Əsas dəyişikliklərdən biri “exchace”in forması ilə bağlıdır. Belə ki, məntəqələr köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Onların binanın daxilinə çıxışı olmamalıdır. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər.
Valyuta mübadiləsi məntəqələrinin sahəsi ilə bağlı da xüsusi tələb qoyulub. Həmin obyektlərdə nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır.
Qeyd edək ki, Mərkəzi Bankın müəyyən etdiyi köhnə qaydalarda belə bir tələb qoyulmamışdı. Ancaq məntəqənin hansı materiallardan tikilməsi qeyd edilmişdi. Yeni qaydalarda isə yalnız valyuta mübadiləsi məntəqəsinin konstruksiyasının xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməli olduğu qeyd edilib.
Eyni zamanda məntəqənin ön divarından vizual müşahidə təmin olunmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməlidir. Orada təhlükəsizlik kameraları və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır.
Video müşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır. Valyuta mübadiləsi məntəqəsi hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir.
Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.
Valyuta mübadiləsi məntəqələrinin iş rejimini də Palata ilə razılaşdırılmalıdır. Palata valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin müraciətinə 5 iş günü müddətində münasibət bildirilməlidir. Buna qədər isə məntəqələrin iş rejimini banklar özləri müəyyən edirdilər.
Qaydalarda daha bir yenilik maliyyə vəsaitlərinin daşınması ilə bağlıdır. Belə ki, valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 min manatdan və ya onun ekvivalentindən 200 min manata və ya onun ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə həyata keçiriləcək. 200 min manat və ya onun ekvivalentindən artıq pul vəsaitinin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə inkassasiya xidmətindən istifadə edilməlidir.
Qaydalara görə, sözügedən məntəqələrdə müştərilərin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə aşağıdakı məlumatlar əks olunmalıdır:
- xüsusi elektron lövhədə (lövhənin üzərində valyuta mübadiləsi məntəqəsinin adı nəzərə çarpan hərflərlə yazılmalıdır) nağd xarici valyutaların milli valyutaya nisbətən alış və satış məzənnəsi;
- valyuta mübadiləsi məntəqəsinin iş vaxtı;
- Palata tərəfindən valyuta mübadiləsi məntəqəsinə verilmiş lisenziyanın və ya lisenziyaya əlavənin surəti;
- istehlakçıların müraciət və ya şikayət edə bilməsi üçün Palatanın “qaynar xətt”i barədə məlumat.
Yeni qaydalarda daha bir dəyişiklik sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi ilə bağlıdır. Valyuta mübadiləsi məntəqələri ilə digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Burada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna edilir.