Cari ildə məzənnə rejiminin və ümumilikdə pul-kredit siyasətinin dəyişdirilməsi istiqamətində hər hansı bir addımın atılacağı gözlənilmir.
Eləcə də bax: Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Beynəlxalq Valyuta Fondunun (BVF) və "S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin orta dövrdə məzənnənin tənzimlənməsi tövsiyəsinə toxunan sədr qeyd edib ki, ortamüddətli dövrdə məzənnə rejiminin dəyişdirilməsi ciddi hazırlıq tələb edir və Mərkəzi Bank bu haqda düşünməklə yanaşı, beynəlxalq təcrübə öyrənir və beynəlxalq ekspertlər ilə məsləhətləşmələr aparır.
"Lakin cari ildə belə bir prosesin – məzənnə rejiminin dəyişdirilməsi nəzərdə tutulmur, eləcə pul-kredit siyasətinin dəyişdirilməsi istiqamətində də hər hansı bir addımın atılacağı gözlənilmir və proqnozlaşdırılmır," - E. Rüstəmov vurğulayıb.
Xatırladaq ki, S&P bildirmişdi ki, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər və bu, AMB-nin 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək.
BVF-yə gəldikdə, Fondun ekspertlərinə görə, Azərbaycan ortamüddətli perspektivdə manatı daha çevik məzənnə rejiminə mərhələli keçidini nəzərdən keçirilməlidir. BVF qeyd edir ki, manatın dollara de-fakto sərt bağlılığı inflyasiyanın nəzarətdə saxlanmasında effektiv olub, lakin Azərbaycanın əsas ticarət tərəfdaşlarının daha çevik rejimlərə malik olması ölkəyə rəqabətqabiliyyətliliyini qorunmasında çətinliklər yaradır.
Qeyd edək ki, sabit məzənnə rejimi çərçivəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 2018-ci ilin əvvəlindən 1,7 manat səviyyəsində sərt bağlanıb.