Rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq ediləcək.
Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə - DAXİL OLUB
FED.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
- bu Məcəlləyə əsasən tələb olunan hallarda rəqabət orqanına natamam, yanlış və ya saxta sənəd və məlumatların təqdim edilməsi və ya həmin sənəd və məlumatların gecikdirilməklə təqdim edilməsi, yaxud təqdim edilməməsi;
- bazar subyektinin iqtisadi fəaliyyəti ilə bağlı yoxlamanın predmetinə dair yoxlamanı həyata keçirən rəqabət orqanının vəzifəli şəxslərinin suallarına cavab verməkdən imtina edilməsi, yaxud natamam, qeyri-dəqiq və ya gecikdirilmiş cavabların verilməsi yolu ilə yoxlamaların və araşdırmaların keçirilməsinə, habelə işə baxılmasına maneçilik törədilməsi, yaxud zəruri şəraitin yaradılmaması;
- bazar subyektləri və ya onların vəzifəli şəxsləri tərəfindən rəqabət orqanının öz vəzifələrinin, qərarlarının və göstərişlərinin icrasına maneçilik törədilməsi;
- rəqabət orqanı tərəfindən aparılan yoxlama zamanı yoxlamanı həyata keçirən rəqabət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş möhürün bütövlüyünün pozulması.
Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
-. qadağan edilmiş rəqabəti məhdudlaşdıran şaquli sazişlərin bağlanılması;
-. rəqabəti məhdudlaşdıran uyğunlaşdırılmış hərəkətlərə yol verilməsi (bu hərəkətlər onların fəaliyyətlərinin qəsdən əlaqələndirilməsini əhatə etmədikdə və davamlı xarakter daşımadıqda);
-. nisbi hökmran mövqedən sui-istifadəyə yol verilməsi;
-. bu Məcəllədə qeyd edilən hallar istisna olunmaqla, haqsız rəqabətə yol verilməsi;
-. razılıq alınmalı təmərküzləşmələrlə bağlı rəqabət orqanına ərizənin təqdim edilməməsi və ya təmərküzləşmə baş verdikdən sonra təqdim edilməsi.
Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 10 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
-. rəqabəti məhdudlaşdıran üfüqi sazişlərin bağlanılması;
-. rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş uyğunlaşdırılmış hərəkətlərə yol verilməsi (bu hərəkətlər onların fəaliyyətlərinin qəsdən əlaqələndirilməsini əhatə etdikdə və davamlı xarakter daşıdıqda);
-. hökmran mövqedən sui-istifadəyə yol verilməsi;
-. rəqabət orqanının qərar (bu Məcəllənin 77.1-ci maddəsi üzrə pozuntular istisna olmaqla) və göstərişlərinin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi;
-. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
-. haqsız rəqabətə təkrar və ya davamlı olaraq yol verilməsi. Bu maddənin məqsədləri üçün təsərrüfat subyektlərinin birliklərinin, yaxud şəxslər qrupunun toplam dövriyyəsi onun üzvlərinin dövriyyəsinin cəmi kimi hesablanır.
Bu Məcəlləyə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi üçün təsərrüfat subyektlərinin toplam dövriyyəsini müəyyən etmək, yaxud təsərrüfat subyektlərinin birliklərinin üzvlərinin dövriyyəsini hesablamaq mümkün olmadıqda (bazar subyekti tərəfindən məlumatlar təqdim edilmədikdə və aidiyyatı dövlət orqanlarında (qurumlarında) həmin məlumatlar mövcud olmadıqda), qanun pozuntusuna yol vermiş təsərrüfat subyektinə və ya təsərrüfat subyektlərinin birliklərinin üzvlərinin hər birinə aşağıdakı məbləğlərdə maliyyə sanksiyası tətbiq edilir:
-. Bu Məcəllənin 77.1-ci maddəsi (təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər məbləğdə maliyyə sanksiyası) ilə müəyyən edilən hallara görə 10.000 manatdan 50.000 manata qədər;
-. Bu Məcəllənin 77.2-ci maddəsi(təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası) ilə müəyyən edilən hallara görə 50.001 manatdan 200.000 manata qədər;
-. Bu Məcəllənin 77.3-cü maddəsi (təsərrüfat subyektinin ümumi dövriyyəsinin 10 faizinə qədər məbləğdə maliyyə sanksiyası) ilə müəyyən edilən hallara görə 200.001 manatdan – 500.000 manatadək.
Bu Məcəllədə nəzərdə tutulan hərəkətlərin rəqabət orqanı ilə razılaşdırmadan həyata keçirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,2 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu Məcəllədə nəzərdə tutulan məlumatların (sənədlərin) müəyyən edilmiş qaydada və vaxtda təqdim edilməməsinə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,2 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu Məcəlləyə uyğun olaraq rəqabət orqanının səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və ya başqa məlumatların vaxtında təqdim edilməməsinə, habelə yoxlamaların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmamasına görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərə yol verilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Rəqabət orqanının bu Məcəllənin tələblərinə uyğun olaraq qəbul edilmiş qərarlarının pozulmasına görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu Məcəlləyə əsasən bazar subyektlərinə tətbiq edilən maliyyə sanksiyalarına əlavə olaraq rəqabət orqanı və ya rəqabət komissiyası bazar subyektlərinin rəqabət qanunvericiliyinin pozulması (bu Məcəllənin 77.1-ci maddəsində müəyyən edilmiş əməllərə görə istisna olmaqla) hallarında birbaşa iştirak edən vəzifəli şəxslərinə onların aldığı sonuncu vəzifə maaşlarının 2 (iki) mislinədək məbləğdə maliyyə sanksiyasının tətbiqi ilə bağlı qərar qəbul edir.
Rəqabət orqanı dövlət inhisarında olan xidmətləri göstərən bazar subyektlərinin bu Məcəllə ilə qadağan edilmiş pozuntunu törətməsi nəticəsində əldə etdikləri qanunsuz gəlirin dövlət büdcəsinə ödənilməsi haqqında həmin subyektlərə icrası məcburi olan göstərişlər verir.
Rəqabət qanunvericiliyinin pozulmasına görə bu Məcəllənin 77.1-77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.