«Prays Vaterhaus Kupers» şirkəti Azərbaycan iqtisadiyyatı ilə bağlı vəziyəti təhlil edərkən iqtisadi çətinliklərin olacağını, bunun nəticəsində inflyasiyanın sürətlənəcəyini və son nəticədə manatın xarici valyutalar qarşısında dəyərdən düşəcəyini istisna etməyib.
Eləcə də bax: 2026-cı ilədək dolların qiymətinin 1.70 manatda qalacağının - Mesajı Verildi
FED.az xəbər verir ki, bu barədə «Prays Vaterhaus Kupers» şirkətinin hazırladığı hesabatda bildirilir.
Hesabatda deyilir ki, Azərbaycan iqtisadiyyatında inkişaf etməkdə olan bazarlara xas müəyyən xüsusiyyətlər müşahidə edilir: «İqtisadiyyatın mövcud və gələcək artımı və dayanıqlığı hökumətin həyata keçirdiyi fiskal və monetar tədbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycan manatının sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır».
Agentlik xatırladır ki, neft qiymətlərində azalma və milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasının mənfi nəticəsi olaraq 2016-cı ildə ölkədə baş vermiş kəskin iqtisadi böhrandan sonra Azərbaycan hökuməti tərəfindən uzunmüddətli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək məqsədilə islahatlar sürətləndirilib.
İnstitusional dəyişiklikləri əhatə edən iqtisadi islahatlara əsasən inflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım pozitiv zonada qalmaqda davam edib, milli valyutanın məzənnəsi dayanıqlı səviyyədə olub və ölkənin xarici sektorunda müsbət tendensiyalar müşahidə olunub.
Agentlik koronavirus pandemiyasının da Azərbaycana təsirlərini xatırladır. Hesabatda bildirilir ki, Dünya Səhiyyə Təşkilatı 2020-ci ilin martında COVID-19 epidemiyasını qlobal pandemiya elan edəndən sonra Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirlərinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması ilə bağlı tədbirlər, o cümlədən karantin, özünütəcrid və ticarət fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən müəssisələrin bağlanması kimi bir sıra tədbirlər görülüb.
Yuxarıda qeyd olunan tədbirlər qismən yumşaldılıb və 2020-ci ilin dekabr ayında yenidən şərtləşdirilib. Bu tədbirlər Azərbaycanda iqtisadi fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və biznes subyektlərinə, bazar iştirakçılarına, habelə yerli və qlobal iqtisadiyyata mənfi təsir göstərib və gələcəkdə qeyri-müəyyən müddət təsir göstərməkdə davam edə bilər.
COVID-19 pandemiyası ilə yanaşı, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafındakı ərazilərdə Azərbaycan və Ermənistan arasında yenidən qarşıdurmalar başlayıb. Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan edilərək komendant saatı tətbiq edilib və sonrakı altı həftə ərzində Ermənistan tərəfindən işğal edilmiş ərazilərin bir hissəsi işğaldan azad edilib. 9 noyabr 2020-ci il tarixində imzalanmış atəşkəs razılaşmasına əsasən 10 noyabr 2020-ci il tarixindən etibarən Qarabağ və ətraf ərazilərdəki bütün hərbi əməliyyatlar dayandırılıb.
«Prays Vaterhaus Kupers»in hesabatında deyilir ki, siyasi və iqtisadi vəziyyətin mövcud təsirlərini proqnozlaşdırmaq çətindir: «Lakin bunun Azərbaycan iqtisadiyyatına təsiri daha çox ola bilər və bu da dövlət maliyyəsinin pisləşməsinə, maliyyə bazarlarının qeyri-sabitliyinə, kapital bazarlarında qeyri-likvidliyə, inflyasiyanın artmasına və milli valyutanın əsas xarici valyutalara nisbətdə dəyərdən düşməsinə gətirib çıxara bilər»-deyə hesabatda vurğulanır.
Bununla bağlı qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı açıqlamasında manatın məzənnəsinin sabit olduğu və devalvasiya ehtimalının olmadığı dolayısı ilə vurğulanıb.
«Profisitli tədiyə balansı, mövcud makroiqtisadi çərçivə və dedollarlaşma meyilləri qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir»-deyə Mərkəzi Bank bildirib. Mərkəzi Bankın açıqlamasında bildirilir ki ölkədə dollara tələbat da azalmaqdadır: ««Profisitli tədiyə balansı valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində təklifin artması və tələbin azalması ilə müşayiət olunur. Bu da qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir». Hətta Neft Fondu planda nəzərdə tutulan valyutanı sata bilməyib, bu da manatın sabitliyini dəstəkləyən amildir: «Bütövlükdə cari ilin ötən dövründə 55 valyuta hərracında 3.2 mlrd. ABŞ dolları satılmışdır ki, bu da orta hesabla hər hərraca 58.7 mln. ABŞ dolları deməkdir. Hərracların 87%-də təklif tələbi üstələmişdir. Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 mln. ABŞ dollarıdır».
«Tədiyə balansının yaxşılaşması və valyuta bazarında təklifin genişlənməsi pul siyasətinin başlıca lövbərini – məzənnənə sabitliyini dayanıqlı etməklə qiymətlərə artırıcı təsir edən amilləri əhəmiyyətli neytrallaşdırır»-deyə Mərkəzi Bank bildirib.
Faiz dəhlizinin parametrlərinin ictimaiyyətə açıqlanmasına həsr olunmuş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir və bu prosesin azı 2021-ci ilin sonunadək davam edəcəyi gözlənilir. İlin sonunadək manatın məzənnəsinə mənfi təsir göstərə biləcək heç bir amil və proqnoz yoxdur.