“VXA” Audit şirkətinin direktoru Elçin Qurbanovla müsahibəni təqqdim edirik.
“Kölgə iqtisadiyyatı”-nın aradan qaldırılması üçün Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu sahədə tam şəffaflığın əldə olunmasına kifayətdir yoxsa məcəllədə daha optimal dəyişikliklərin işlənib hazırlanmasına ehtiyac var?
Mən bir qədər yaxın keçmişə qayıtmaq istəyirəm 2017-ci ildə Bakıda beynəlxalq konfrans keçirildi o zaman Vergilər naziri sabiq nazir Fazil Məmmədov idi. Həmin dövrdə vergi inzibatçılığı, vergi yoxlamaları daha sərtləşdrilmiş formada olduğu üçün bu sahədə ciddi narazılıqlar var idi. Həmin dövrə təsadüf edən beynəlxalq konfransın sessiya iclaslarında çıxış etdim. Çıxışımda vergitutmanın strategiyasını ümumilikdə vergitutmanın gəlirlilik və mənfəət amilinə əsaslanması barəsində çoxsaylı təkliflər irəli sürdüm. Bu təkliflərim konfransda iştirak edən beynəlxalq maliyyə ekspertləri, iqtisadiyyat sahəsinin tanınmış alimləri, mütəxəssislər tərəfindən bəyənildi. Təkliflərimin təkrar müzakirəsi üçün məni dəvət etdilər. O zaman vergi risklərinin səviyyəsi dövriyyə amili ilə sıx əlaqəli idi. Yəni sahibkarlıq subyektlərində vergi nəzarəti tədbirləri ticarət dövriyyəsi artdıqca daha ciddi və intensiv xarakter alırdı. Bu səbəbdən ticarət dövriyyəsi yüksək olan vergi ödəyiciləri öz dövriyyəsini gizlətməyə çalışırdı. Belə mühitdə vergi mədəniyyətinin yaradılması praktiki olaraq mümkünsüz idi. Çünki mühit özü şəffaflığın yaradılması üçün əlerişli deyildi. Mən təklif etdim ki, əgər şəffaflıq, hesabatlılıq, eyni zamanda nağdsız hesablaşmalar gündəmə gətirilirsə, vergitutma dövriyyə amilinə yox, gəlirlilik amilinə əsaslanmalıdır. Əgər nəzərə alsaq ki, təsərrüfat subyektinin iqtisadi fəaliyyətinin nəticələri onun mənfəəti və gəliri ilə xarakterizə olunur , deməli vergitutma da bilavasitə bu meyarlara əsaslanmalıdır. Yəni dövriyyənin deyil, gəlir və ya mənfəətin kəmiyyət ifadəsi vergitutma obyekti olmalıdır. Onu da əlavə etmək lazımdır ki, fəaliyyət sahəsindən ,iqtisadi tsikllardan asılı olaraq böyük ticarət dövriyyəsinə nisbətdə mənfəət çox cüzi ola bilər. Bu məsələ isə daim diqqət mərkəzində saxlanmalıdır ki, vergi siyasəti sahibkarlıq və investisiya mühitini stimullaşdıra bilsin . Əks təqdirdə iqtisadi geriləmə qaçılmaz ola bilər. Əlbətdə ki, investisiya mühitini stimullaşdıran amillərdən biri də sabit qanunvericilik və ədalətli məhkəmə hüquq sistemidir. Əgər vergi qanunvericiliyinə instensiv dəyişikliklər edilərsə, məhkəmələrin fəaliyyəti azad və ədalətli olmazsa, maliyyə sabitliyi pozularsa investorlar üçün iqtisadi risklər kəskin arta bilər. İqtisad elmi qarşısında dayanan ən başlıca hədəflərdən biri vergilərin hiss olunmaz səviyyədə təşkilidir. Elə etmək lazımdır ki, həm şəffaflıq, həm hesabatlılıq , həm də investisiya mühiti təmin edilsin. Vergilər iqtisadiyyata zərərli təsir etməsin, vergi ödəyicilərinin qanuni mənafeləri hüququn ümumi ideya və prinsipləri səviyyəsində təmin edilsin. Vergitutmanın strategiyası və hədəfləri barədə çıxış materiallarını özündə əks