Türkiyədə xarici valyutaya indeksli türk lirəsi əmanətləri ilə bağlı yeni tənzimləmənin təfərrüatları açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, banka lirə ilə əmanət yatıran vətəndaşların banklardakı volatillikdən zərər çəkməsinin qarşısını almaq üçün «Valyuta ilə qorunan Türkiyə lirəsi müddətli əmanəti» tətbiqi də istifadəyə verilib.
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb ki, fiziki şəxslərin lirə ilə müddətli depozit hesablarına hesablanacaq faizlər hesabın açılışı və ödəmə tarixlərindəki məzənnə ilə müqayisə ediləcək.
Yəni hökumət müqayisə edəcək ki, vətəndaş bu pulu lirə şəklində banka yatırmasaydı və dollara çevirib əlində saxlasaydı nə qədər qazanc (yəni dolların məzənnəsinin artmasından) əldə edəcəkdi.
Məlum olsa ki, əmanət faizinin gətirdiyi gəlir, dolların bahalaşmasından yarana biləcək gəlirdən artıqdır, onda vətəndaşa əlavə pul ödənilmir və o əmanətdən qazancına sahib olur və onun gəlirindən vergi tutulmur.
Əgər məlum olsa ki, vətəndaş pulunu banka qoymayıb dollara çevirsə daha çox gəlir əldə edəcəkdi – onda hökumət vətəndaşın itirdiyi məbləği kompensasiya edəcək. Yəni pul sahibi yenə də qazancda qalacaq.
Qeyd edilib ki, valyuta hesablamaları üçün Türkiyə Mərkəzi Bankı (TMB) hər gün saat 11:00-da ABŞ dollarının məzənnəsini açıqlayacaq.
Hesablar 3, 6, 9 və 12 ay müddətində açıla bilər. Minimum faiz dərəcəsi TMB Siyasət Faiz dərəcəsi kimi tətbiq olunacaq.
Amma əmanət vaxtından əvvəl bankdan çıxarılsa, vətənldaş faiz hüququnu itirəcək.
Ödəmə müddətindən əvvəl pulun hesabdan çıxarılması halında hesab cari hesaba çevriləcək və faiz hüququ aradan qaldırılacaq.
Bundan başqa, maliyyə nazirliyi bildirib ki, bu mexanizmin işində dövlət bankları ilə yanaşı, özəl banklar da iştirak edə bilər. Xərclər dövlət büdcəsindən ödəniləcək.