FED.az biznes maliyyə portalı “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin rəisi Tural Məmmədovla olan müsahibəni təqdim edir.
Çalışdığınız qurum haqqında oxuculara qısa məlumat vermək istərdinizmi? Dəmir yollarının strateji əhəmiyyətini bir neçə cümlə ilə necə ifadə edərdiniz?
1880-ci il tarixindən fəaliyyətə başlamış “Azərbaycan Dəmir Yolları” QSC 141 ildir ki, həm neft, həm də qeyri-neft sektorunun, habelə ölkəmizin nəqliyyat sahəsinin inkişafında olduqca əhəmiyyətli və strateji mövqeyə malikdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməktədir. Ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesinin təşəbbüskarı və aktiv iştirakçısıdır. Bu da, ADY-nin qarşısında müasir dövrün tələbləri və tendensiyaları üzrə yeni öhdəliklər qoyur. Bu öhdəliklərin icrası məqsədilə xüsusilə son 5 ildə ADY-nin sədri cənab Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yolu nəqliyyatının bütün sahələrində mərhələli şəkildə bir sıra islahatlar aparılmış və hal-hazırda da aparılmağa davam edir.
Belə geniş strateji əhəmiyyətə malik qurumun öhdəlikləri ümumilikdə neçə nəfər əməkdaş tərəfindən yerinə yetirilir və bu əməkdaşlar hansı sahələrdə fəaliyyət göstərirlər?
Hazırda ADY-də və ona tabe müəssisələrdə 17200 nəfər əməkdaş çalışır. Onların 84%-i kişi, 16%-i qadındır. ADY-də fəaliyyət göstərən əməkdaşlarımızın böyük hissəsi dəmir yollarının əsası olan infrastruktur, yük daşımaları, sərnişin daşımaları sahələrində çalışırlar.
Bu qədər geniş işçi kütləsinə malik qurumun insan resurslarının idarə edilməsi xüsusiyyətləri başqa sahələrdən nə ilə fərqlənir?
ADY-də insan resurslarının idarə edilməsi sahəsinin başlıca məqsədlərindən biri müxtəlif regionlar üzrə 2955 km dəmir yolu xəttində infrastruktur, yol, elektrik, işarəvermə, təmir, vaqon, lokomotiv, hərəkətin təşkili, yük daşımaları, sərnişin daşımaları, mühafizə kimi təsərrüfatlarda fəaliyyət göstərən 17 000-dən çox dəmiryolçunun iş və həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etməkdir. Bu məqsədlə ADY-nin digər sahələrində olduğu kimi insan resurslarının idarə edilməsi sahəsində də islahatlar icra edilərək fəaliyyətin təkmilləşdirilməsi üzrə bir sıra mütərəqqi tədbirlər həyata keçirilmişdir və hazırda da keçirilməkdədir. Şübhəsiz ki, bütün bu islahatların arxasında insan əməyi vardır. Heç bir istehsalat və ya xidmət sahəsi insan resursları olmadan var ola bilməz. ADY-nin də inkişafının, irəliləməsinin təməlində məhz insan kapitalı dayanır. ADY-də 17 000-dən çox işçi qüvvəsinin koordinasiyası, onların işə qəbul mərhələsi, maarifləndirilməsi, işçilərin karyeradakı inkişafı məhz ADY-nin İnsan resursları idarəsinin, departamentlər və onların tabeliyindəki insan resursları xidmətlərinin üzərinə düşür. ADY-nin İnsan resursları idarəsi 04.10.2017-ci il tarixində yaradılmışdır. 2019-cu ildən isə departamentlər və onlara tabeli müəssisələrdə də eyni proses tətbiq olunaraq insan resursları şöbə və bölmələri yaradılmışdır. Hazırda ADY-də insan kapitalının idarə olunması 7 şöbədən ibarət İnsan resursları idarəsi və tabeli müəssisələrdə fəaliyyət göstərən insan resursları şöbə və bölmələri tərəfindən həyata keçirilməkdədir. Ümumilikdə, İdarənin əsas fəaliyyət istiqamətləri İnsan resursları Siyasəti və Strategiyasına müvafiq olaraq onun davamlı dinamik inkişafına xidmət edən insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılması üzrə tədbirlərin görülməsini, optimal ştat sayının müəyyən edilməsi məqsədilə əməyin ödənilməsi fondu dairəsində ADY üzrə ştat cədvəllərinin hazırlanmasını, əmək haqqı və ona dair ödənclərin hesablanmasını, ADY-nin uyğun kadrlarla təmin olunması, habelə yeni işçilərin adaptasiya (işə uyğunlaşdırma) proqramının tətbiq edilməsi ilə bağlı işlərin təşkil edilməsini, ADY üzrə işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi və karyeranın idarə edilməsi prosesinin təşkil edilməsini, təlim, peşə hazırlığı, ixtisasartırma və yenidən hazırlanma proseslərinin təşkil edilməsini, əmək haqqı sisteminin formalaşdırılması, təhlil edilməsi və həyata keçirilməsini, daxili korporativ kommunikasiyanın, habelə sağlam iş mühitinin və əməkdaşlarla korporativ münasibətlərin daha yüksək səviyyədə qurulması ilə əmək bazarında ADY-nin işgüzar nüfuzunun daha da yüksəldilməsi istiqamətində tədbirlərin görülməsini, işçilərin əməyinin effektivliyinin stimullaşdırılması, işçinin işdə saxlanılması göstəricisinin artırılması üçün səmərəli motivasiya sisteminin qurulması və inkişafı üzrə işlərin həyata keçirilməsini, əmək qanunvericiliyinin tələblərindən irəli gələn vahid sənədləşmə və kadr-uçot işinin aparılmasını yerinə yetirməkdən ibarətdir.
