Yeni vergi dəyişikliklərinin əsas əlamətlərindən biri də regionlara verilən güzəştlərin ləğvilə bağlıdır.
Bu barədə FED.az-a danışan tanınmış iqtisadçı Rövşən Ağayev bildirib ki, sadələşdirilmiş verginin dərəcəsi Bakıdan 2 dəfə aşağı idi, artıq yeni ildən bərabərləşir:
“Fərdi sahibkarların sosial sığorta haqları kəndlərdə 2 dəfə aşağı idi, indi 2019-dan Bakı ilə eyni olacaq. Güzəştlərdən niyə imtina edildi? Rəsmi əsaslandırma və arqumentlər nədən ibarətdir - bu çox önəmlidir?
ELƏCƏ DƏ BAX: 1%-lik nağdlaşdırma vergisi ləğv olunur? - MƏHKƏMƏ QƏRARI
Əgər bu güzəştlərin iqtisadi səmərəsi olmayıbsa, nədən az qala 15 il gözləmək lazım gəlib və çevik şəkildə yeni vergi siyasəti işlənməyib? Axı bu zaman itkisidir.
Yox, hesab edilirsə ki, regionlar artıq inkişaf edib, vergi güzəştlərinə artıq ehtiyac qalmayıb, məncə, hətta rəsmi rəqəmlər bu arqumenti müdafiə etməkdə acizdir. 15 il əvvəl olduğu kimi, yenə də regionların milli gəlirdə payı 25%-i, ixracda payı 3-5%-i, büdəcədə payı 4-5%-i ötmür.
İddia etmək də çətindir ki, regionların inkişafdan qalmasının əsas və köklü səbəbi elə vergi siyasətinin yanlışlığıdır. Məsələyə kompleks yanaşma çox önəmlidir -invesitisiya siyasəti, regional idarəetmədəki boşluqlar, əyalətlərdə insan kapitalının inkişafı üçün mövcud şərtlər, innovasiyaların tətbiqi baxımından hazırlıq səviyyəsi - hamısı bir arada dəyərləndirilməlidir. Mənə qalsa, düşünürəm ki, Azərbaycanda əksmərkəzləşmə islahatlarını gerçəkləşdirib yerlərə iqtisadi avtonomiya və təşəbbüskarlıq azadlığı verilməyincə, hətta bölgələrin vergidən tam azad edilməsi, müxtəlif investisiya təşviqləri belə, nəticə verməyəcək”.
Ekspert hesab edir ki, yaxın zamanlar üçün atıla biləcək ən vacib addım regional iqtisadi inkişafla bağlı ayrıca qanunun qəbul edilməsidir:
“Bu qanunda ölkə üzrə adambaşına milli gəlirin məbləğinin 70%-dən gəlir formalaşdıran, adambaşına kənd təsərrüfatına yararlı torpaqların həcmi ölkə üzrə orta göstəricədən azı 1.5-2 dəfə aşağı olan, dəniz səviyyəsindən 1000-dən yüksəklikdə yerləşən ərazilərdə münasibətdə kompleks iqtisadi təşviq proqramları tətbiq etmək vacibdir. 15 ildir işlənən ənənəvi regional inkişaf proqramlarından imtina edilməli, məhz dediyim meyarlar, dəqiq və kəmiyyətcə ölçülə bilən və hər bir bölgəni ayrıca əhatə edən, ayrıca təsdiqlənən proqramlaşma təcrübəsinə keçilməlidir”.