Amerikanın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” özünün 2019-cu il üçün geosiyasi proqnozlarını dərc etməyə başlayıb. Corc Fridmanın 1996-cı ildə əsasını qoyduğu bu analitik mərkəz qlobal geosiyasi dinamikaya başlıca olaraq ABŞ-Rusiya münasibətləri fonunda nəzər salıb.
ELƏCƏ DƏ BAX: 15 yaşıma kimi doyunca yediyimi xatırlamıram – PREZİDENT
"Stratfor"un analiz və proqnozları Vaşinqtonla Moskva arasında bir neçə istiqamətdə meydana gələ biləcək problemləri göstərib və onları xarakterizə edib. Belə görünür ki, bütövlükdə 2019-cu ildə geosiyasi mənzərə daha gərgin məqamlarla xarakterizə oluna bilər. Belə ki, Amerika ilə Rusiya sanksiyalarda, silahlanma məsələsində, keçmiş sovet respublikalarından öz xeyirlərinə istifadə etməkdə qarşı-qarşıya gələ bilərlər. Bu məsələlərin hər biri ilə bağlı onlar arasındakı münasibətlər xüsusilə gərgin olacaq. Biz problemin bu aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.
"Worldview" platforması: qlobal trendlərə "Stratfor"un yeni yanaşması
"Stratfor" dünyada tanınmış strateji təhlil və proqnozlaşdırma mərkəzidir. Onu mütəxəssislər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu da adlandırırlar. Bu təşkilatın 100 işçisi var ki, onların da əksəriyyəti Amerika kəşfiyyatı ilə bağlı adamlardır. "Stratfor"un keçmiş baş direktoru Deyv Sikoranın rəhbərliyi ilə "Worldview" platforması hazırlanıb. Mütəxəssislərin fikrincə, bu platforma qlobal trendləri daha dərin və geniş analiz etməyə imkan verir. Bu təşkilatın 2019-cu il üçün proqnozları da yuxarıda vurğulanan məqamlar işığında xüsusi əhəmiyyət kəsb edib maraq doğurur (bax: The U.S. Zeroes in on Russia's Borderlands / "Stratfor", 15 noyabr 2018).
Proqnoz-analitika bir sıra məsələlər üzrə qlobal trendlərin təqdimatını və onların mümkün geosiyasi nəticələrinə dair proqnostik tezisləri əhatə edir. Maraqlıdır ki, bütövlükdə problem ABŞ-Rusiya qarşıdurması kontekstində qoyulub. Müəlliflər hesab edirlər ki, bu iki böyük dövlət arasındakı münasibətlər 2019-cu ildə daha gərgin olmaqla böyük bir geosiyasi məkanda ümumi dinamikanı müəyyənləşdirəcək.
Məruzə müəllifləri məsələni məhz bu kontekstdə qoyduqlarının səbəbini izah etmirlər. Ancaq problemin analizinin əsas tezisləri göstərir ki, burada konkret məqsəd vardır. Əvvəla, "Stratfor" hesab edir ki, 2019-cu ildə dünya miqyasında başlıca oyunçular kimi ABŞ və Rusiya özünü göstərəcək. İkincisi, Amerika dünya liderliyini daha da gücləndirmək uğrunda mübarizə aparacaq. Üçüncüsü, ona bu prosesdə mane ola biləcək əsas qüvvə Rusiyadır. Dördüncüsü, Vaşinqton qalib gəlmək üçün konkret fəaliyyət planına malikdir. Onun əsas fərqli cəhəti Rusiyaya yaxın ərazilərdən Kremlə təzyiqləri tədricən, lakin davamlı olaraq artırmaqdan ibarətdir.
Bu təzyiqlər üç istiqaməti əhatə edə bilər. Onlardan ilk sırada dayananı ABŞ-ın sanksiyalar siyasətini inkişaf etdirməsidir (bax: əvvəlki mənbəyə). "Stratfor"un qənaətinə görə, yaxın bir neçə ayda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Lakin bu tədbirlərin miqyası Konqreslə Tramp administrasiyası arasında diskussiyaların və kompromislərin nəticəsindən asılı olacaq. Rusiya özünün maliyyə sabitliyini saxlamağa çalışacaq. Bunun üçün o, sanksiyaların təsirindən qorunmağa xidmət edən strategiya çərçivəsində öz iqtisadi əlaqələrini genişləndirməkdən istifadə edəcək. Bu, ən azı yaxın perspektivdə Moskvaya ciddi iqtisadi silkələnmələrdən yaxa qurtarmağa imkan verəcək (bax: Why the U.S. Will Keep Russian Sanctions on Simmer, Not Boil / "Stratfor", 27 avqust 2018). Deməli, Vaşinqton meydana çıxan təhlükələr fonunda Rusiyaya gələn il daha çox iqtisadi-ticari məhdudiyyətlər tətbiq edə bilər.
İkinci istiqamət silahlanma yarışının yeni səviyyəyə yüksələ bilməsi ilə bağlıdır. Amerikanın Avropada orta və qısa mənzilli raketlər haqqında müqavilədən çıxması yeni silahlanma prosesinə təkan verir. Nəticədə, Avropa yenidən ABŞ və Rusiyanın orta mənzilli raketlərinin əhatəsində qalmış olacaq. Eyni zamanda, bu vəziyyət Amerikaya Çin və Rusiyaya meydan oxumaq üçün nəhəng raket arsenalı yaratmağa imkan yaradacaq. Müqavilənin pozulması böyük dövlətlər arasında silahlanma yarışının güclənməsinə aparıb çıxaracaq ki, strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması ilə bağlı müqavilənin də gələcəyi təhlükəyə atılmış olacaq (bax: The U.S. Withdrawal From the INF Treaty Is the Next Step in a Global Arms Race / Stratfor, 22 oktyabr 2018).
