Azərbaycanı Naxçıvan MR ilə birləşdirəcək dəmiryolunun tiknitisinə artıq başlanılıb. Rusiya tərəfi isə həmin yolun Ermənistandakı hissəsini tikəcək.
Bu layihəyə Ermənistan tərəfi səssizcə qoşulub, amma qoşulmadığını bildirir.
İlham Əliyevin ADA Universitetindəki çıxışı - TAM MƏTN
FED.az xəbər verir ki, bu sözləri prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda qonaqların suallarını cavablandırarkən bildirib.
İclasda Gürcüstan tərəfin nümaynədəsi müharibədən sonra regionda nəqliyyat dəhlizlərinin necə qurulacağını və Gürcüstanın bu proseslərdə iştirakının necə olacağını soruşub.
Qeyd edək ki, indiyədək Azərbaycanla Türkiyə arasında yeganə dəmiryol bağlantısı Gürcüstan üzərindən keçən Bakı-Tiflis-Qars dəmiryolu idi. İndi isə Bakıdan Ermənistan ərazisi ilə Naxçıvana dəmiryolunun bərpası gündəliyə gəldikdən sonra məlum olub ki, Azərbaycanın Türkiyə ilə yeni dəmiryolu bağlantısı yaranacaq.
Azərbaycanla Türkiyə arasında dəmiryolu bağlantısı təkcə bu iki ölkəni birləşdirmək baxımından vacib deyil, bu yolla həm də Avrasiyanın şərqi ilə qərbini – Çinlə –Avropanı birləşdirən nəqliyyat dəhlizi keçir.
Yeni dəmiryolunun ortaya çıxmasından sonra isə məlum olur ki, bu nəqliyat axınlarında Gürcüstan yeganə variant deyil – ona maraqlı alternativ də yaranıb.
Rəsmi Tiflis bunu açıq bildirməsə də, bu məsələdən - nəqliyyat aıxınlarını nnarahat olmağa başlayıb.
Gürcüsğtan tərəfinin sualı da bununla və region ölkələrinin əməkdaşlığı ilə bağlı yeni təklif olunan 3+3 variantı haqqında idi.
Prezident İlham Əliyev bildirib ki, o bu məsələni Gürcüstan rəhbərliyi ilə müzakirə edəcək: «Mən, əslində, dünən bu məsələni Gürcüstanın Baş naziri ilə müzakirə etməli idim. Lakin əfsuslar olsun ki, o, koronavirusa yoluxub. Mən ona möhkəm cansağlığı və tezliklə sağalmağı arzulayıram. Onun səfəri aprelin 12-nə nəzərdə tutulmuşdu. Lakin əlbəttə ki, o, koronavirusa yoluxduqdan sonra səfər təxirə salındı. Buna görə mənim onunla bu məsələ ilə bağlı birbaşa danışmaq fürsətim olmayıb. Lakin sağalan kimi biz onun səfərini gözləyəcəyik».
Prezident bildirib ki, rəsmi Bakı bu məsələni digər qonşularla müzakirə edib: «Prezident Ərdoğanla, Prezident Putinlə mən bunu açıq şəkildə müzakirə etmişəm və Azərbaycan və İran rəsmiləri arasında da çox yüksək səviyyədə müzakirələr olub. Mən bizim yanaşmamızda heç bir fərqin olmadığını görürəm. Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib».
Əliyev bildirib ki, hətta Ermənistan da bu layihənin üstünlüyünü görərək ona qoşulub, hərçənd bunu açıqlamır: «Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur. Ermənistan da səssiz olaraq qoşulub, lakin açıqlamalarda onlar qoşulmadıqlarını deyirlər. Onlar bu xəstəliyi, azərbaycanofobiya və türkofobiyanı müalicə etməlidirlər. Beləliklə, bu əməkdaşlığın ölkələr üçün hansı üstünlüklərinin olması çox aydındır».
İlham Əliyevin sözlərinə görə, Ermənistan tərəfi indiyədək bir neçə dəfə dəmiryol layihəsi reallaşdırmaq istəsə də buna nail ola bilməyib: «Hesab edirəm ki, Ermənistan da bu üstünlüyün böyük bir payını əldə edən ölkə olacaq, çünki bu gün onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, İranla dəmir yolu bağlantısı yoxdur. Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. Lakin düşünürəm ki, onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər.
Hesab edirəm ki, Gürcüstan üçün Rusiya dəmir yolları ilə bağlantı yaratmaq baxımından istənilən imkan real deyil və siz bunun səbəbini məndən yaxşı bilirsiniz. Azərbaycan ərazisindən də bu, mümkün deyildi. Beləliklə, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq».
Prezident bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək: «Buna baxmayaraq, Türkiyə ilə bizim artıq Gürcüstan ərazisindən bağlantımız var - Bakı-Tbilisi-Qars. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Çünki siz də yəqin bilirsiniz ki, İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir».
Azərbaycan isə Ermənistanla sərhədə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırır: «Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb. Bu işlər və Zəngəzurun da 40 kilometri bitənə kimi. Lakin bu Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq».
Prezident bu təkliflə (3+3) bağlı Gürcüstanın mövqeyinə də toxunub: «Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən Baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir».