"Fitch Ratings" beynəlxalq agentliyinin analitiklərinin proqnozlarına görə, 2021-2022-ci illərdə MDB regionunun (Gürcüstan və Ukrayna da daxil olmaqla) bir çox ölkəsində mərkəzi banklar monetar siyasətini sərtləşdirəcək.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını - Açıqladı
FED.az xəbər verir ki, artım miqyası, 2014-2015-ci illər sonrası dövrlə müqayisədə daha mülayim olacaq.
"Fitch" monetar siyasətdə dəyişikliyin əsas səbəbi kimi, COVID-19 pandemiyası fonunda artan inflyasiya təzyiqini göstərir. Bildirilir ki, MDB-də monetar siyasəti sərtləşdirən sonuncu ölkə Rusiya (martın 19-da uçot dərəcəsini 0,25 faiz bəndi çoxaldaraq 4,5%-ə yüksədib), ilk ölkə isə Ermənistan olub (dekabrdan bəri uçot dərəcəsini 1,25 faiz bəndi çoxaldaraq 5,5%-ə qaldırıb).
Ukrayna, Gürcüstan isə martda uçot dərəcəsini 0,5% faiz bəndi artıraraq müvafiq olaraq 6,5%-ə və 8,5%-ə qaldırıb.
Qeyd edək ki, sərt pul siyasəti inflyasiyanın azaldılmasına yönəldilmiş siyasətdir və bu zaman mərkəzi banklar kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 19-da verdiyi qərara əsasən, uçot dərəcəsi 6,25% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb. Bundan əlavə, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub. (Apa)