Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib.
FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi məlumat yayıb. Məlumata əsasən, Rusiya iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişi başa çatdırmalı idi, amma bu baş verməyib.
Agentlik bunu defolt kimi qiymətləndirib və xatırladıb ki, sonuncu dəə Rusiya ilə bağlı belə hal 100 ildən də əvvəl – 1918-ci ildə baş vermişdi.
Qeyd edək ki, həmin vaxt çar Rusiyasında hakimiyyəti ələ keçirmiş bolşeviklər Rusiyanın borclarını ödəməkdən imtin etmişdilər. Həmin vaxt RSFSR hökumətinin başçısı Vladimir Lenin Rusiyanın bütün xarici və daxili borclarının sıfırlanması barədə Dekrat imzalamışdı.
Bununla yanaşı, «Bloomberg» agentliyi bildirir ki, defolt simvolik xarakter daşıyır və «rusiyalılar üçün elə bir əhəmiyyəti yoxdur».
Qeyd edək ki, defolt — dövlətin öz borcu üzrə öhdəlikləri yerinə yetirməməsidir. Dövlətin defolt elan etməsi onun kredit reytinqini azaldır, nəticədə ölkə yeni kredit lər cəlb edə bilmir və ölkə iqtisadiyyatının inkişafı dayanır.
Defolt iddiasından sonra Rəsmi Moskva bu iddiaları təkzib edib. Rusiya prezidentinin köməkçisi və Dövlət Dumasının üzvlərindən sonra Rusiya Maliyyə Nazirliyi bununla bağlı xüsusi açıqlama yayıb.
Maliyyə Nazirliyi bildirib ki, Rusiyanın 2026 və 2036-cı ilədək buraxılan istiqrazları (defoltun bu istiqrazlar üzrə baş verdiyi bildirilir) üzrə ödənişlər hələ may ayında edilib. «Mayın 20-də istiqrazlar üzrə müvafiq olaraq 71,255 milyon dollar və 26,5 milyon avro ödəniş edilib. Həmin gün bu ödənişlər ödəniş agenti tərəfindən qəbul edilib və istiqrazların sahiblərinə, eləcə də maliyyə vasitəçilərinə ötürülüb».
Amma Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ödənişlər təyinatına çatmayıb: «Amma beynəlxalq hesablaşma-klirinq sistemləri bu vəsaitləri tam həcmdə alsalar da, onları son alıcılara çatdırmayıblar, baxmayaraq ki, onlar borcu ödəmək üçün ABŞ Maliyyə Nazirliyinin Rusiya tərəfinə verilmiş lisenziyasının müddətinin mayın 25-də bitəcəyindən xəbərdar idilər».
«Xarici maliyyə vasitəçilərinin fəaliyyətinə Rusiya Maliyyə nazirliyi nəzarət etmədiyinə görə, istiqrazlar üzrə ödənişlərini almayanlar həmin maliyyə qurumlarına müraciət etməlidirlər»-deyə maliyyə nazirliyi bildirir.