Türkiyənin ən məşhur iş adamları təşkilatlarından biri - TÜSİAD (Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyi) ölkədəki son iqtisadi vəziyyətlə bağlı açıqlama verib.
FED.az xəbər verir ki, dərnək iqtisadiyyatın ümumi qəbul edilmiş qaydalarına tez bir vaxta qayıtmağın zəruriliyinə diqqət çəkən açıqlama – bəyanat verib.
Açıqlamada bildirilib ki, iqtisadi proqramın sınaqdan keçirilməsi ilə istənilən nəticələrin əldə edilməyəcəyi bəlli olub: “Bu prosesin ciddi nəticələrə gətirib çıxaran riskini vurğulamışdıq; TL-nin dəyərdən düşməsi, inflyasiyanın sürətlənməsi, sərmayələrin sıxışdırılması, məşğulluq və ən əsası ölkə olaraq yoxsullaşmağımız. Əslində yeni iqtisadi üstünlüklər çərçivəsində atılan addımlardan sonra etibarsız və qeyri-sabitlik mühiti yaranıb”.
FED.az TÜSİAD – nin bəyanatının tam formasını təqdim edir:
“Son dövrdə yaşadığımız qeyri-sabitlik nəticəsində məlum oldu ki, sınaqdan keçirilən iqtisadiyyat proqramı ilə istənilən nəticəni əldə etmək mümkün deyil.
TÜSİAD olaraq, erkən faiz endirimlərinin formalaşdırdığı siyasətin, hətta bu iqtisadi çərçivə qurulmadan əvvəl və proses zamanı qeyri-sabitlik yaradacağına dair fikirlərimizi dəfələrlə həm dövlət qurumları, həm də ictimaiyyətlə paylaşmışdıq. Bu prosesin TL-nin kəskin ucuzlaşması, inflyasiyanın sürətlənməsi, investisiyaların sıxışdırılması, artım, məşğulluq və ən əsası ölkə olaraq yoxsullaşma ilə nəticələnə biləcək riskini də vurğulamışdıq.
Əslində yeni iqtisadi üstünlüklər çərçivəsində atılan addımlardan sonra etibarsız və qeyri-sabitlik mühiti yaranıb. Biz görürük ki, xüsusilə də daxili bazarda xarici valyutaya tələb kəskin şəkildə artıb və bu, bütün mövcud iqtisadi balansı pozub.
Həyata keçirilən iqtisadi siyasət təkcə iş dünyası üçün deyil, bütün vətəndaşlarımız üçün yeni iqtisadi problemlər yaradır. Uzunmüddətli perspektivdə daha böyük struktur problemlərinə səbəb olma riski artıb. Hətta bu mühitdən ən çox faydalanacağı gözlənilən ixracatçılarımız da əziyyət çəkir.
Nəticədə aydın olur ki, son dövrdə iqtisadiyyatda baş vermiş zərərin müəyyən edilməsi və ilk növbədə, bütün maraqlı tərəflərin dəstəklədiyi ümumi qəbul edilmiş iqtisad elmi qaydalarına qayıtmaq lazımdır. Bu, azad bazarın fəaliyyət göstərməsi üçün zəruridir.
Biz artıq ölkəmizdə “deinstitutsionalizasiya” problemini qeyd etmişik və “Gələcəyi yeni perspektivlə qururuq: insanlar, elm, institutlar” adlı araşdırmamızda inkişafımız üçün lazımi yanaşmanı ictimaiyyətlə bölüşmüşük. Ölkəmizin iqtisadiyyatına fayda verəcək, proqnozlaşdırılan investisiya mühiti və inkişafa yol açan qaydalara əsaslanan siyasət həyata keçirməliyik. Atılacaq addımlar, xüsusilə institutların və qaydaların əhatəli və effektiv şəkildə gücləndirilməsi ölkəmizdə etimad mühitinin yaradılması üçün vacibdir. TÜSİAD olaraq bu istiqamətdə atılacaq doğru addımlara öz töhfəmizi verməyə hazırıq”.
Qeyd edək ki, Türkiyə sahibkarlarını birləşdirən məşhur təşkilat - Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) iqtisadi proseslərlə bağlı prezident Ərdoğanın siyasətini, o cümlədən faizlərin azalması ilə bağlı hökumətin qərarlarını dəstəklədiyini bildirib: «Türkiyə iqtisadiyyatı yalnız məzənnəyə endirməklə qiymətləndirilə bilməz. Son 20 ildir ki, sərbəst bazar iqtisadiyyatı qanunları ilə işləyərək ildə 5,3% artım etməyi bacarmışıq. İqtisadiyyatımıza inanırıq və bu dövrü idə aşacağıq»-deyə iş adamlarını bəyanatında bildirilir.
MÜSİAD-in açıqlamasında deyilir ki: «Məlum olduğu kimi, müasir iqtisadiyyatların ən az maddi kapital qədər sosial kapitala ehtiyacı var. Sosial kapitalın əsas mənbəyi inam faktorudur. Təəssüf edirik ki, son zamanlar süni etibarsızlıq mühiti yaradılmağa çalışılır».
Açıqlamada MÜSİAD üzvləri real iqtisadi göstəricilərə deyil, qavrayışlara əsaslanan istənilən iqtisadi mühitin əleyhinə olduqlarını bildiriblər:
«Çünki ilin ilk 3 rübündə yüzdə 11,7 böyüyən, son 12 ayda ixracatı 220 milyard dolları keçən və son 3 ayda cari əməliyyatlar açığı verən Türkiyə iqtisadiyyatı yalnız məzənnəyə endirilməsi ilə qiymətləndirilə bilməz. Türkiyə iqtisadiyyatı keçmişdə də daxili və xarici bütün qavrayış manipulyasiyalarına qarşı olub».