Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Nazirlər Kabinetinin təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın detalların açıqlayıb.
FED.az xəbər verir ki, nazirlik bəyan edib ki, qaydalar avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, həmçinin nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) operatorların uçotunu aparmasını tənzimləyir.
Qaydalara əsasən, operator kimi uçota alınmaq istəyən hüquqi və yaxud fiziki şəxslər vergi uçotuna alınmalı, mülkiyyət, istifadə və yaxud icarə hüququ ilə dövlət qeydiyyatına alınmış avtonəqliyyat vasitələrinə malik olmalı, işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı müəyyən edilmiş meyarlara cavab verməlidir.
Yeni qaydalar sürücülərin bilik və bacarıqlarının artırılması, idarəetmənin inkişaf etdirilməsi ilə milli avtodaşıyıcıların rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək, onların ikitərəfli və üçüncü ölkələrdən daşımalar bazarında payının, eləcə də “Qərb-Şərq” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi çəkilərinin artmasına səbəb olacaq.
“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin tətbiq edilməsidir. Xartiyada təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir, daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır. Bu da öz növbəsində avtomobil nəqliyyatının işinin səmərəli təşkilinə, sahənin dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin artmasına müsbət töhfə verir.
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” dərc edildiyi gündən 1 il sonra qüvvəyə minəcək. Bu müddətdə isə AYNA operatorların uçotunun aparılması üçün müvafiq hazırlıq işləri həyata keçirəcək. Belə ki, “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində daşıyıcılarla görüşlər təşkil ediləcək, onlara lazımi izahlar və metodiki dəstək göstəriləcək.