Türkiyə vətəndaşları mobil telefonlarını 3 ildən bir, avtomobillərini isə 8 ildən bir dəyişir. FED.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi tərəfindən açıqlanan Türkiyə İsraf Araşdırmasında məlumat verilir. Araşdırmaya görə, ölkə vətəndaşlarının hər iri həftədə orta hesabla 2 çörək sərf edir, amma yeyilməyən qidalarını zibilliyə atanların sayında da artım var.
Ticarət Nazirliyinin sifarişi ilə bir araşdırma şirkəti və Hacettepe Universiteti alimlərinin birgə keçirdiyi araşdırma Türkiyənin 26 şəhərində 2,2 min nəfəri əhatə edib.
Araşdırmada 18-29 yaş aralığında, aylıq gəlirləri 3 min lirədən 405 min lirəyədək olan insanlar arasında keçirilib.
Araşdırmada, aylıq orta hesabla ev xərcləri, mənzil, avtomobil və əşya sahibliyi, fərdlərin israfı necə qəbul etməsi, qida, çörək, geyim istehlak davranışı və israfı, yenidən istehsal anlayışının cəmiyyətdəki yeri, fərdlərin qənaət, yığım və borc alma davranışları kimi məsələləri əhatə edib.
Araşdırma göstərib ki, Türkiyə vətəndaşlarının əksəriyyəti həftədə bir dəfə bazarılıq edir. Bazarlıq üçün isə ən çox marketlərə, sonra bazarlara üz tuturlar. Türk xalqının ənənəvi vərdişlərinə uyğun olaraq vətəndaşların böyük əksəriyyəti yeməyi evində hazırlayır.
Maraqlı nəticələrdən biri odur ki, qidaların bir hissəsini yemədən zibilliyə atnların sayında artım var – bu dəfə belələrinin faiz nisbəti 22,8% olub. Bunun əsas səbəbi kimi qidanın vaxtının keçməsi göstərilir.
Araşdırma göstərib ki, adambaşına ortalama 0,78 ədəd çörək istehlak edilir. Amma həftədə ortalama 2 çörək zibilə atılır. Aldığı çörəyi istifadə etmədən zibilə atanların nisbəti 11,7% olub.
Gənclər cib telefonlarını daha tez-tez dəyişir
Cib telefonu istifadəçilərinin demək olar ki, hamısı smartfon istifadə edir və ortalama 3,7 ildən bir telefon dəyişdirilir. Mobil telefonun dəyişdirilməsinin əsas səbəbi kimi ilk növbədə telefonun xarab olması və yeni modeli əldə etmək arzusudur. Gənclərin cib telefonlarını yaşlılara nisbətən daha tez-tez dəyişdikləri müşahidə edilib.
Avtomobilin dəyişdirilməsi sıxlığı 8 il və yuxarı olaraq qeydə alınıb
İştirakçıların əksəriyyəti daha sərfəli olduğu üçün ictimai nəqliyyatdan istifadə etsə də, belələrinin sayı bir qədər azalıb. Əvəzində bir il əvvəllə müqayisədə 2018-ci ildə avtomobili olanların nisbəti 27,3%-dən 31,1%-ə yüksəlib.
Qənaət edənlər artıb
Son bir ildə aylıq gəlirinin bir hissəsini toplamaqla qənaət edənlərin nisbəti 2017-ci ildə 13,6% olarkən, 2018-ci ildə 38,1 faizədək artıb. 2017-ci ildə keçirilmiş sorğuda iştirak edən şəxslərin əksəriyyəti qənaət etmək üçün pullarını banka əmanət kimi qoymuşdusa, 2018-ci ildə isə qənaət edənlərin böyük bir qismi pulunu qızıla yatırıb.
Araşdırmalar nəticəsində fərdlərin 72,2%-i yerli məhsulların istifadəsinin israfın qarşısının alınmasında və qənaətə müsbət təsir etdiyini bildirib
"Ehtiyac qədərində istehlak etmək"
Araşdırmanın nəticələrini şərh edən Ticarət naziri Ruhsar Pekcan bildirib ki, israfın qarşısını almaq lazımdır və bunun üçün ictimai məlumatlandırma artmalıdır. Pekcan bildirib ki, belə məlumatlar insanlara məktəbdən verilməlidir.
Ticarət naziri vətəndaşlara bəzi maraqlı tövsiyələr də verib. O bildirib ki, qida və çörəkdə olan israfın qarşısını almaq üçün şəxlər bazarlığa gedərkən lazım olanları siyahıda qeyd etməli və yalnız ehtiyacı olanları almalıdırlar.