Qeyd etdiyiniz islahatlar nələrdən ibarət olmuşdur, bu sahədə nə kimi işlər görülmüşdür?
ADY-nin İnsan resursları idarəsinin əsas məqsədlərindən biri Cəmiyyətdə insan resurslarının mərkəzləşdirilmiş şəkildə idarə edilməsinin, koordinasiya prosesinin, kadr ehtiyatı, eyni zamanda əmək potensialınının səmərəli şəkildə formalaşdırılmasının təmin edilməsi, ADY-də həyata keçiriləcək irimiqyaslı işlərə insan kapitalının cəlbi, həmçinin bu sahədə həyata keçirilən innovativ layihələrin tətbiqinin həyata keçirilməsinə və bu kimi fəaliyyətlər üzrə müvəffəqiyyətlərin əldə edilməsinə potensiallı, bacarıqlı, hazırlıqlı işçi qüvvəsi ilə nail olmaqdır.
Bu çoxminli heyətin idarə edilməsi fəaliyyətlərinin daha sistemli, ədalətli və operativ şəkildə həyata keçirilməsi məqsədilə ilk öncə sahə üzrə siyasət və strategiya, habelə korporativ münasibətləri tənzimləyən normativ sənədlərin mövcudluğu təmin edilmişdir. Bundan sonra insan resurslarının idarə edilməsi sahəsində ümumi istiqamətləri müəyyən edən əsasnamə, habelə insan resurslarının planlaşdırılması, işə qəbulun həyata keçirilməsi, işçilərin başqa işə keçirilməsi, vəzifə və peşələr üzrə təminatların müəyyən edilməsi, işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi kimi funksiyaları tənzimləyən konkret qaydalar tərtib edilmişdir. Bu günki tarixə qədər insan resurslarının idarə edilməsi sahəsində 19 ədəd normativ sənəd hazırlanmış və ADY-nin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Komandamız əlavə olaraq 7 qaydanın da üzərində işləməyə başlamışdır, yaxınlarda onların da təsdiqə təqdim olunması planlaşdırılır.
Həmçinin bildirmək istəyirəm ki, ötən illər ərzində ADY-də işə qəbul prosesinin şəffaflaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalar üzrə müraciət etməsi məqsədilə şəxsi kabinet, elektron test mərkəzi, mobil elektron test sistemi istifadəyə verilmişdir. Bu stasionar və mobil elektron test sistemi sayəsində ölkəmizin digər ərazilərində məskunlaşan vətəndaşlar da Bakıya gəlmədən rahat şəkildə işə qəbul müsabiqələrində iştirak edirlər.
ADY üzrə təşkilati idarəetmə strukturu yenilənərək vahid ştat cədvəli tərtib edilmiş, insan resurslarının idarə edilməsi sahəsində mərkəzləşdirilmiş hesabatlılıq sistemi hazırlanmışdır. Hazırda vəzifələrin dərəcələndirilməsi istiqamətində işlər görülməkdədir.
Baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində əmək haqqının, habelə əmək haqqına əlavə və tutulmaların və bunlara dair vergilərin hesablanması funksiyası da mərkəzləşdirilərək tamamilə insan resursları strukturuna birləşdirilmişdir.