etdirən ayrıca elmi məqalə Həmin Beynəlxalq Elmi Praktik Konfransın nəticələri ilə bağlı tərtib edilmiş kitabda dərc edildi. Əslində bu geniş və aktual müzakirə mövzusu isi. Bu yöndə dəyişikliklərlə bağlı hökümətə təkliflər də verdim. Hesab edirəm ki, mən verdiyim təkliflər Vergi Məcəlləsində dəyişikliklər edilən zaman nəzərə alındı. Belə ki, 2019-cu il yanvarın 1-dən etibarən qüvvəyə minən Vergi Məcəlləsində görmək istədiyim əlavə və dəyişikliklərin bir hissəsinin yer aldığını gördüm . Bu təbii ki,sevindirici haldır. Çox təəssüf ki, Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərlə bağlı mexanizmin işləməsi ilə bağlı müəyyən problemlərin mövcud olduğunu danmaq olmaz. Məcəlləyə birdən-birə 200-dən artıq əlavənin edilməsi bu sistemdə edilmiş köklü dəyişiklikdən xəbər verir. Etiraf edək ki, çoxsaylı dəyişikliklər nəticəsində fəaliyyət göstərməli bir sistem qısa müddətdə müfəssəl mexanizim kimi işlək ola bilməz. Bu dəyişikliklərin reallaşması və proseslərin tam formalaşması yaranan boşluqların aradan qaldırılması üçün bir sıra yeni qərarların qəbulu və müəyyən qədər zaman lazımdır. Dəyişiklik və inkişaf varsa təbii ki, xırda problemlərin olması da qaçılmazdır. Ümummilli Lider Heydər Əliyevin belə bir kəlamı var ki, “Əgər problem varsa, deməli onu həll etmək lazımdır” . Təbii ki problemlərin həlli üçün də ixtisaslı mütəxəssislərin təcrübəsindən və fikirlərindən istifadə edilməlidir.
Sahibkarların yeni sistemlə bağlı ən çox üzləşdikləri probelmlər nə ilə bağlıdır ?
Bir neçə problemlər var , hətta qanunvericiliyə yeni əlavə və düzəlişlərə də ehtiyac var, hansı ki, həllini gözləyən məsələlər orada əksini tapa bilər. Amma əsas probelmlərdən biri də Vergi Məcəlləsinin 94-cü maddəsi ilə müəyyən edilmiş sübutetmə vəzifəsindən lazımınca vergi ödəyicilərinin yararlana bilməməsidir. Sübutetmə vəzifəsi hüququn ümumilik, bərabərlik, ədalətlilik, sistemlilik obyektivlik, rəsmilik kimi əlamətlərini özündə qeyd-şərtsiz əks etdirməlidir. Sübut edilməmiş mənbələr yaradılmamalı, qanunsuz sübutlardan istifadə edilməməli, tərəflərin bərabərliyi səviyyəsində mənbəyi bəlli olan Hesab ediəm ki, bu prinsiplərin təmin olunması zəruridir. Məlumdur ki, vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının vəzifələrini həyata keçirirlər. 24-cü maddədə təsbit olunduğu kimi vergi ödəyicilərinin qanuni mənafelərini qorumaq vergi orqanının birbaşa vəzifələrinə aiddir. Çox təəssüflə qeyd etməliyəm ki,məcəllədə çoxsaylı dəyişiklik və yeni kadr siyasəti əsaslı problemlərin meydana gəlməsinə şərait yaratmışdır. Bunlarla yanaşı DSMF –nin hesabat və yığımları vergilər nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Yeni kadrlar vergi sisteminin əsas tələblərindən biri olan peşəkarlıq standartlarına uyğunlaşa bilmədikləri üçün vəzifələrinin öhtəsindən lazımınca gələ bilmirlər. Konkret olaraq vergi borcu və digər vergi cərməlidəri ilə bağlı vergi ödəyicisinin hesabına qoyulan sərəncamlarla bağlı mövcud problemləri diqqətə çatdırmaq istərdim. Misal kimi demək istərdim ki, hətta 10 minlərlə