdə bəs bu kimi qanun pozuntusuna yol verən, dəmir yolu infrastrukturuna şüurlu şəkildə zərər vuran şəxslər barəsində qanunla nə qədər cərimə nəzərdə tutulub?
- Bu yaxınlarda İnzibаti Хətаlаr Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.
Gəlin maraqlı bir müqayisə aparaq. Məsələn: Böyük Britaniyada dəmir yolu ərazisinə qanunsuz müdaxilənin cəriməsi 1 000 funt sterlinqdir. Cərimə məbləğləri Avropa ölkələrində qat-qat yüksək və sərtdir. ADY təhlükəsizliklə bağlı mütəmadi maarifləndirici kampaniyalar aparır, təhlükəsizlik tədbirlərini gücləndirir, kənar müdaxilələrin azalması üçün ciddi addımlar atır və bu istiqamətdə sosial medianın gücündən istifadə edir.
Səylərimiz boşa getməyib. Əvvəlki illərlə müqayisədə bir neçə kateqoriyada neqativ halların sayınıın azalmasına nail olmuşuq. Lakin bunlarla kifayətlənəsi deyilik, aidiyyatı üzrə tədbirlərimiz davam edəcək.
ADY və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin birgə həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində bir çox neqativ hadisənin qarşısı alınır. Eyni zamanda, fürsətdən istifadə edib, bu müsahibə vasitəsilə hər kəsi - dəmir yollarından istifadə edən və etməyən bütün vətəndaşları dəmir yolları infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vuranları qınamağa çağırırıq. Xüsusilə də oğurluğa cəhd halları ilə rastlaşdıqda yaxınlıqda yerləşən dəmir yolu stansiyası və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinə dərhal məlumat verməyə çağırırıq. Gəlin ictimai qınağı birgə formalaşdıraq; rahatlığımız, təhlükəsizliyimiz, gələcəyimiz üçün qaydalara riayət edək, hamımıza məxsus olan dəmir yollarımızı qoruyaq. (Report)