Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan ərazisinə xarici ölkələrdən idxal edilən, istifadədə olmuş, istismar müddəti bitmiş və yaxud bərpa olunmuş təkərlərin gömrük rüsumlarının artırılmasi ilə əlaqədar olaraq, 8-ci km avtomobil bazarında fəaliyyət göstərən fərdi sahibkarların etirazları haqqinda məlumatlar yayılır. Bəzi məqamlara aydınlıq gətirək:
İşlənmiş (İstismar edilmiş) təkərlərlə bağlı iki vacib fakt!
1. “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavənin, nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı:
VI. Təkər və şinlər.
1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən az olduqda.
2) Şinlərdə kordon çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda.
3) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə.
4) Minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geyindirildikdə.
Buna bənzər qanun müddəaları dünyanın, demək olar ki, bütün ölkələrində bu və ya digər şəkildə mövcuddur. Lakin şərtlərindən asılı olmayaraq, bütün təkər istehsalçıları minik avtomobil təkərlərinin aşınma indikatorunu 1,6mm – 3mm arası səviyyədə işarələyirlər.
Bu isə o deməkdir ki, protektorun qalıq dərinliyi təxminən 2 mm-dən az olan təkərlər “təhlükəli” zonaya aid olur və onların istifadəsi qadağan olunur. İstifadəsi qanunla qadağan olunan avtomobil təkərləri “sənaye tullantıları” hesab edilir.
2. Azərbaycan Respublikasında qeydiyyatda olan və ölkə ərazisində hərəkət edən nəqliyyat vasitələri hər il bir milyondan artıq avtomobil şini istifadə edərək tullantıya çevirir. Nəzərə alsaq ki, ölkəmizdə avtomobil şinlərinin təkrar emalı ilə məşğul olan sənaye müəsissələri mövcud deyil, bu sayda təkər ölkə ərazisində tullantı halında toplanır. Təsəvvür edin! Hər il bir milyon ədəd zərərli kimyəvi tullantı - təkər! Bu qədər tullantının əhatə etdiyi torpaq sahəsini təsəvvür belə etmək qorxuncdur.
Azərbaycanlı sahibkarların narazılıqlarının və narahatlıqlarının səbəblərini araşdırmaq qərarına gəldik:
Beləliklə, müqayisə obyektivində, işlənmiş təkərləri Azərbaycana ixrac edən hər hansı bir xarici dövlət (məsələn, Almaniya) bu təkərlərin idxalı və satışı ilə məşğul olan azərbaycanlı sahibkar, Azərbaycan Respublikasının dövlət maraqları və bu təkərləri alan avtomobil sahibi (Son istehlakçı) perspektivindən təhlil belə görünür:
İşlənmiş təkərlərin ixrac ölkəsi (məsələn, Almaniya).
Avropa ölkələri arasında öz işlənmiş tullantı təkər problemini çətin də olsa, həll etməyi bacaran Almaniya bu problemin həllində dövlət səviyyəsində maraqlıdır. Belə ki, istismarda olmuş təkərlərin ölkədən xaric edilməsi ilə məşğul olan müəssisələr dövlətdən xüsusi imtiyazlar alır və ölkəni tullantı ərazisi olmaqdan azad etmək rolunu oynayır. Baxmayaraq ki, bu ölkədə işlənmiş tullantı təkərlərin utilizasiyası və təkrar emalı ilə məşğul olan onlarla sənaye müəssisəsi mövcuddur, Almaniya öz ərazisinə işlənmiş, tullantı təkərlərin idxal edilməsində deyil, əksinə, ölkəsindən digər ölkələrə ixrac edilməsində maraqlıdır.
İşlənmiş təkərlərin idxalı və satışı ilə məşğul olan azərbaycanlı sahibkar
Öncə baxaq ki, sahibkar niyə yeni təkər satmaq əvəzinə, işlənmiş təkər satmağı daha üstün tutur? Hesab edək ki, səbəb məhsulun yekun satış qiymətinin yeni təkərə nisbətən daha ucuz olmasına görə alıcı auditoriyasının daha geniş olmasıdır. Bir halda ki, onların idxal etdikləri və satdıqları təkərlərin quraşdırıldığı nəqliyyat vasitələri bizim qanunlarla hərəkətdən uzaqlaşdırılmalıdır, deməli, onların bu təkərləri məlumatsız və ya təcrübəsiz istehlakçılara satmaq cəhdləri də dolayısı ilə qanunaziddir.
Niyə yeni təkərlər satmaq və almaq imkanı ola-ola sahibkarlar işlənmiş təkərlər satmalı, istehlakçılar isə onları alıb istifadə etməlidirlər?
Azərbaycan Respublikasının dövlət maraqları
Azərbaycan bu gün həm iqtisadi qüdrətinə və inkişaf tempinə görə, həm demokratik və liberal qanunlarına görə, həm də dövlət başçımızın siyasi kursuna görə özünü dünyanın aparıcı ölkələri ilə müqayisə edə bilir.
