Dünya Bankının (DB) kapital bazarlarının müasirləşdirilməsi layihəsi bu bazarların potensialının gücləndirilməsinə kömək edib.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Dünya Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənən Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsinin (KBML) nəticələrinin müzakirəsi ilə bağlı keçirilən konfransda deyib.
Trend-in verdiyi məlumata görə, konfransda maliyyə bazarlarının gücləndirilməsi və ölkədə özəl sektorun inkişafı və iqtisadi şaxələndirmənin maliyyələşdirilməsi üçün kapital bazarlarının mühüm maliyyə mənbəyinə çevrilməsi üçün gələcək çağırışlar və bu istiqamətdəki fəaliyyət müzakirə edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri R.Aslanlı bildirib ki, KBML Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyi təmin edib: "Bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləyib, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına və bazarın potensialının gücləndirilməsinə mühüm töhfə verib".
Dünya Bankının maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Berhnd deyib: "Kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və xarici birbaşa investisiyaların artımı Azərbaycanda qeyri-neft sektorunun inkişafı və müasirləşmə üçün çox vacibdir. Kapital bazarı yerli və xarici investisiyaların səfərbər olunması üçün əsas alətlərdən biridir, amma о cəmləşdirilmiş səyləri və düzgün zamanda keçirilən kompleks islahatları tələb edir".
Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina isə bildirib ki, KBML maliyyə sektorunun şaxələndirilməsi üçün tələb olunan islahatlar paketini və qeyri-neft sektorunda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün alternativ maliyyə mexanizmlərinə asan çıxışı dəstəkləyib: "Biz inanırıq ki, layihənin təsirləri transformasiya xarakterli və uzun müddətli olacaq".