Bu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri (YDM-lər) ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq.
FED.az banker.az-a istinadən xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə öz əksini tapıb.
İqtisadçı Rəşad Əliyev bildirib ki, kassa aparatlarının quraşdırılması qrafiki 4 mərhələdən ibarətdir və 01 yanvar 2023-cü ilə kimi bitməlidir. 1-ci mərhələ 01.07.2019 tarixinə kimi yekunlaşacaqdır və qrafikə uyğun olaraq bu müddət ərzində Bakı, Gəncə və Sumqayıt şəhərlərində profilinə uyğun olaraq bir sıra obyektlərdə yeni nəsil kassa aparatları quraşdırılacaq. Bakı şəhəri üzrə 1-ci mərhələdə həmin kassa aparatları “Mall” tipli iri ticarət mərkəzlərində, şəbəkə sistemli marketlərdə, yanacaqdoldurma məntəqələrində, İxtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicilərinin obyektlərində və şadlıq evlərində tətbiq ediləcəkdir. Bu müddət ərzində həmin obyektlər müəyyən edilməli və dəqiq profil identifikasiyası aparılmalıdır. Məsələn, ticarət mərkəzləri üzrə qeyd edilir ki, kassa aparatları ancaq “MALL” tipli ticarət mərkəzlərində quraşdırılacaq. Adətən “MALL” – vahid formada idarə olunan, bir və ya bir neçə tikilidən ibarət, ərazisində çoxlu sayda ticarət (əslində orada əlavə olaraq iaşə və digər obyektlərdə olur) fəaliyyəti göstərən iri ticarət mərkəzləri hesab edilir. Bu söz dilimizə elə “ticarət mərkəzi” kimi tərcümə olunur və MALL anlayışının identifikasiyasına heç bir standartda rast gəlməmişəm. Buna görədə müvafiq quruma həmin obyektlərin identifikasiyasında “məntiqi” qoşmaq lazım gələcək. Məsələn, nə qədər böyük olmalıdır ki onu MALL kimi təsnifləşdirsinlər? Və yaxudda gülməli görsənsədə, içində 3-4 mağaza olan ticarət mərkəzi MALL kimi təsnifləşdiriləcəkmi?