Azərbaycanda əhalinin minik avtomobillərinə olan tələbatı ildən-ilə artır. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin məlumatında 2014-cü ildə Azərbaycanda olan minik avtomobillərinin sayı 1 milyon 100 min 124 ədəd göstərilirdisə, 2019-cu ildə bu göstərici 10,35% artaraq 1 milyon 214 min 093 ədədə çatmışdı. Həmin statistikaya görə, bu illər ərzində ölkədə ən çox istifadə edilən avtomobillər “VAZ” və “Mercedes” modelləri olmuşdu. Buna baxmayaraq, avtomobil satışı ilə məşğul olanlar 2015-ci ildə baş verən devalvasiyadan sonra satışların azalmasından, alıcılar isə qiymətlərin artmasından şikayətlənirdilər.
Ötən ildən dünyada və ölkəmizdə pandemiyanın yayılması bazar iqtisadiyyatının bütün seqmentləri kimi avtomobil alqı-satqısı bazarını da çətinliklərlə üzbəüz qoydu. Bakı, Sumqayıt, Bərdə kimi şəhərlərimizdə fəaliyyət göstərən ikinci əl avtomobil bazarlarının bağlanması bu çətinlikləri daha da dərinləşdirdi. Eyni zamanda tətbiq edilən müxtəlif karantin məhdudiyyətlərinin fonunda birinci əl avtomobil satışı ilə məşğul olan rəsmi dilerlərin, ayrı-ayrı avtomobil salonlarının da işində geriləmələr ortaya çıxdı. Ölkədəki alqı-satqı saytları üzərində aparılan satışlarda da əvvəlki aktivlik müşahidə olunmamağa başladı. Lakin bir müddət sonra yenidən bu bazar və salonların fəaliyyətləri bərpa edildi. Son günlər isə ölkədə “Aİ-95” markalı benzinin qiymətinin qalxması yenidən avtomobil satışlarında baş verə biləcək dəyişiklikləri maraq obyektinə çevirdi.
FED.az son dövrlər ölkədə və beynəlxalq arealda sosial-iqtisadi həyatda cərəyan edən proseslərin Azərbaycanda avtomobillərin alqı-satqı əməliyyatlarına, qiymətlərinə necə təsir etdiyini araşdırıb.
İkinci əl avtomobillərin alqı-satqısı ilə məşğul olan Dəyanət Şirəliyev açıqlamasında bazarda satışların zəif olduğunu bildirib:
“Avtomobil bazarı hazırda açıq olsa da, alver yoxdur. İnsanlar maşın almır. Avtomobillərin qiyməti çox yüksəkdir. Rusiya istehsalı olan avtomobillərin qiyməti dəyərindən çox yuxarıdır. Əsas tələbat ABŞ-dan gətirilən mexaniki sürət qutulu “Chevrolet Cruze”, 1.4 litr mühərrikli furqon “Toyota Corolla” və “Opel” modellərinədir. Azərbaycandakı avtomobilləri isə elə qiymətə deyirlər ki, almaq çətin olur. Məsələn, 1994-cü ilin “Çeşka” dediyimiz “Mercedes” modelini 9500 manata satırlar. İki həftə bundan əvvəl Sumqayıt bazarında 1986-cı ilin “VAZ-2106” modelini 4500 manata satırdılar. İnsanlar ucuz və sərfiyyatı az olan, dizellə işləyən və mexaniki sürət qutusu olan avtomobillərə üz tuturlar. Bunların isə qiyməti 12500-13000 arasında olur. “Opel Astra” modellərinin qiyməti 11000-12000 manat arasında dəyişir. Furqon avtomobil alanlar mühərrikin 1,4 litr həcmli, sürət qutusunun isə mexaniki olmasına üstünlük verirlər. Bu yaxınlarda 2008-ci ilin 2.0 litr mühərrikli “Hyundai Santa Fe” modelini 21000 manata satdım. Bazarda 2000-ci ilin dizel mühərrikli “Mercedes E Class” modellərinin qiyməti 16000-18000 manatdır. Furqon “Mercedes C Class 220” modeli 13500-14000 manata satılır”.
Satıcı ABŞ-dan gətirilən avtomobillərin də qiymətlərini açıqlayıb: "ABŞ-dan gətirilən “Chevrolet Cruze” modellərinin qiyməti 15500-17700 manat, mexaniki sürət qutulu “Toyota Corolla”ların qiyməti 12500-13500 manat arasında dəyişir. “Toyota Prius” modellərinin satışı isə bu yaxınlarda gündəmə gələn “katalizator” probleminə görə sanki bir qədər dayanıb. Bu avtomobillər problemli deyil. Çünki eyni modelin digər ölkədən gətirilən variantı ilə bunların mühərrik və sürət qutusu sistemləri eynidir. Sadəcə aksesuarlarında fərqlər var. Bircə alanda VİN koduna baxmaq lazımdır ki, maşın ciddi vurulmuş və ya suda batmış olmasın”.
