Azərbaycanda 2020-ci ildə ÜDM 5 faizədək azaldıqdan sonra 2021-ci ildə iqtisadiyyat tədricən dirçələcək.
Eləcə də bax: Azərbaycanın reytinq proqnozu "mənfi"dən - "Stabil"ə Yüksəldi
FED.az xəbər verir ki, bu barədə “S & P Global Ratings” Beynəlxalq Reytinq Agentliyinin hesabatında bildirilir.
Hesabata görə, ölkədə ÜDM-in 2021-ci ildə 2,1 faizədək, sonradan 2024-cü ilədək də orta hesabla 3,9 faiz artacaq. Bu artım karbohidrogen ixracatı, vergi-büdcə tədbirləri ilə daxili istehlakın bərpası, hökumətin Qarabağdakı sərmayə yatırımları sayəsində əldə olunacaq: “Proqnozlarımızın azalması ehtimalı pandemiyanın müddəti və Azərbaycan iqtisadiyyatına təsirilə bağlı müəmmalarla bağlıdır”.
Həmçinin dövlət büdcəsi kəsirinin 2020-ci ildəki ÜDM-nin 6,4 faizindən cari ildə 2,1 faizinədək geriləyəcəyi, 2024-cü ilədək isə büdcədə 1 faizədək qalıq yaranacağı qeyd olunur:
“Neftin nisbətən bahalaşması, neft hasilatının mərhələli şəkildə artması, habelə karbohidrogenlərlə əlaqəli olmayan gəlirlərin artması pandemiya fəsadları da zəiflədikcə büdcə mədaxilini dəstəkləyəcək. Bununla belə dövlət məxarici daha çox Dağlıq Qarabağ ətrafındakı ərazilərin bərpası tədbirləri, müdafiə və milli təhlükəsizliklə bağlı məsrəflərin artması hesabına daha da böyük rəqəmlərə çatacaq. 2021-ci il dövlət büdcəsində bərpa işləri üçün 2,2 milyard manat, yəni ÜDM-nin 2,9 faizinə qədər vəsait nəzərdə tutulur. Həmçinin 2021-ci ildə hökumətin COVID-19 ilə bağlı büdcə dəstəyi tədbirləri, o cümlədən müəssisələrə dövlət zəmanətilə kredit vermək, bəzi vergi güzəştlərinin və vergi tətillərinin uzadılması kimi addımlarının davam etdiriləcəyi gözlənilir. Bu tədbirlər 2021-ci il ÜDM-in 0,8 faizədək hissəsini əhatə edir”.
Hesabat müəlliflərinə görə, Azərbaycanın maliyyə aktivlərlə bağlı güclü mövqeyinin davam etməsi də suveren reytinqlərini dəstəkləyir. Bununla belə vergi proqnozlarına əsasən dövlətin xalis aktivlərlə bağlı mövaqeyi 2019-cu ildə ÜDM-nin 50 faizindən 2024-cü ilədək 40 faizədək geriləyəcək. Həmçinin karbohidrogenlərin uzun müddət ərzində ucuzlaşması və büdcə məsrəflərinin bundan sonra da artması təqdirdə hökumətin büdcə ehtiyatlarının azalacağı da qeyd olunur.
Eyni zamanda, bir çox neft istehsalçısı ölkələrə nisbətən Azərbaycanda SOFAz-a aid sərmayələrlə bağlı hesabatların açıqlanması məsələsində daha çox şəffaflığın olduğu vurğulanır. (Report)