artıq ödəməsi (müsbət saldo) olan vergi ödəyicilərinin müvafiq bank hesablarına sərəncamlar göndərilərək hesablarında pul vəsaitlərinin hərəkəti bloklaşdırılır. Xüsusilə məcburi dövlət sosial sığorta haqlarının sistematik bölüşdürülməsi ilə bağlı hesabatda müsbət saldo nəzərə alınmadan bloklaşdırılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergilər üzrə borcların, maliyyə sanksiyalarının , faizlərin alınması qaydalarına uyğun olaraq borc məbləğinin 105 faizi həcmində sərəncamla hesabdan məxaric əməliyyatı dondurula bilər. Yəni əgər sahibkarın 100 manat borcu varsa 105 manat blok edilməlidir. Hesabda olan məbləğin yerdəqalan hissəsi istifadə üçün açıq saxlanılmalıdır . Təəssüflər olsun ki, hesaba sərəncam daxil olduğu andan pul vəsaitləri tam silindikdən sonra sərəncamın geri alınması barədə müvafiq məlumat bank təşkilatına daxil olmayınca sahibkar Bank hesablarında heç bir əməliyyat apara bilmir. Fəaliyyət demək olar ki, iflic vəziyyətə düşür. Məlum olduğu kimi iqtisadiyyatda vaxt amili çox böyük əhəmiyyət kəsb edir. Bu sistemin düzgün fəaliyyət göstərməməsi həm vergi ödəyicisinin işinə mənfi təsir edir, həm də ölkədə iqtisadi dinamikliyin azalmasına səbəb olur. Bu mexanizmin düzgün fəaliyyət göstərməməsi iqtisadi passivlik yaratmaqla yanaşı dövlət büdcəsinə ödənilən vergilərin dinamikasının zəifləməsinə gətirib çıxarır. Bütün bunlar eyni zamanda ölkədə iqtisadi prosesləri ləngidir. Mənin bununla bağlı mətbuatda video müraciətim və məqalələrim işıqlandırılmışdır. Vergilər nazirinin müavini cənab Sahib Ələkbərov bu məsələnin həlli ilə bağlı açıqlama verərək bildirdi ki, bu problemin həlli üçün vergi əvəzləşdirilməsinə baxılacaq. Bu zaman hesabda olan vəsaitin hamısına sərəncam qoyulduğu üçün sahibkar öz vəsaitlərindən istifadə edə bilmir, nəticədə bütün əməliyyatlar gecikir yaxud dayanır. Dİgər tərəfdən isə vergi ödəyicisinin hesabında olan pul vəsaiti onun mülkiyyətidir. Sübut edilməmiş borcun alınması, məhkəmə qərarı olmadan hesabdan silinməsi və hesabın tamamilə dondurulması mülki hüquqların pozulması, sahibkarlıq hüququnun məhdudlaşdırılması kimi nəticələr doğurur. Bu sahibkarların dolayısı ilə vergi ödəyicilərinin qanuni mənafelərinin qorunmasına zidd olmaqla yanaşı, bütövlükdə ölkə iqtisadiyyatına zərər verir. Başqa bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm, bu məsələ vergi tutulan əməliyyatların vaxtı və ödəniş sənədi ilə bağlıdır. İstərdim ki, vergitutma məqsədləri üçün vergitutulan əməliyyatların vaxtı ödənişin faktiki vaxtı kimi nəzərə alınsın. Əks təqdirdə gəlir əldə edilməmiş vergi öhdəliyininin yaranması və yaxud əməliyyatlarda ardıcıllığın pozulması və qarışıq xarakter alması ilə nəticələnir. Buda öz növbəsində kameral uyğunsuzluq barədə bildirişlərin göndərilməsi zərurətini yaradır.
Sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədi ilə mikro sahibkarların gəlir vergisindən azad olunması və Vergi Məcəlləsinə edilmiş bu kimi digər dəyişikliklərin ölkədə sahibkarlığın inkişafına hansı müsbət və mənfi təsirləri var?