İki gücün sıxışdırılması: Rusiya və Aİ-yə "tələ"
Etiraf etmək lazımdır ki, bu proqnoz özünü doğruldarsa, bütövlükdə dünya üçün ciddi risklər meydana gələ bilər. İlk növbədə, Avropanın təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklər artar. Məsələ həm də Avropa İttifaqının ayrıca öz ordusunu yaratmaq arzusu ilə bağlıdır. Brüssel bu prosesi reallaşdırmağa başlasa, onda "Qoca qitə"də faktiki olaraq üç böyük güc qarşı-qarşıya gəlmiş olacaq: ABŞ, Rusiya və Aİ! Onların ortaq dil tapmaq imkanları barədə fikir bildirmək çox çətindir. Lakin qarşıdurmanın vəziyyəti kifayət qədər mürəkkəbləşdirəcəyi şübhə doğurmur.
"Stratfor"un proqnozundan görünür ki, Vaşinqton belə bir gərginliyin yaranmasında maraqlıdır. Bunun da iki tərəfi vardır. Birincisi odur ki, ABŞ Rusiyanı yeni silahlanma yarışına sürükləyir. Bu, iqtisadi vəziyyəti ürəkaçan olmayan Moskva üçün əlavə xərclər deməkdir. Sanksiyaların tətbiqi Rusiyanın imkanlarını məhdudlaşdırdığından, onun inkişafı üçün əngəllər də meydana gələ bilər.
İkinci tərəf Amerikanın Avropanı "cəzalandırması" ilə əlaqəlidir. Son illər Aİ-nin böyük dövlətləri olan Fransa və Almaniya Amerikadan asılı olmayan siyasət yeritməkdən bəhs edirlər. O cümlədən təhlükəsizlik sahəsində öz planlarını reallaşdırmaqda qərarlıdırlar. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron öz fikrini bildirmişdi. Angela Merkel də ona dəstək vermişdi. Deməli, "Stratfor" hesab edir ki, Amerika prosesləri diqqətlə işləyir. Vaşinqton bir gedişlə Rusiya və Aİ-ni ağır silahlanma yarışına çəkir.
"Stratfor" vurğulayır ki, ABŞ-ın Rusiyanın qarşısına çıxarmaq istədiyi problemlər bunlarla məhdudlaşmır. Vaşinqton Rusiyaya Şərqi Avropa ölkələri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən keçmiş sovet məkanı vasitəsilə təzyiq göstərmək planına da malikdir. Bu, üçüncü istiqaməti təşkil edir. Bizcə, geosiyasi baxımdan və Cənubi Qafqazın gələcəyi aspektində bu məqam daha çox əhəmiyyət daşıyır.
"Stratfor" problemin bu cəhəti üzərində geniş dayanır. Lakin məntiq eynidir – Amerika hər üç istiqamətdən Rusiyanı sıxışdırmaqla özünün geosiyasi üstünlüyünü təmin etməyə cəhdlər göstərəcək. Artıq onun bunlarla bağlı atdığı addımlar vardır. Bu sırada Ukrayna, Gürcüstan və Ermənistan faktorlarını vurğulamaq olar (bax: The U.S. Zeroes in on Russia's Borderlands / Stratfor, 15 noyabr 2018).
Ukraynanın Rusiya ilə münasibətləri çox gərginləşib. Son olaraq Kerç yaxınlığında iki ölkənin donanmaları arasında meydana gələn gərginlik fonunda bu tendensiyanın daha da güclənə biləcəyi ehtimalı az deyil. Krım və Donbas məsələləri Vaşinqtona Ukrayna-Rusiya münasibətlərini nəzarətdə saxlamağa imkan verir. Bu üsulla Rusiyaya təzyiqlərin artması mümkündür.
Digər həssas məkan Gürcüstandır. Gürcüstan geosiyasi məsələlərdə Qərbin tərəfindədir. Abxaziya və Cənubi Osetiya ilə bağlı da Tbilisinin Moskvaya iradları çoxdur. Bu səbəblərdən Amerikanın Gürcüstan faktorundan yararlanmağa çalışacağına inam böyükdür. Bunun ən çox müasir silahlar və hərbi təlimlər vasitəsilə ola biləcəyi ehtimal edilir. "Stratfor" analitikləri də bu fikri bölüşürlər.
Nəhayət, Amerikanın Ermənistandan istifadə edəcəyi barədə "Stratfor" açıq fikir ifadə edir. Analitik mərkəz hesab edir ki, ABŞ Ermənistana silah sata bilər. Bu məsələdə o, Rusiyaya rəqib kimi meydana çıxar. Digər tərəfdən, Vaşinqton Nikol Paşinyan vasitəsilə Ermənistanda siyasi rejimi özünə tərəf çəkməkdə davam edəcək. "Stratfor" reallıqda Ermənistanın ikili mövqe tutacağını vurğulayır, lakin hər bir halda Vaşinqtonun bu kiçik forpost ölkəni şirnikdirməkdə davam edəcəyini proqnozlaşdırır.
Bütün bunların fonunda Amerikanın Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə bağlı hansı taktika və strategiyanı seçə biləcəyi məsələsi də aktual görünür. "Stratfor" bu aspektə də ciddi yer ayırıb. Onların təhlili geniş aparılmalıdır. Bu, bizim üçün başqa məqalənin mövzusudur.
ABŞ-Rusiya qarşıdurması – TƏHLÜKƏLİ PROQNOZLAR
20:16
28 Noy 2018