Xəbər verildiyi kimi ölkədə tətbiq edilən karantin rejimi dövründə Bakı Nəqliyyat Agentliyi (BNA) fiziki şəxslərin taksi fəaliyyəti ilə məşğul olması üçün fərqlənmə nişanı verilməsini dayandırıb.
Eləcə də bax: Azərbaycanda taksi xidmətləri ucuzlaşa bilər - İZAHAT - STATUS
FED.az-ın məlumatına görə, BNA bunu bir neçə səbəblə izah edib. Agentlikdə bildirirlər ki, əvvəla, bəzi şəxslər taksi fəaliyyəti üçün icazəni ona görə almaq istəyirlər ki, sadəcə karantin rejimində hərəkət edə bilsinlər: « Bu addım həm də taksi adı altında sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə atılıb. Fərqlənmə nişanı almaq üçün elə şəxslər müraciət etmişdi ki, sahibkar olmasına və VÖEN-ə malik olmasına baxmayaraq heç bir zaman taksi xidməti ilə məşğul olmayıb. Düşünüb ki, taksi fəaliyyəti ilə məşğul olsa, karantin müddətində hərəkət sərbəstliyi əldə edəcək. Amma bilmirlər ki, fərqlənmə nişanı almaq hələ icazə almaq demək deyil. Fərqlənmə sadəcə sadələşmiş vergi növüdür. Həmin şəxsin karantin dövründə taksi xidməti kimi fəaliyyət göstərməsi üçün elektron icazə portalından qeydiyyatdan keçməsi lazım idi».
BNA-nın qadağasının ikinci səbəbi, bir qədər qəribədir - sadəcə insanların bir yerə toplaşmasının qarşısını almaq. Agentlikdən bildirilib ki, aprelin 5-də hərəkətə qoyulan məhdudiyyətdən sonra fərqlənmə nişanı almaq istəyənlərin sayı artıb: «Birdən-birə fərqləndirmə nişanlarının rəsmiləşdirmə idarəsinin qarşısında xeyli sayda insan toplaşmağa başladı». Halbüki karantin qaydalarına görə, belə hallara yol vermək olmaz.
Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslər isə BNA-nın gətirdiyi dəlillərə inanmır və Agentliyi ayrı-seçkilikdə ittiham edirlər. Məsələ bundadır ki, fiziki şəxslərlə bağlı yuxarıda göstərilən qadağalar tətbiq edilsə də, bu qadağalar şirkət takstlərinə aid deyil.
FED.az-a müraciət edən fiziki şəxslər bildirir ki, BNA hüquqi şəxslərə fərqlənmə nişanı verdiyi halda, fiziki şəxslərin bu müraciətinə imtina cavabı verilir. Belə şəxslərdən biri, Natiq Məmmədov adlı sahibkara BNA-dan gələn cavab: «Məlumat üçün bildirək ki, xüsusi karantin rejimi dövründə fərqlənmə nişanlarının verilməsi yalnız taksi şirkətlərinin BNA-ya müaciətləri əsasında bu məsələyə baxılır. Burada da sürücülərin son 1 il ərzində fərqlənmə nişanı alıb-almaması yoxlanılır və müvafiq qərar qəbul edilir. Qeyd edək ki, fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülərə karantin rejimi dövründə müvəqqəti olaraq fərqlənmə nişanları verilmir. Karantin rejimi bitdikdən sonra isə bu barədə hər hansı dəyişiklik və ya yenilik edilərsə ictimaiyyətə öncədən bu barədə əlavə məlumatlar veriləcək».
Göründüyü kimi, BNA-nın cavabında icazənin yalnız hüquqi şəxslərə verildiyi, fiziki şəxslər üçün isə dayandırıldığı bildirilir. İstifadəçinin sözlərinə görə, bu qanunsuz, həm də məntiqsiz qərardır: «Çünki virus təkcə fiziki şəxslərdə deyil, hüquqi şəxslərə işləyən taksilərdə də yayıla bilər».