Struktur və ştatlar üzrə elektron bazanın dəstəyi ilə ADY daxilində elektron sənəd dövriyyəsinə keçid sənədlərin hazırlanması və icrasına sərf olunan vaxtın və əməyin azalmasına, daxili icra intizamının yüksəldilməsinə, sənədlərin icrasına nəzarət mexanizminin sadələşdirilməsinə, vətəndaş müraciətlərinə operativ cavab verilməsinə, digər struktur bölmələrlə əlaqələrin sürətləndirilməsini təmin etməyə şərait yaratmış, habelə sənədlərin saxlanması, qeydiyyatı və sistemləşdirilməsi üzrə kargüzarlıq fəaliyyəti daha da təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır.
ADY-də vəzifələrin dərəcələndirilməsi istiqamətində işlərə başlanılmışdır və dərəcələndirilmə qaydası üzrə müzakirələr davam etməkdədir.
ADY üzrə 2018-ci ildən 2021-ci ilədək 4803 ədəd vakansiya elana çıxarılmış, minlərlə test sualından ibarət baza formalaşdırılmışdır. Bu vakansiyalar üzrə 35405 nəfər müraciət etmiş, vakansiyaların tələblərinə cavab verən 17638 nəfər ilkin seçim mərhələsindən keçmişdir. Ümumilikdə ilkin seçim mərhələsindən keçən namizədlərdən 13323 nəfəri test imtahanlarına cəlb edilmiş, test imtahanından müvəffəqqiyyətlə keçən 6269 nəfər təşkil olunan müsahibələrdə iştirak etmişdir. Nəticədə 2157 nəfər ADY-nin müxtəlif strukturlarında işlə təmin olunaraq adaptasiya proqramından (işə uyğunlaşdırılma proqramından) keçirilmişdir. Həmçinin qeyd etmək istəyirəm ki, ADY həm I, həm də II Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə, qazilərimizə etinasız yanaşmamış, 22 nəfərin müvafiq struktur qurumlarda işlə təmin olunmasına köməklik göstərmişdir, göstərməyə davam etməkdədir.
ADY-də işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, bununla da məhsuldarlığın artırılması məqsədilə Təlim mərkəzi yaradılmış, 62 mövzu üzrə 13520 əməkdaş maarifləndirmə proqramlarına cəlb olunaraq daxili və xarici təlimlərdə iştirak etmişdir.
Potensiallı gənclərin gələcək kadr kimi yetişdirilməsi istiqamətində 14 təhsil müəssisəsi ilə müqavilə imzalanmış, 1794 nəfər istehsalat təcrübəsinə, 61 nəfər isə təcrübə proqramına cəlb edilmişdir.
ADY üzrə işçilərin xidməti fəaliyyətinin qiymtələndirilməsi, işçi məmnuniyyəti və karyera sorğularının keçirilməsi, daxili kadr ehtiyatı bazasının formalaşdırılması, davamçıların hazırlanması, fərdi inkişaf planlarının tərtibi və tətbiq edilməsi, təlim tələblərinin müəyyən edilməsi, işçilərin xidməti fəaliyyət əsasında mükafatlandırılması məqsədilə Xidməti fəaliyyətin qiymətləndirilməsi və karyeranın idarə edilməsi üzrə qaydalar hazırlanmaqdadır. Bundan əlavə ADY daxilində başqa işə keçirilmə, adaptasiya proseslərini tənzimləyən qaydalar artıq təsdiq edilmiş, hazırda icra edilməkdədir.
İdarə işçilərlə işəgötürən arasındakı münasibətləri daha da təkmilləşdirmək məqsədilə insan resurslarının idarə edilməsi sahəsindəki beynəlxalq təcrübələrin öyrənilərək ADY daxili əmək münasibətlərinə tətbiq edilməsi imkanlarını araşdırır. Bu araşdırmanın məntiqi nəticəsi kimi, ADY-nin müxtəlif sahələrində işləyən işçilərinə SHRM, ACCA, CFI, PMP, CISM, CIMA, ISAR, GARP, CCNA təlimləri keçirilir və əməkdaşlar ADY-nin hesabına beynəlxalq sertifikasiya imtahanlarında iştirak edirlər.
İnsan resurslarının digər sahələrində olduğu kimi, əmək haqqı sahəsində də bir sıra tədbirlər həyata keçirilərək ADY üzrə orta aylıq əmək haqqı 2015-ci il ilə müqayisədə 2.27 dəfə artmışdır. ADY-də əmək haqqının hesablanması qaydaları hazırlanmışdır ki, bu da işçilərin əmək haqlarının ödənməsinin vahid forma və qanunvericiliyin tələbləri qorunmaqla yerinə yetirilməsinə şərait yaratmışdır. Hazırda işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi və digər kriteriyalara görə əməyinin stimullaşdırılması məqsədilə mükafatlandırılma qaydaları hazırlanmaqdadır.
