Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 97%-i isə elektron formada təqdim olunur.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Fed.az-a verilən məlumata görə, bununla yanaşı, ölkənin müxtəlif regionlarında 57 müasir xidmət mərkəzi vergi ödəyicilərinin ixtiyarına verilib.
Bu istiqamətdə aparılan genişmiqyaslı islahatlar ölkə ərazisində könüllü əməletmənin səviyyəsinin artımına və vergi ödəyicilərinin vergi orqanları ilə münasibətlərinin partnyorluq müstəvisinə keçirilməsinə böyük töhfə verib.
Dövlət başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 11 və aparılacaq islahatlar üzrə 21 istiqaməti müəyyən edib. Bu islahatların mühüm istiqamətləri çərçivəsində vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırda “Könüllü vergi açıqlaması” (Voluntary tax disclosnre), “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.
Sərəncamdan irəli gələn tapşırıqların icrası, intizamlı vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.
Vergilər nazirinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan “Şəffaf Vergi Partnyorluğu” idarələri artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb.
Şəffaf vergi partnyorluğu idarələrinin xidmət göstərəcəkləri vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcək. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan yuxarıdır.
Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək.
Bundan başqa, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcəkdir.
İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaq.
Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.