Bildiyimiz ki, Nazirlər kabinetinin müvafiq qərarına əsasən dövriyyə meyarlarına və əmək müqaviləsi əsasında işləyən işçilərin sayına münasibətdə sahibkarlıq subyektləri 4 kateqoriya üzrə mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri olaraq qruplaşdırlmışdır. Mən daha əvvəl də bu barədə təkliflərimi vermişdim ki,sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarlarlıq fəaliyyətinin stimullaşdırılması üçün müəyyən güzəştlər tətbiq olunmalı, islahatlar həyata keçirilməlidir. Sahibkarlıq fəaliyyətini stimmulaşdırmaq üçün onların fəaliyyət müddətindən asılı olaraq xüsusi binaların tikilməsi, mənzillərin sahibkarların istifadəsinə verilməsi, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara ən səmərəli, əlverişli şərtlərlə aşağı faizli kreditlərin verilməsi, avia biletlərin güzəştli qiymətlərlə təklif olunması. Sahibkarlar hiss etməlidir ki, onların mənafei dövlətin maraqlarının mərkəzindədir. Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin və mənfəətin 75%-nin vergidən azad olunması isə birbaşa hesabatlılığın və şəffaflığın təmin olunmasına xidmət edir. Daha əvvəllər sahibkar ticarət dövriyyəsini , gəlir və ya mənfəətini vergi orqanından gizlədirdisə bu azadolunmanın tətbiqindən sonra sahibkar dövriyyənin şəffaf şəkildə bəyan etməkdə özü maraqlı olacaq. Digər tərəfdən isə maliyyə güzəştlərinin tətbiqi bu kateqoriya sahibkarların inkişafını və maliyyə imkanlarını müsbət mənada yaxşılaşdırır. Bundan əlavə indi elektron vergi hesab-fakturalarının, elektron qaimələrin tətbiqi vahid sistem vasitəsi ilə mübadilənin tənzimlənməsinə gətirib çıxarıb . Bu isə iqtisadi şəffaflığa böyük dəstəkdir.
Yeni Vergi Məcəlləsində nağdsız ödənişlərin stimullaşmdırılması üçün də müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu güzəşlərin tətbiqini bu sahədə stimullaşdırma üçün yetərli hesab etmək olarmı?
Nağdsız ödənişlərin stimulşadırılması və daha işlək olması üçün əvvəldə qeyd etdiyim problemlərin aradan qaldırması zəruridir. EQF, EVHF təbiqi və nağdsız ödənişlərin genişlənməsi şəffaflığa, hesabatlılığa, korrupsiya və rüşvətlə mübarizə sahəsində strateji hədəflərə yönələn addım kimi qiymətləndirilə bilər. Nağsız ödənişlərin genişləndirilməsini tamamilə dəstəkləyirəm. Vergi məcəlləsində edilmiş dəyişiklikdə göstərildiyi kimi, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, xidmətlərə görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, həcmində geri qaytarılmasını hələlik işlək hesab etmirəm . Hər birinmizə məlumdur ki, istehlakçının hər hansı mal və xidmət aldığı zaman ödədiyi məbləğin ƏDV-nin 15 %-ni almaq üçün hər hansı quruma müraciət etməsini real hesab etmək olmaz. Bu sistem işlək deyil. Əgər nağdsız ödənişləri stimmullaşdırmaq istəyi varsa bu sistemi real və işlək formalaşdırmaq lazımdır. Məsələn hər hansı istehlakçı ödədiyi məbləğin ƏDV-nin müəyyən edilmiş faizini geri almaq üçün harasa müraciət etməmlidir. Bu kartla edilən ödənişlərdir, hansı ki, istehlakçı ödəniş həyata keçirdiyi zaman elektron şəkildə etdiyi ödənişin 15% onun kard hesabına geri qaytarılmalıdır. Bu avtomatlaşdılmalıdır. Dəyişiklik edilib demək naminə dəyişiklik edilməməlidir. İnsanların rahatlığına xidmət edən, onlara əlavə problemlər yaratmayan güzəştlər və dəyişikliklər edilməlidir. Mənim əvvəldə qeyd etdiyim hesablara sərəncamların qoyulması ilə bağlı problem nağdsız hesablaşmalara da mənfi təsir edir. Əgər vergi ödəyicisinin hesabı bloklanırsa, o hesabında olan vəsaitdən istifadə edə bilmirsə, vergi ödəyicisi istər-istəməz hesablaşmalarını daha çox nağd şəkildə həyata keçirməyə üstünlük verəcək. Bu da təbii ki , aparılan islahatlara ziddir.
