Məlum olduğu kimi, bazar ertəsindən başlayaraq dünya birjalarında neftin qiyməti kəskin şəkildə ucuzlaşır. Mütəxəssislər hazırkı ucuzlaşmanı 2016-cı ildən bu tərəfə ən aşağı səviyyə kimi qiymətləndirirlər. Neftin ucuzlaşması ilə əlaqədar olaraq bazar təzahürlərinin analizi göstərir ki, qiymətin kəskin enişi dollardan da yan keçməyəcək. Bəzi ekspertlər hesab edirlər ki, dollar bahalaşacaq.
Eləcə də bax: Samir Şərifov: «Büdcə neftə görə cəmi 270-340 milyon itirə bilər, bu da 1,1-1,4%-dir»
Maraqlıdır, bu proqnoz özünü doğrultsa, idxalçı ölkə olan Azərbaycanda avtomobillərin və texnoloji avadanlıqların qiyməti arta bilərmi?
FED.az məlumat verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov TED.az-a bildirib ki, hazırda Azərbaycanda dolların manata nisbətən yüksəlməsi müşahidə olunmur və yaxın aylarda da bu nəzərdə tutulmur: “Yəni Azərbaycanda devalvasiya olmayacaq. Devalvasiya da olmayacağına görə, maşınların qiyməti yüksəlməyəcək. Amma qeyd edim ki, avtomobil bazarında mövsümü xarakter daşıyan artım mümkündür. Bu artıq mart ayından başlayaraq 2-ci əl avtomobil bazarında müşahidə olunur. İkinci əl avtomobil bazarında maşınların qiyməti 5% artıb. Bu artımın neft qiymətlərinə heç bir aidiyyəti yoxdur”.
E.Cəfərov qeyd edib ki, yeni avtomobil bazarında da qiymətlər 5% civarında arta bilər: “Bu artım xüsusilə də Yaponiya istehsalı olan avtomobillər olacaq. Çünki Yaponiya həssas seysmik zonada yerləşir və mövsümlə bağlı bu ölkədə bir neçə avtomobil zavodu başqa ərazilərə köçürülüb. Bununla əlaqədar maşın istehsalında azalma olacaq. Eyni zamanda, Avropa ölkələrində avtomobillərə qoyulan yeni təhlükəsizlik tələbləri də qiymətləri artıracaq. Təhlükəsizliklə əlaqədar avtomobillərə yeni sistemlər və texnioloji avadanlıqları quraşdırılacaq. Maşınlara tətbiq olunacaq bu yeniliklər onların qiymətlərinə də təsir göstərəcək. Bu gün Azərbaycanda manat stabil olmasa, gömrük rüsumları, əlavə dəyər vergisi artıqda maşınların qiyməti də arta bilər”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, mövcud proses uzun müddət davam etsə, devalvasiya müşahidə olunacaq: “Devalvasiya zamanı Azərbaycan manatı dəyərsizləşsə, ölkəyə gətirilən bütün məhsullar kimi, texnoloji avadanlıqların da qiyməti artacaq. Bu zaman artım müzakirə olunacaq məsələ deyil, artım mütləqdir. Müzakirə olunacaq predmet isə artımın həcmidir. Ola bilsin ki, alıcılıq gücünün aşağı düşməsi, istehlak qabiliyyətinin zəifləməsi nəticəsində məcburən verginin mənfəət norması azaldılsın. Məsələn, əvvəl bununla bağlı 25%-30% tətbiq olunana vergi indi 15-20%-ə düşəcək. Bu zaman devalvasiya faizi ilə eyni miqdarda olmaya bilər. Böyük ehtimal ondan daha aşağı olacaqdır. Amma istənilən halda devalvasiya olacaqsa, bütün məhsul qiymətləri artacaq. Yəni biz artıq devalvasiya ilə yanaşı, inflasiyanın özünü idxal etməyə başlayacağıq”.