“China Eastern Airlines” aviaşirkəti Şanxay ilə Buenos-Ayres arasında əlaqə yaradan reysə biletlərin satışına başlayıb və onu “dünyanın ən uzun birbaşa reysi” kimi təqdim edir.
FED.az xəbər verir ki, “Business Insider”in məlumatına görə, 20 min kilometr məsafəni əhatə edən Şanxay–Buenos-Ayres səfəri təxminən 25 saat yarım çəkir, əks istiqamətə uçuş isə təqribən 29 saat davam edir.
Avropa və ya Şimali Amerikada eniş və bir neçə dəfə təyyarə dəyişməsini tələb edən ənənəvi 30 saatlıq şimal marşrutundan fərqli olaraq, bu yeni cənub marşrutu ümumi səyahət vaxtını azaldır.
Yeni marşruta Yeni Zelandiyanın Oklend şəhərində ikisaatlıq dayanacaq da daxildir. Burada sərnişinlər təyyarədən düşə və dincələ bilərlər.
Dayanacağa baxmayaraq, reys birbaşa hesab olunur, çünki bütün səfər boyu eyni təyyarə və eyni reys nömrəsi istifadə olunur. Lakin o, ən uzun fasiləsiz reys sayılmır.
Beynəlxalq aviasiya standartlarına əsasən, əgər sərnişinlər təyyarəni və reys nömrəsini dəyişmirsə, dayanacaqlar birbaşa aviareys anlayışına daxil edilir. Fasiləsiz reys isə əksinə, heç bir dayanacaq etmir və qalxandan enənə qədər eyni təyyarə uçuşu həyata keçirir.
“China Eastern Airlines” reysi geniş füzelyajı olan “Boeing 777-300ER” təyyarəsi ilə həyata keçiriləcək və dekabrın 4-dən başlayaraq həftədə iki dəfə icra olunacaq. Aviaşirkətin saytında göstərilən məlumata əsasən, dekabr reysləri üçün bir tərəfli ekonom sinif biletlərinin qiyməti 1538–2270 ABŞ dolları arasında dəyişir. Biznes-sinifdə açılıb-bağlanan kreslolu biletlərin qiyməti isə 5000 dollardan başlayır.
Hazırda dünyanın ən uzun fasiləsiz reysi “Singapore Airlines” aviaşirkəti tərəfindən icra olunur. Bu reys Sinqapurda Çangi hava limanı ilə Nyu-Yorkdakı JFK aeroportunu birləşdirir. Uçuş 15 349 kilometr məsafəni qət edir və 18 saatdan çox çəkir. (Azərtac)