Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın kredit göstəricilərinə karbohidrogenlərin qiymətləri əhəmiyyətli dərəcədə təsir edir. Bu təsir həm şirkətin birbaşa hasilatı, həm də neft və qaz ixracını nəzərdə tutan Məhsulun Pay Bölgüsü Sazişlərində iştirakından, eləcə də, SOCAR-ın Türkiyədəki aktivlərinin fəaliyyətindən qaynaqlanır.
FED.az xəbər verir ki, bu barədə “Moody’s”in son hesabatında deyilir.
Agentlik qeyd edir ki, SOCAR-ın Türkiyə lirəsinin zəifləməsi ilə bağlı risklərə məruz qalması məhduddur. Çünki STAR Neftayırma Zavodu və Petkim tərəfindən istehsal olunan məhsulların satış qiymətləri ABŞ dollarına bağlıdır.
“Bu arada, Azərbaycanın milli valyutası faktiki olaraq 1 dollara 1,7 manat məzənnəsi ilə ABŞ dollarına bağlanıb. Şirkətin mənfəət göstəriciləri və borcla bağlı nisbətlər onun, əsasən, qısamüddətli borclanma ilə maliyyələşdirilən ticarət əməliyyatlarının həcminə də bağlıdır. Bununla yanaşı, ölkə daxilində müəyyən neft məhsullarına tənzimlənən qiymətlərin tətbiqi SOCAR-ın kredit göstəricilərinin neftin dünya qiymətlərindəki dəyişikliklərə qarşı həssaslığını azaldır”, – deyə “Moody’s”in hesabatında vurğulanır.
Sənəddə qeyd olunur ki, neftin yüksək qiymətləri şəraitində belə, SOCAR-ın kredit göstəricilərini yaxşılaşdırmaq imkanları məhduddur.
“Şirkət Azərbaycanın öz yataqlarında hasil etdiyi neftin böyük hissəsini ölkədə yeganə neftayırma müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavoduna göndərir və sonradan bu zavodda istehsal olunan əsas neft məhsulları daxili bazarda satılır. Həmin məhsulların bir qismi (o cümlədən AI-92 markalı benzin və dizel yanacağı) tənzimlənən, yəni dünya qiymətlərinə bağlı olmayan tariflərlə satılır. Zavodun illik neft emalı gücü 6 milyon ton təşkil edir və əsasən dizel yanacağı (onun təqribən üçdə biri ixrac olunur) və benzin istehsal edilir (əsasən daxili bazarda satılır)”, – deyə hesabatda bildirilir. (Trend)