Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
FED.az xəbər verir ki, aparıcının suallarından biri aşağıdakı şəkildə olub:
Aparıcı: Xatırlayıram ki, bir neçə il bundan əvvəl, elə Dünya İqtisadi Forumunda mən, Cənab Prezident, Sizin Orta Dəhlizin potensialı barədə ətraflı şəkildə danışdığınız panel sessiyaya moderatorluq etmək şərəfinə nail olmuşdum. Həmin ili xatırlayırsınız, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, əlbəttə.
Aparıcı: Siz region və region hüdudlarından kənar siyasi və biznes liderləri ilə birlikdə idiniz.
Prezident İlham Əliyev: Bəli.
Aparıcı: İllər keçdi və bu, baxışdan reallığa çevrilir.
Prezident İlham Əliyev: Doğrudur.
Aparıcı: Sizinlə yanaşı, bir çox tərəfdaşlarınız, o cümlədən Çin bu yolun əhəmiyyətini daha da artırdı. Orta Dəhlizin əhəmiyyəti Sizcə nədədir? Çin və sözsüz ki, digər tərəfdaşların da iştirakı ilə bu, bir növ regionu canlandırıb. Bu, parçalanmadan narahat olan dünyaya necə alternativ təklif edir?
Prezident İlham Əliyev: Bəli, bu, sözsüz ki, alternativ təklif edir. Bu, biznes imkanlar təmin edir. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək.
Aparıcı: Bəli, mən görürəm, Sizin həmişə yeni məqsədləriniz var.
Prezident İlham Əliyev: Bəli, elədir ki, var. Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.
Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir.