S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemində depozitlər üzrə dollarlaşma səviyyəsinin azaldığını, bank sisteminin maliyyələşdirmə profilinin isə möhkəmləndiyini qeyd edir.
S&P: 2016-cı ildən Azərbaycandan xaricə əhəmiyyətli depozit axını müşahidə etməmişik
“Depozitlərin dollarlaşma səviyyəsi getdikcə azalır. Xarici valyutada depozitlərin xüsusi çəkisi 2015-ci ilin sonuna olan 79%-dən 2023-cü il oktyabrın 31-nə ümumi müştəri (hüquqi və fiziki şəxslərin - İF) depozitlərinin 41%-nə qədər azalıb. Bu, Gürcüstan (51%) və Ermənistanla (50%) müqayisədə aşağı göstəricidir”, - deyə agentliyin Azərbaycanın bank sistemi ilə bağlı icmalında qeyd olunur.
FED.az xəbər verir ki, “S&P” xarici valyutada kreditlər və depozitlərin həcmi və ödəniş müddətləri arasındakı uyğunsuzluğu qeyd etsə də, bankların açıq valyuta mövqeləri ilə bağlı hedcinq əməliyyatları həyata keçirdiyini vurğulayır. Agentlik bildirir ki, son 5 ildə Azərbaycanda müştərilərin əmanətlərini kütləvi şəkildə geri çəkməsi səbəbindən bankların defolt halları qeydə alınmayıb.
“S&P” bildirir ki, qeyri-rezidentlərin bank depozitlərinin həcmi 2022-ci ilin sonuna 2,5 milyard manat məbləğində qiymətləndirilir. 2022-ci ilin sonuna onların payı 2021-ci ildəki 1,4%-dən 5%-dək artıb ki, bu da Rusiyadan daxil olan pul vəsaitləri hesabına mümkün olub. Lakin bu göstərici Gürcüstan (18%) və Ermənistanla (20%) müqayisədə xeyli aşağıdır”, - deyə agentlik qeyd edir.
“S&P” hesab edir ki, son bir neçə il ərzində Azərbaycanın bank sisteminin maliyyələşdirmə profili möhkəmlənib.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın bank sistemində depozit və əmanətlərin 2/3-si hüquqi şəxslərin, 1/3-i isə fiziki şəxslərin payına düşür. “Hesab edirik ki, bu amillər Azərbaycan banklarının maliyyələşdirmə profillərinə əlavə sabitlik verir. Proqnozlarımıza görə, bank sisteminin kreditlərinin ümumi həcminin əsas müştəri depozitlərinə nisbəti (fiziki şəxslərin depozitlərinin 100%-i + korporativ müştərilərin depozitlərinin 50%-i) bir qədər artacaq, lakin 2024-2025-ci illərdə 110%-dən aşağı səviyyədə qalacaq”, - deyə agentlik qeyd edir.
“S&P” vurğulayır ki, Azərbaycanın bank sektoru xalis xarici kreditordur. “Düşünürük ki, Azərbaycanın bank sektorunun xarici borclardan asılılığı müqayisə olunan ölkələr üzrə orta göstəricidən azdır. Bu, Azərbaycan banklarının maliyyə mənbələrinin daha az şaxələndirildiyini və daxili əmanətlərdən və yeni inkişaf etməyə başlayan daxili borc bazarından daha çox asılı olduğunu göstərir”, - deyə agentlik bildirir.
“2023-cü ilin ortalarına olan məlumata görə, Azərbaycanın bank sisteminin ümumi xarici borcu təxminən $1 milyard təşkil edib. Bura əsasən beynəlxalq maliyyə təşkilatlarından, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankından daxilolmalar, eləcə də bankların xarici minoritar səhmdarlarının kreditləri daxildir”, - deyə məlumatda qeyd olunur.
Bununla əlaqədar “S&R” sahə riskinin qiymətləndirilməsini “9”dan “8”ə yaxşılaşdırıb və indi Azərbaycanın bank sistemini bank sektorunun sahə və ölkə risklərinin (Banking Industry Country Risk Assessment — BICRA) səviyyəsinə görə “9” qrupuna deyil, “8” qrupuna aid edir.
“Bununla yanaşı, biz əsasən Azərbaycanda əməliyyat fəaliyyəti ilə məşğul olan bankların reytinqinin baza səviyyəsini “b+”dən “bb-” səviyyəsinə yüksəltmişik. Biz Azərbaycan bankları üçün iqtisadi və sahə risklərinin inkişaf tendensiyalarını sabit hesab edirik ki, bu da qarşıdakı 12-18 ay ərzində ümumilikdə balanslaşdırılmış riskləri əks etdirir”, - deyə “S&P” bildirir. (İnterfaks-Azərbaycan)