Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Əhmədli qəsəbəsində, Neapol küçəsində inşa edilən piyada keçidinin büdcəyə neçəyə başa gəldiyini açıqlaya bilməyib.
FED.az xəbər verir ki, bu barədə Agentliyə ünvanlanmış sorğunun cavabında məlumat verilir.
Eləcə də bax: Bakıda yeni nəqliyyat növləri - TƏTBİQ OLUNA BİLƏR
Qeyd edək ki, Agentliyə belə sorğunu «Transport for Baku» səhifəsi ünvanlayıb. Müraciətdə Bakı şəhərində tikilən piyada keçidinin nə tikintisi davam edən körpünün smeta dəyərinin təqdim edilməsi xahiş edilib. Agentliyin 1 saylı Layihə idarəetmə qrupunun direktoru Valeh İbrahimovun imzası ilə verilən cavabdan məlum olur ki, piyada keçidinin layihələndirmə və tikinti işləri eyni vaxtda aparıldığına görə, hələlik smeta dəqiq məlum deyil.
«Layihənin son dəyəri layihə smeta sənədləri tam hazır olduqdan sonra FHN-in «Tikintidə Qiymətqoyma Mərkəzi» tərəfindən müəyyən ediləcək»-deyə cavabda bildirilir.
Satınalma üzrə ekspert Elşən Həsənov bildirib ki, dövlət işlərində yayğın və yanlış praktikalardan biri layihələndirmə ilə tikinti işlərinin paralel aparılmasıdır bu da satınalma perspektivindən baxdıqda qətiyyən sərfəli/səmərəli (cost effective) olmur: «Çünki işin icrası əvvəlcədən planlanmadığı üçün tez-tez icrası tamamlanmış işlərin sonradan dəyişdirilməsi zərurəti yaranır, bu da ilkin razılaşdırılmış büdcə çərçivəsində işlərin icrasını mümkünsüz edir və nəticədə ya iş yarımçıq qalır ya büdcədən əlavə vəsait istənilməli olur. Xüsusilə FHN təsdiqi tələb edildiyi zaman icrası tamamlanmış işlər standartlarla üstüstə düşmədiyi zaman söküntü aparmaq yerinə bir yolla "razılaşmaq" variantına üstünlük verilir bu da gələcəkdə standartın pozulmasına görə təhlükəyə səbəb ola bilir. Digər tərəfdən dövlət büdcəsindən ayrılmış vəsaitin heç bir satınalma proseduru aparılmadan birbaşa icraçı təşkilatın öz bildiyi yolla bu vəsaiti xərcləməsi də dövlət vəsaitinin səmərəli xərclənməməsi ilə nəticələnə bilər. Belə bir halın olması üçün agentlik gərək hər ilin əvvəli ayrılmış vəsaitin hamısı üçün "satınalma agentliyinə" bir mənbədən satınalma üçün müraciət ünvanlasın. Lakin belə müraciətlərə müsbət cavab verilməsi üçün mütləq görüləcək işlərin layihələndirilib smeta dəyərinin çıxarılması və bu məbləğə icazə alınmasına ehtiyac var, əks tədbirdə "satınalma agentliyinin" də bu müraciətə korkoranə cavab verməsi qanun pozuntusu hesab edilir».