Bakıda taksi xidmətləri ilə bağlı növbəti yenilik elan edilib.
AYNA taksilərin necə seçiləcəyini açıqladı - VACİB MƏLUMAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, gələn ildən qüvvəyə minəcəq limitlə bağlı müraciətlərin son tarixi açıqlanıb.
AYNA elan edib ki, taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır.
Belə ki, Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin - buraxılış kartlarının say həddi 25 000 müəyyən edilib.
Kvota ilə əlaqədar olaraq Bakıda taksi fəaliyyəti üçün müraciətlərin 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Bu tarixdən sonra müraciətlərə baxılmayacaq.
Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.
Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.
Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.