Dəmir yolu sahəsində işçilərlə əmək münasibətlərinin effektiv qurulması necə həyata keçirilir?
Dəmir yolu sahəsində işçilərlə əmək münasibətlərinin qurulması və tənzimlənməsi qüvvədə olan əmək qanunvericiliyi və ADY daxili normativ sənədlər əsasında həyata keçirilir. İnsan resurslarının idarə edilməsi sahəsində qəbul edilmiş daxili tənzimləyici qayda və prosedurlar bu sahədə münasibətlərin effektiv qurulmasına və inkişafına kömək edir. Bundan əlavə hazırda tətbiq edilməyə başlanılan və gələcəkdə kadr əməliyyatlarının və daxili məlumatlandırmanın tamamilə avtomatlaşdırılmış idarəetmə sisteminə keçirilməsi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qarşılaşdığımız çatışmazlıqları aradan qaldırmağa və hədəflədiyimiz keyfiyyət göstəricilərinə nail olmağa kömək edəcəkdir. Aydındır ki, işçi ilə işəgötürən arasında effektiv əmək münasibətlərinin olması bir tərəfdən səmərəli əmək fəaliyyətinin olmasını, digər tərəfdən işçinin əməyinin layiqli qiymətləndirilməsini tələb edir. Bu baxımdan dəmiryolu işçilərinin səmərəli iş fəaliyyətininin qiymətləndirilməsi ilə bağlı əlavə həvəsləndirici tədbirlər görülür. Belə ki, tək 2020-ci ildə 53 nəfər dəmiryolçu xidməti fəaliyyətində fərqləndiyinə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə, 15 nəfər “Tərəqqi” medalı, 2 nəfər 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif edilmiş, 41 nəfər uzun müddətli əmək fəaliyyətinə görə “Əmək veteranı” adı verilmişdir. Həmçinin, 2020-ci ildə Zəfərlə tamamlanan 44 günlük Vətən müharibəsində 199 nəfər dəmiryolçu iştirak etmiş, onlardan 125 nəfəri 14 adda medallarla təltif edilmişdir.
Eləcə də qeyd etmək istəyirəm ki, ADY əməkdaşlarının sosial vəziyyətinə humanist yanaşmaqla yanaşı, ictimai məsuliyyətlərinin fərqində olan bir qurum kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 660,249 manat, Yaşat Fonduna 476,025 manat, Koronavirusla mübarizə Fonduna 300,000 manat məbləğində ianələrlə yardımlar göstərmişdir.
Qeyd etdiniz ki, tamamilə avtomatlaşdırılmış idarəetmə sisteminə keçirilməsi planlaşdırılır, bu proses yalnız işçilərlə əlaqələrin tənzimlənməsi üçün nəzərdə tutulur?
Xeyr. Bu yaxınlarda ADY olaraq insan resurslarının idarə edilməsi sahəsində bütün funksiyaların avtomatlaşdırılmış idarəetmə sisteminə keçirilməsini planlaşdırmışıq. Bu sahədə işlər artıq yekunlaşmış, ilkin testlərə başlanılmışdır. Həmçinin maliyyə, təchizat və digər sahələrdə də qeyd olunan layihənin tətbiq olunması nəzərdə tutulur.
Verdiyiniz məlumatlardan daim öz üzərində çalışan və inkişafa meylli bir komanda olaraq fəaliyyət göstərdiyiniz məlum olur. Belə bir komandanın növbəti hədəfləri nələrdən ibarət olacaqdır?
ADY rəhbərliyinin siyasi iradəsi və dəstəyi ilə 2021-ci ildə İdarə olaraq qayda, prosedur, təlimatlar, modellər, qısacası desək infrastruktur və quruculuq işlərini tamamlamağı nəzərdə tuturuq. Növbəti 2022-ci ilin sonlarınadək insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasının yekunlaşdırılması və tətbiqinə başlanması, həmçinin 2023-cü il ərzində isə əmək şəraitinin yüksək standartlara çatdırılması və işçi məmnuniyyətinin daha da yüksəldilməsi planlaşdırılmışdır.
Tural müəllim, müsahibə üçün təşəkkür edirik.
Mən də təşəkkür edir, FED.az redaksiyasının fəaliyyətinə uğurlar arzulayıram.