BNA-nın mətbuat katibi Mayis Ağayevin FED.az-a açıqlamasından məlum olur ki, Agentlik bu addımı 20-30 mindən artıq taksinin olduğu Bakı şəhərində qayda-qanun yaratmaq üçün atıb: «Onların böyük əksəriyyəti Nazirlər Kabinetinin norma və tələblərinə cavab vermir, qeyri-qanuni fəaliyyət göstərir. Taksi həm də sosial məsələ olduğu üçün bu məsələdə taksi sürücülərinə müəyyən güzəştlər edilir, yəni bir qədər liberal yanaşılır. Amma ümumilikdə taksi fəaliyyəti ilə bağlı konsepsiya işlənilir. Gələcəkdə Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə keyfiyyətin artırılması məsələləri nəzərdə tutulub. Eyni zamanda bu sahədə fəaliyyət göstərən şəxslər üçün normal bir iş mühiti yaratmaq planlaşdırılır».
M.Ağayev bildirib ki, hazırda xüsusi karantin rejimi olduğu üçün, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs birinci fərqlənmə nişanı almalıdır. Bu nişan veriləndə sürücülərin son 1 il ərzində fərqlənmə nişanı alıb-almaması da yoxlanılır. Amma fərqlənmə nişanının alınması da karantin rejimində taksi fəaliyyəti üçün yetərli deyil: «Bunun üçün onlar elektron qaydada müvafiq portaldan qeydiyyatdan keçməli, eləcə də ASAN imza və ya elektron imzaya malik olmalıdırlar, hansı ki, bu gün əksər taksi sürücülərində bu yoxdur. Əgər taksi sürücüsünün ASAN və ya elektron imzası varsa, ən əsası avtomobili normalara uyğundursa və davamlı olaraq fərqlənmə nişanı alıbsa, vergisini ödəyibsə, Agentliyin müvafiq idarəsinə müraciət etsin biz ona fərqlənmə nişanı veririk ki, qeydiyyatdan keçsin».
Bununla yanaşı, BNA rəsmisi bildirir ki, hazırda vergisini, DSMF-ni uzun müddətdir ödəyən şəxslərə fərqlənmə nişanı verilir. Başqa sözlə, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxsə fərqlənmə nişanı o zaman verilir ki, həmin şəxs buna qədər də rəsmi taksi fəaliyyəti ilə məşğul olsun. Amma şirkətlərdə işləyən sürücülər üçün belə məhdudiyyət qoyulmayıb. «Avtomobili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan normalara uyğun olan, davamlı olaraq fərqlənmə nişanı alan vətəndaşlarımız hər hansı bir şirkət vasitəsi ilə müraciət edərsə, ona köməklik göstəriləcək».
Bu yanaşma – taksi fəaliyyətii sahəsində ayrı-seçkilik və bazarın bir neçə şirkətin inhisarçılığına veilməsi görüntüsü yaradır. Amma BNA nümayəndəsi bununla razı deyil: «Heç bir monopoliya və ya haqsızlıqdan söhbət gedə bilməz. Reallıq ondan ibarətdir ki, bu gün fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız icazə üçün qeydiyyatdan keçə bilmirlər. Onların bunu üçün zəruri olan ASAN və ya elektron imzaları yoxdur. Həmin şəxslər karantin rejimində işsiz qalmasın deyə taksi şirkətlərinə də göstəriş verilib ki, müraciətlər onların vasitəsi ilə edilsin. Bu həm də ona görə idi ki, bir idarənin qarşısına çox insan yığılmasın».
Hüquqşünaslar isə BNA-nın bu yanaşmasını ayrı-seçkilik v qanun pozuntusu kimi qiymətləndirirlər. Hüquqşünas Sirac Piriyev FED.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 709 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Departamenti haqqında Əsasnamənin 3.0.11-ci bəndinə görə, müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» vermək Agentliyin vəzifələrindən biri kimi müəyyən olunub: «Göründüyü kimi, göstərilən Əsasnamədə fiziki və hüquqi şəxslər üçün hər hansı fərqli qayda müəyyən edilməyib. Son zamanlarda isə BNA tərəfindən göstərilən fərqlənmə nişanının bəzi fiziki şəxslərə verilməməsi heç də qanunauyğun deyildir. Belə ki, xüsusi karantin rejimində ayrı-ayrı fiziki şəxslərin vəziyyətdən sui-istifadə edəcəyini ehtimal edərək vətəndaşlara fərqlənmə nişanlarının verilməməsi, yalnız taksi şirkətlərinə və ya əvvəllər fərqlənmə nişanı almış fiziki şəxslərə verilməsi tamamilə qanunsuzdur».