Vergi Məcəlləsində belə bir müddəa var gəlirinin 10%-ini mədəniyyətə,təhsilə və idmana yönəldəndirən sahibkarlıq subyektinin yönləndirdiyi məbləğ vergidən azad olunur.Vergilər Məcəlləsinin bu müddəasını sahibkarlar üçün ətraflı şəkildə şərh edərdiniz?
Hesab edirəm ki, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik çox müsbət addım kimi dəyərləndiriləməlidir. Mədəniyyətin inkişafı həm dövlətin həm ictimaiyyətin maraqlarına xidmət edir.Bu mənfəət və gəlirə tətbiq edilən azadolma və güzəştdir. Həmin müddəa mənfəət və ya gəlirin 10 faizi həcmində mədəniyyət ,təhsil,idman xeyriyyə və digər bu kimi məqsədlər üçün xərclənən midarına aiddir. Bu təbii ki,təqdirəlaidir. Xeyriyyəçilik istənilən halda cəmiyyətdə sülhə və rifaha , o cümlədən sosial həyatın dinamikasının artmasına xidmət edir. Dövlət də bu qəbil fəaliyyəti dəstəkləyir.
Azərbaycan iqtisadiyyatının inkişafında auditin rolu çoxalır yoxsa azalıb?
Bu bir az problemlərin çox olduğu sahədir. Azərbaycanda audit sahəsində peşəkarların sayı təəssüf ki, çox azdır. Audit ölkəmizdə gənc sahə hesab olur. Həmçinin audit spesifik sahə olduğu üçün ixtisaslı kadrların yetişməsi üçün uzun zaman və peşəkarlıq tələb olunur. Ölkədə auditin əsas elmi və təcrübi bazası bu sahədə ixtisaslaşmış qurum Azərbaycan Respublikasının Auditorlar Palatasıdır. Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır. Deyərdim ki, maliyyə şəffaflığının səviyyəsi bilavasitə ölkədə auditin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın , hesabatlılığın təmin edilməsi, korrupsiya ilə mübarizənin effektliliyinin artırılması üçün auditor xidmətinin tətbi dairəsinin genişləndirilməsi ilə intensiv şəkildə kənar auditin həyata keçirilməsi vacibdir. Bu məsələ həm də beynəlxalq əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Auditorlar Palatası və onun sədri çox hörmətli professor cənab Vahid Novruzov dövlətin iqtisadi strateji hədəflərindən irəli gələn bütün zəruri əməli tətbirlərin audit sahəsində həyata keçirilməsində yüksək iradə nümayiş etdirir. Burada auditor xidmətinin keyfiyyətinin artırılması və auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, treninglərin, təhsil kurslarının təşkili, təhsil materiallarının təkmilləşdirilməsi və bu sahədə beynəlxalq standartların və beynəlxalq təcrübənin qabaqcıl nümunələrinin öyrənilməsi və mübadiləsi uğurla həyata keçirilir. Hesab edirəm ki, ölkədə maliyyə şəffaflığının təmin edilməsi üçün kənar auditin tətbiqi nəinki, ictimai məsuliyyəti olan qurumlara, eləcə də təşkilati hüquqi formasından asılı olmayaraq bütün orqan və təşkilatlara tətbiq olunması xüsusi əhəmiyyət kəsb edir. O ki, qaldı auditin rolunun çoxalıb azalmasına, onu deyə bilərəm ki, əgər yüksək iqtisadi inkişafa , şəffaf və ədalətli maliyyə təsərrüfat sisteminə malik olmaq istəyiriksə auditor fəaliyyətinin inkişafına həm ictimai etimad yaradılmalıdır , həm də müfssəl hüquqi baza təsbit olunmalıdır. İctimaiət ölkənin təsərrüfat vəziyyəti barədə daim başadüşülən şəkildə məlumat almaq imkanına malik olmalıdır. Hesab edirəm ki, bu məsələ yaxın gələcək üçün başlıca hədəflərdən biridir.