Gəlin, baxaq ki, hansı ölkələr öz ərazilərinə işlənmiş təkərlərin idxalına icazə verir. Heç biri! Səbəb?
Ən sadə cavab odur ki, “işlənmiş təkər” anlayışının əmtəə məhsuluna şamil edilməsi özlüyündə köhnəlmiş anlayışdır. Avtomobil təkəri, istehsalçısı tərəfindən müəyyən edilmiş resursa malikdir. Bu resurs bitdikdən sonra avtomobildən sökülür və yenisi ilə əvəz edilir. Onun avtomobildən sökülərək yenisi ilə əvəz olunmasının əsas səbəbi istismar müddətinin başa çatmasıdır ki, bu mərhələdən sonra o, sadəcə, tullantıya çevrilir. O, öz xarici görünüşünə görə yararlı görünə bilər, lakin o, tullantıdır. Deməli, “işlənmiş təkər” dedikdə, “tullantı təkər” nəzərdə tutmaq lazımdır.
Belə ölkələrdən heç birinin öz ərazisinə xarakterindən və növündən asılı olmayaraq, tullantıların idxalına icazə verməsi inandırıcı görünmür.
Nəzərə alsaq ki, avtomobil təkərləri özlüyündə tamamilə heç bir xüsusi qablaşdırmaya, taraya və ya bağlamaya malik deyil, onun yeni olub-olmamasını təyin edə bilən yeganə metod vizual baxış nəticəsində gəlinən qərardır. İndiyə qədər işlənmiş təkərlərin idxalına tətbiq edilən gömrük rüsumlarının yeni təkərlərlə müqayisədə kəskin dərəcədə aşağı olması, gömrük rəsmiləşdirilmələrində korrupsiyaya cəhd ehtimalını artıran faktor olaraq qalır.
Bundan əlavə, təkər öz quruluşuna görə, yağıntılar zamanı içərisinə dolmuş suyu, demək olar ki, heç vaxt xaric edə bilmir. Bu isə o deməkdir ki, bir tərəfdən çoxlu sayda tullantı təkərlərin toplandığı sahələr, gəmiricilərin və həşəratların sevimli məkanına çevrilərək yoluxucu xəstəliklərin mənbəyi və onların yayılması üçün münbit şərait rolunu oynayır, digər tərəfdən, təkər neft-kimya qarışığı olduğundan tezalışan və yanıcı maddə olaraq yanğın təhlükəsi daşıyır.
Avtomobil şinlərinin açıq hava şəraitində bioloji olaraq torpağa qarışması üçün təxminən 120 il vaxt lazımdır. Müstəqillik dövrü ərzində Azərbaycan ekologiyasına dəyən zərərin miqyasını düşünək. Öz tullantılarımız azmış kimi, ölkəmizin ərazisi, digər ölkələrin də zərərli kimyəvi tullantılarının meydançasına çevrilir!
İşlənmiş təkərləri alan avtomobil sahibi (Son istehlakçı)
Azərbaycanda istismar edilən minik avtomobillərinin təkər dəyişmə intervalı (dövrü) maksimum dörd ildir. Nəzərə alsaq ki, yeni təkərin protektorunun qalıq dərinliyi 8 mm-dir və qanunumuzla 1,6 mm olduqda o, yenisi ilə əvəz edilməlidir, belə nəticəyə gəlmək olar ki, təkərlər orta hesabla hər il təqribən 1,6 mm aşınır və dörd ildən sonra 1,6 mm qalıqla tullantıya çevrilir. İstehlakçı sıradan çıxmış təkərlərin yenisi ilə əvəz edilməsini düşünərkən, işlənmiş təkər qiymətinə görə ona daha cazibədar göründüyündən onu alır. Lakin düşünməlidir ki, bir dəst yeni və təhlükəsiz təkər əvəzinə dörd dəst təhlükəli təkər istifadə etmiş olur. Bir tərəfdən, daima təhlükəli şinlərdən istifadə edir, digər tərəfdən, dörd il ərzində dörd dəst təkərə pul xərcləyir, dörd dəfə vaxt itirir və dörd dəfə xidmət haqqı ödəyir. Hesab etsək ki, istehlakçı “işlənmiş təkər”i dörd il deyil, üç il deyil, heç iki il də istifadə edə bilməyəcək, bu dörd il ərzində o bir neçə dəst “işlənmiş təkər” alaraq nəticədə daha çox vəsait xərcləməli olacaq. Azərbaycan isə qat-qat daha çox tullantı sayına malik olacaq və bu problemi həll etməli olacaq. Bu gün həll edə bilməzsə, gələcək nəsillərə həll olunması müşkül olan dəhşətli bir problem miras qoyacaq. Beləliklə bu işin sonunda qazanan tərəf “işlənmiş, tullantı təkərləri” öz ölkəsindən ixrac edən ölkə, itirən tərəf isə həm ölkəmiz və gələcək nəsillər, həm də sahibkar və istehlakçılarımızdır.