“Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir”.
Gürcüstanla dəmir yolu ilə sərnişindaşımaları bərpa olunacaq? - ADY-DƏN AÇIQLAMA
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə layihə rəhbəri Osman Beserek bildirib.
Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq: “Layihənin icrası beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur”.
O. Beserek vurğulayıb ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək. Onun sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcək: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu: “Əlavə stansiyaların tikintisi ilə bağlı təkliflər hazırlanır. Hazırda əsas işlər İğdır şəhərində aparılır”.
Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometr olacaq: “Tikinti üçün bir neçə baza qurulacaq, onlardan biri artıq İğdır şəhərində inşa edilir. Burada işlər sürətlə davam edir və yekunlaşdıqdan sonra dəmir yolu xəttinin tikintisinə start veriləcək”.
Layihə rəhbəri əlavə edib ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır: “Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmir, eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək”.
Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq Naxçıvan bölgəsində Vəli Dağı və Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti yenidən qurulacaq: “Hazırda təkzolaqlı olan bu xəttin ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə, Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət göstərir, bu isə layihənin Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə birbaşa inteqrasiyasını təmin edəcək”.
Qars-İğdır-Naxçıvan dəmir yolu xətti istifadəyə verildikdən sonra burada saatda 160 km sürətlə hərəkət edən qatarlar işləyəcək: “Beləliklə, bu qatarlar təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq” (Report).