Asiya İnkişaf Bankı (ADB) Qırmızı Körpü gömrük keçid məntəqəsinin rəqəmsallaşdırılmasını və koordinasiyanın gücləndirilməsini tövsiyə edir.
FED.az xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) tərəfindən hazırlanan son hesabatda Azərbaycan və Gürcüstan arasında yerləşən Qırmızı Körpü keçid məntəqəsinin (BCP) ticarət və nəqliyyat asanlaşdırılması sahəsində daha effektiv fəaliyyət göstərməsi üçün konkret tövsiyələr irəli sürülüb.
ADB-nin “Sərhəd Keçid Məntəqələrinin Ticarət və Nəqliyyat Asanlaşdırılması üzrə Siyasət Təhlilinin Dərinləşdirilməsi” adlı hesabatına əsasən, Qırmızı Körpü üzrə gömrük prosedurları 79%, gömrük koordinasiyası isə 77% effektivliklə qiymətləndirilib. Bununla belə, keçid məntəqəsində nəqliyyat tənzimləmələri üzrə göstərici 0% olub. Bu, yük nəqliyyatı vasitələri üçün çəkidə və ölçüdə məhdudiyyətlərin mövcudluğu ilə əlaqələndirilir.
Hesabatda bildirilir ki, Qırmızı Körpü BCP-də sənədlərin elektron şəkildə işlənməsi, əsas İKT infrastrukturunun tətbiqi, qabaqcadan sənədləşmə və yoxlama tələbləri barədə məlumatlandırma imkanları mövcuddur. Lakin bir sıra sənədlərin hələ də fiziki formada təqdim edilməsinin tələb olunması, gömrük rüsumlarının elektron ödənişi və rəqəmsal növbə sistemlərinin olmaması əlavə vaxt və xərc yaradır.
ADB bu keçid məntəqəsi üçün bir neçə əsas tövsiyə irəli sürüb:
-
Gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, o cümlədən e-CMR sisteminin tətbiqi;
-
Gömrük rüsumlarının rəqəmsal ödənişinin təmin olunması və elektron qaydada geri qaytarılma mexanizminin qurulması;
-
Gürcüstanla sinxronlaşdırılmış gömrük prosedurlarının tətbiqi və qarşılıqlı sənəd tanınması çərçivəsinin genişləndirilməsi;
-
Fiziki baxışların yalnız risk əsaslı yanaşma əsasında həyata keçirilməsi üçün gömrük əməkdaşlarının səlahiyyətlərinin məhdudlaşdırılması;
-
Sərhədin yaxınlığında məhsul test laboratoriyaları və soyuq anbarların yaradılması;
-
Yük avtomobillərinin müayinəsi üçün ayrılmış zolaqların sayının artırılması.
ADB hesab edir ki, bu addımların reallaşdırılması regionda sərhədyanı ticarətin sürətlənməsinə, gömrük idarəçiliyinin şəffaflaşdırılmasına və ümumilikdə CAREC regionunda iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verəcək (Report).