İqtisadiyyatının inkişafında nəqliyyat sektoru mühüm rol oynayır. Bu sektorda hava nəqliyyatının xüsusi yeri var. Belə ki, tez xarab olan məhsulların və yüksək dəyərli malların hava nəqliyyatı vasitəsilə daşınması mühüm əhəmiyyət kəsb edir.
FED.az məlumat verir ki, hava nəqliyyatı ilə yük daşınması yükdaşımaların ümumi həcminin (dünya üzrə) yalnız 0,5%-i təşkil etsə də, dəyər baxımından hava yükləri ümumi ticarət həcminin 35%-i təşkil edir.
Eləcə də bax: AZAL endirimlərə başladı – ŞƏHƏRLƏR – BİLETLƏRİN QİYMƏTLƏRİ
Turizmin inkişafı da hava nəqliyyatı vasitəsilə əlçatanlığa bağlıdır. Populyar turist yerlərinin yaxınlığında yerləşən bölgə şəhərlərində hava limanı infrastrukturunun kifayət qədər inkişafı yerli iqtisadi inkişafın katalizatoru qismində fundamental rol oynaya bilər. Lakin kifayət qədər inkişaf etmiş infrastruktur özlüyündə turistlər üçün əlçatanlığı təmin etməyə yetərli deyil. Burada digər amillərin, məsələn, xidmət səviyyəsi, təyyarə biletlərinin qiyməti kimi amillərin də rolu böyükdür. Təəssüf ki, Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımada (həmçinin yükdaşımada), hava limanı idarəçiliyində “Azərbaycan Hava Yolları”nın inhisarçı mövqeyi, özəl sektorun bazara təsir imkanlarının məhdudluğu, aşağı büdcəli aviaşirkətlərin yoxluğu kimi faktlar turistlər üçün hava nəqliyyatına əlçatanlığa mənfi təsir göstərir.
AZAL-ın qiymətlərinin baha olması bilavasitə onun xərclərinin yüksək olması ilə izah edilir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, istər hava limanlarının idarəçiliyi, istərsə də sərnişindaşımada əsaslandırılmamış inhisarçı mövqe xərclərin yüksək olmasına gətirib çıxarır. Son illər dünya təcrübəsində hava limanlarının idarəçiliyinin dövlətdən özəl sektora verilməsi halları artıb. Bir qayda olaraq, bu halda aktivlər dövlət mülkiyyətində qalır, lakin gündəlik əməliyyatları konsessionerlər idarə edirlər. Belə razılaşma hava limanlarına imkan verir ki, pərakəndə ticarətdən, parklamadan, ofislərin icarəsindən və sair mənbələrdən daxil olan kommersiya gəlirlərini artırsın.
Hazırda hava hərəkətinin də idarə olunması daha rəqabətqabiliyyətli xidmət tədarükçülərinə keçməkdədir. Aeronaviqasiya xidməti tədarükçüləri hava limanı və ya ölkə adından hava hərəkəti sistemini idarə edən müəssisələr qismində çıxış edirlər. Aeronaviqasiya xidməti tədarükçüləri təhlükəsizliyin artırılması, daha yüksək istismar, texniki, ekoloji və iqtisadi tələblərin tətbiqi sayəsində aviaşirkətlərə və hava nəqliyyatı operatorlarına daha yaxşı xidmət edən yeni institusional yanaşmaların tətbiqi ilə fərqlənirlər.
Xarici ölkələrin təcrübəsinin təhlili göstərir ki, aviasiya üzrə həm dövlət, həm də özəl maliyyə mənbələri vacibdir. Qoyulan sərrmayənin gəlirliliyini təmin etmək baxımından hava nəqliyyatında dövlət-özəl əməkdaşlığı çərçivəsində özəl sərmayələr xüsusilə sərnişin və yük daşımalarına yüksək tələbatın olduğu hallarda özünü döğruldur. Başqa hallarda mövcud şərtlər qismən və ya tam dövlət investisiyalaşmasını tələb edə bilər. Məsələn, hava nəqliyyatına investisiyaların ikinci dərəcəli şəhərlərdə və ya ölkənin ucqar rayonlarında yerli iqtisadi inkişafı, xüsusilə də turizmin inkişafını şərtləndirə biləcəyi hallarda dövlət investisiyalaşması daha məqbul hesab edilə bilər.
Hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün imkanların tanınması sərnişinlərin və yüklərin hava yoluyla minimum tranzit nöqtəsi ilə hərəkət etməsinə və nəticədə səyahət vaxtının azalmasına, müştəri məmnuniyyətinin artmasına və əməliyyat xərclərinin azalmasına kömək edə, daha ucuz aviabilet üçün potensialı formalaşdıra və rəqabət qabiliyyətliliyi artıra bilər. Dövlət və özəl müəssisələrin iştirakı fiziki infrastruktur layihələrinin maliyyələşdirilməsi baxımından da əhəmiyyətlidir. Çünki aviasiya infrastrukturu və avadanlıqlarının əsas elemntləri olan hava limanı obyektləri və avadanlıqları (terminallar, uçuş-eniş zolaqları, texniki xidmət obyektləri), intermodallıq (hava limanları ilə əlaqə), donanma (təyyarələrə mülkiyyət forması və satınalma variantları), rabitə və naviqasiya avadanlıqları kifayət qədər maliyyə tutumuna malikdirlər.
Azərbaycanda da bu sahədə bazarın tədricən liberallaşdırılması infrastruktura investisiyalar cəlb edə və aviaşirkətlər, yerüstü yükdaşıma, ictimai iaşə, texniki xidmət şirkətləri kimi xidmət tədarükçüləri üçün imkanlar aça, həmçinin, hava limanı obyektləri və avadanlıqları da daxil olmaqla aviasiya sektorunda çatışmayan kritik infrastruktur elementlərinə investisiyaları təşviq edə bilər.
müəllif: hüquqşünas-ekspert Abil Bayramov