Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan şirkətləri nəzarətə götürüb. Nazirlikdən FED.az-a verilən məlumata görə, bu şirkətlərdə aparılan monitorinqlər və vergi nəzarəti tədbirləri zamanı ciddi pozuntular, o cümlədən cinayət əməlləri, alkoqollu içkilərin böyük həcmdə qanunsuz dövriyyəsinin və külli miqdarda vergidən yayınma halları aşkar edilib.
Nazirlik bildirilir ki, təkcə 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27 900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı araq-çaxırın nağd satıldığı müəyyən edilib (qanuna görə, aksiz markası ilə markalanmalı məhsulları, pərakəndə satış istisna olmaqla, nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma cinayətdir) qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb.
Belə halların qarşısını almaq üçün avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz-nəzarət postları qurulub. Bu postlar qurulandan və vergi nəzarəti başlayandan sonra «müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə ortaya çıxıb»-deyə məlumatda bildirilir.
Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə, əksinə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən elə bu qədər azalıb.
Nazirlik deyir ki, aksiz-nəzarət postları qurulandan büdcəyə vergilər də artıb. Spirtli içkilərin istehsalı və satışını gizlətmək çətinləşdiyinə görə, istehsalçılara hesablanmış aksiz vergisi və ödənilmiş vergi 60%-dən çox artıb.
Yaranmış vəziyyətlə əlaqədar Vergilər Nazirliyi İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərini məlumatlandırıb. Sentyabrın 22-də Vergilər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, habelə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə iri şərabçılıq şirkətlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə bu sahədə mövcud vəziyyət, uçot sisteminə nəzarətin gücləndirilməsi məsələləri müzakirə edilib, yerli istehsalçıların daxili bazarda mövqelərinin qorunması üçün qanunvericilikdə dəyişikliklərlə bağlı təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq, hazırlanmış təkliflər hökumətə təqdim olunub.