Rusiya milli valyutasının çöküşü aprelin 9-dan başladı. Məlumdur ki, Rusiyada hərrac iki dəfə keçirilir, səhər və axşam saatlarında. Hərraclardan sonra Mərkəzi Bank məzənnələri açıqlayır. Bu gün də rubl dəyərdən düşüb.
FED.az rublun “çöküş ssenarisi”nin detallarını təqdim edir.
Ucuzlaşma davam edir
Beləliklə, aprelin 9-da axşam hərracın bağlanışından sonra rublun məzənnəsi 60,3 oldu. Aprelin 10-da səhər hərracında isə 63 rubla qalxdı. Bu 2016-cı ildən bəri qeydə alınan maksimum eniş idi. Avro isə 78 rublu keçdi.
11 apreldə isə dollar artıq 64 rublu ötdü. 12 apreldə yəni, bu gün rəsmən dollar 1,69 bahalaşma ilə 64,06 rubl təşkil edir. Avro isə artıq 80 rubla yaxınlaşır – 79,28.
Neft rublun üzünü ağartmadı
2016-cı ildə rublun ucuzlaşması tam olaraq, katirovkalarda neftin kəskin ucuzlaşması ilə bağlı idi və yadınızdadırsa, eyni aqibəti Azərbaycan manatı da yaşadı. Hazırda isə bahalaşan neft fonunda rubl ucuzlaşır. Bu gün Brent neftinin qiyməti yenə bahalaşaraq 72,29 dollara qalxıb. Rublun sürətli ucuzlaşmasının qarşısı isə inzibati yolla qismən alınıb. Bazar iştirakçıları üçün daha bir pozitiv informasiya isə ABŞ maliyyə naziri Stiv Mnuçindən gəldi. O bildirdi ki, rəhbərlik etdiyi qurum Rusiyanın dövlət borclarına qarşı sanksiya tətbiq etməyin tərəfdarı deyil. Bloomberg-in xəbər lentində bu informasiyanın görünməsindən dərhal sonra rublun enişi dayandı.
Rubl twitterdən asılı qalıb
Kommersant yazır ki, nəhayət çöküşün dürdüncü günü rubl rusiyalı məmurların dəstəyini gördü. Maliyyə naziri Anton Siluanov elan edib ki, nazirlik müvəqqəti olaraq valyuta alışını dayandırıb. Bu isə rublun “alçaldılmasının” qarşısını qismən alıb. Rublun taleyi isə Suriyada baş verənlərdən və Rusiyaya qarşı gələcək sansksiyaların getdikcə genişlənməsindən asılıdır. Bu xəbərlərin mənbəyi isə Twitter olduğundan nəzərlər ora dikilib.
Bəs, rubl necə çökdürüldü?
Rusiya oliqarxlarının “Kreml siyahısı” Rusiyaya qarşı yeni savaşın başladığının bariz nümunəsi idi. Əvvəlki illərdən fərqli olaraq, ABŞ və Qərbin zərbə istiqamətləri dəyişdi, çünki ucuz neft ABŞ-a maraqlı oyun kimi gəlmədi və nəticədə ucuz neftin hesabına Çin iqtisadiyyatının daha da inkişaf etməsi “Ağ Ev”in planına əl gəzdirməsi ilə nəticələndi. Beləliklə, ABŞ qara qızıldan qazanmaq maraqlarını ortaya qoyaraq, yeni və daha qəliz iqtisadi müharibəyə başladı.
Yeni sanksiyalar gəldi
Aprelin 6-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən iri biznesmenləri və kompaniyalarına qarşı yeni sanksiyalar tətbiq etdi. Bu şirkətlərin siyahısına UC Rusal kimi alüminium nəhəngi də daxil edildi. Bu isə investorları Rusiyanın suveren borcları ilə bağlı siyasi təhlükələri proqnozlaşdırmasına səfərbər etdi.
Sanksiyaların səbəblərinə gəlincə, analitiklər siyahıda yaxın Şərq münaqişəsini göstərirlər. Suriyada 60 nəfərin ölümünə səbəb olmuş kimyəvi silahdan istifadəyə görə ABŞ Bəşər Əsədi günahlandırdı, təbii ki, bu həm də Bəşəri dəstəkləyən Rusiyaya qarşı bir ittiham idi.
9 aprel vədi
Tramp aprelin 9-da Vaşinqtonun cavab tədbirləri görəcəyinə dair söz verdi. Elə hər şey bundan sonra kəskinləşdi. Beləliklə də, rubla və Rusiya aktivlərinə psixoloji təzyiqlər başladı.
Rusiya dövlət istiqrazlarına qarşı qadağa – Diqqətlər Konqresdədir
Rublun çökməsini dərinləşdirən daha bir səbəb İngiltərədə Sergey Skripal və qızına qarşı sui-qəsd ilə bağlı ABŞ konqresinə Rusiyaya qarşı yeni sanksiyalar dalğasının təklif olunmasıdır. Qanuna salınacaq yeni qadağalara əsəsən, bazardakı amerikalılara Rusiya dövlət istiqrazları ilə istənilən əməliyyatların qadağan edilməsi nəzərdə tutulur.
Rublun stabilləşməsi isə sanksiyalarla bağlı sonrakı vəziyyətdən, geosiyasi gərginlikdən asılı olacaq. Qısa zamanda isə onun 57–58 səviyyəsinə qayıtması ehtimal edilmir.
İlhamə Abdullayeva
Rublu çökdürən “NEFTSİZ SSENARİ”
12:40
12 Aprel 2018