Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi ilə ölkədə kreditlərin tezliklə ucuzlaşması gözlənilmir.
FED.az xəbər verir ki analitiklər buna səbəb kimi bankların kredit portfelinin formalaşmasında AMB-dən cəlb etdikləri vəsaitin payının az olmasını göstərirlər.
Məsələn, bu il mayın 1-nə olan vəziyyətə görə, bankların 23 779,7 mln. manatlıq öhdəliyinin cəmi 457,5 mln. manatlıq hissəsini və yaxud, təxminən, 2%-ni tənzimləyici qurumdan alınmış borclar təşkil edib. Üstəlik, apreldə bu rəqəm 41,5 mln. manat azalıb. Əvəzində həmin ay banklar fiziki şəxslərdən borclanmanın məbləğini 233 mln. manat artırıblar. Başqa sözlə, kredit faizlərini, əsasən, əmanət faizləri formalaşdırır. Əgər AMB kreditlərin ucuz olmasında maraqlıdırsa, banklar mərkəzləşdirilmiş kredit resursları ilə təminat səviyyəsini artırmalıdır.
Bununla belə, uçot dərəcəsinin azaldılması əmanətləri ucuzlaşdıracaq. Müşahidələr göstərir ki, adətən, banklar əmanət faizlərini AMB-nin müəyyən etdiyi faiz dəhlizinə uyğunlaşdırırlar. Bu, uzunmüddətli perspektivdə kreditləri də ucuzlaşdıra bilər. Hətta banklardakı faizlərdən asılı olaraq əmanətlərin sığortalanma faizinin də azaldılması mümkündür. Hələ ki, bu göstərici manat əmanətləri üçün 15%, dollar əmanətləri üçün isə 3%-dir.