“Düşünürəm ki, bazarda satışın azalmasının "Aİ-95" markalı benzinin qiymətinin qalxması ilə əlaqəsi yoxdur. Bazarda satış onsuz da çoxdan dayanmışdı. Hazırda bazarda aylarla avtomobil sata bilməyənlər var”, - deyə o əlavə edib.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov isə ötən aylarla müqayisədə bazarda vəziyyətin stabil olduğunu deyib: “Bu gün Azərbaycanın avtomobil bazarında vəziyyət stabildir. Qiymətlərdə nə kəskin artım, nə də kəskin azalma müşahidə edilir. Bu vəziyyət həm birinci, həm də ikinci əl avtomobil bazarına aiddir. Ən azı sentyabr ayına qədər Azərbaycanın avtomobil bazarında qiymət dəyişikliyi gözlənilmir. Avtomobillərə olan tələbat ilin birinci rübündə olduğu kimidir. Yəni vətəndaşlar daha çox mühərrik həcmi 1.5-2.0 litr olan və qənaətcil avtomobillərə üstünlük verir. Eyni zamanda ekoloji təmiz avtomobillərlə də vətəndaşlarımız çox maraqlanır. Rusiya avtomobilləri qiymət baxımından ucuz olduğuna görə, hələ də Azərbaycanda ən çox tələb olunan avtomobillərdəndir”.
Ekspert Yaponiya istehsalı olan avtomobillərin qıtlığı məsələsinə də toxunub: “Hazırda dünyada, o cümlədən Azərbaycanda Yaponiya istehsalı olan avtomobillərin qıtlığı müşahidə edilir. Yaponiyanın seysmik zonada olan avtomobil zavodlarında rekonstruksiya işləri gedir. Həmin zavodların sökülüb başqa şəhərlərə köçürülməsi səbəbindən istehsal həcmi də azaldılıb. Eyni zamanda avtomobil sənayesində artıq benzin və dizel mühərrikli avtomobillərdən hibrid və elektromobillərə keçid olduğuna görə, iri avtomobil istehsalçısı olan şirkətlər bu keçidi təmin etmək üçün ənənəvi yanacaqla işləyən avtomobillərin istehsalını bir qədər azaldıblar”.
"Aİ-95" markalı benzinin bahalaşmasının satışlara təsiri məsələsinə gəlincə, Cəfərov fikirlərini belə bölüşüb: “Benzinin qiymətinin yüksəlməsi insanların avtomobil seçimində öz rolunu oynayacaq. Vətəndaşlar bir qədər də qənaətcil avtomobillərə üstünlük verməyə başlayacaq. Artıq indidən, yəni "Aİ-95" markalı benzinin yüksəldiyi həftədən insanların daha çox az benzin sərf edən və daha qənaətcil avtomobillərə üstünlük verməyə başladığını müşahidə edirik”.
Avtomobillərin qiyməti ilə daha yaxından tanış olmaq üçün ölkədəki alqı-satqı saytlarında bəzi modellərin qiymətlərini də araşdırmışıq. Məsələn, 1999-cu ilə aid “Mercedes C200”, “Mercedes C220” modellərinin qiyməti 9500-15000 manat, 2001-ci ilə aid “Mercedes E220” modellərinin qiyməti 12000-21000 manat, 2011-2012-ci illərə aid “Chevrolet Cruze” modellərinin qiyməti mühərrikinin həcmi və vəziyyətinə görə 8500-17000 manat, 2008-ci ilə aid “Hundai Sonata” modellərinin qiyməti mühərrikinin həcmi və vəziyyətinə görə 12000-21000 manat, 2010-cu ilə aid “Hundai Sonata” modellərinin qiyməti mühərrikinin həcmi və vəziyyətinə görə 15000-24000 manat, 2011-2012-ci illərə aid “Hundai Elantra” modellərinin qiyməti mühərrikinin həcmi və vəziyyətinə görə 15000-22500 manat, 2013-cü ilə aid “Kia Cerato” modellərinin qiyməti mühərrikinin həcmi və vəziyyətinə görə 15500-23000 manat aralığında dəyişir.
Qeyd edək ki, avtomobil alqı-satqısı ilə məşğul olanlar Azərbaycanda avtomobil qiymətlərinin baha olmasının səbəblərindən biri kimi ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən gömrük rüsumlarının yüksək olmasını göstərirlər.(index.az)
Avtomobil bazarında qiymətlər artıb - Satışlar Dayanıb
09:05
14 İyun 2021