Bak Metropoliteninin perspektiv inkişaf planı ölkə rəhbərliyi tərəfindən təsdiqlənib və stansiyaların sayı çoxdan artmalı idi. Amma daha ciddi səbəblərdən, o cümlədən investisiyaların daha çox azad edilmiş ərazilərimizin bərpası üçün ayrılmasına görə, bu işlər ləngiyir.
FED.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq metropolitenin də tikintisinə vəsait ayrılıb: «Hazırda “B-04” stansiyasında tikinti işləri aparılır. Gələn ildən isə “Həzi Aslanov” stansiyasında tikinti işləri davam etdiriləcək. Artıq dövlət proqramında qeydlər var ki, bu layihəyə vəsait ayrılacaq. Həmçinin "Yaşıl" xəttin “Y-14”, “Y-15” və “Y-16” stansiyalarında tikinti işləri aparılacaq».
Baş mühəndis bildirib ki, hazırda metropolitenin qarşısında həll edilməli məsələlərdən biri metronun 28 May stansiyasının bir qədər genişləndirilməsi və burada xətlərin bir xətdə kəsişməsinin aradan qaldırılmasıdır. Hazırki vəziyyətdə sərnişinlər xətti dəyişmək üçün qatardan düşməli olurlar – bu da narahatlıq yaradır: «İki xəttin “28 May” stansiyasında bir səviyyədə kəsişməsi bizim metropolitenin mənfi cəhətidir. Apardığımız monitorinqlər nəticəsində deyə bilərik ki, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” stansiyalarından metroya minən sərnişinlərin 90 %-i “Elmlər Akademiyası” – “Memar Əcəmi” istiqamətinə gedir.
Buna görə də hazırda Metropoliten rəhbərliyi 28 May stansiyasında xətləri bir-birindən ayırmağı və «Xətai» stansiyasının başqa stansiyalara çıxışını asanlaşdırmağı planlaşdırır:
«Qarşımızda duran ən böyük məsələ “28 May” stansiyasında xətlərin bir-birindən ayrılmasıdır. İlk olaraq xətləri ayıran tunelin kiçik bir hissəsi tikilməlidir ki, “Xətai”dən gələn sərnişin “Cəfər Cabbarlı”dan birbaşa “Nizami”yə və digər stansiyalara getsin. Layihəni tamamlamaq üçün “Xətai”, “Dərnəgül” və “İçərişəhər” stansiyalarının davamı olan dönmə kameralı stansiyalar da inşa edilməlidir».
Baş mühəndis qatarlar arasınd intervalın da stansiyaların yerindən asılı olduğunu bildirib: «Bəzən bizdən sıxlığı azaltmaq üçün intervalın aşağı salınması tələb olunur. Amma intervalı 2 dəqiqədən aşağı salmaq da mümkün deyil. İntervalı aşağı olan şəhərlərdə stansiyalar arasında məsafə azdır. Bu təxminən 500-1000 metrdir. Bizdə isə 2000-1500 metrə bərabərdir».
Baş mühəndis bildirib ki, hazırda qurumun tikniti işləri aparması üçün texniki imkanları kifayət qədərdir: «Sadəcə bizdən asılı olmayan bəzi məsələlərə görə, bu prosesin konkret tarxilərini demək olmur. Planlaşdırılan stansiyaların tikintisi üçün bizə torpaq sahələri ayrılıb və biz hər zaman həmin ərazilərə nəzarət edirik ki, biznesmenlər oraları zəbt edib kafe-restoran tikməsin».