Məlum olduğu kimi, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Daşkənd şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin IV Beynəlxalq Konqresi keçirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti, qonaq qismində isə Gürcüstan qiymətləndiricilərinin qatıldığı toplantıda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ötən dövr ərzində CAATS-ın gördüyü işlər və qurumun gələcək fəaliyyət istiqamətləri, türk dövlətləri qiymətləndiricləri arasında yeni əməkdaşlıq formatları mövzusunda nitq söyləyib. Bundan öncə Türk Dövlətləri Qiymətləndiricilərinin Qazaxıtanda I, Türkiyədə II, Azərbaycanda isə III Beynəlxalq Forumları, eləcə də Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin "Zirvə Görüşü" baş tutub.
Özbəkistan səfərinin ardınca Türkiyəyə işgüzar səfər edən və mühüm görüşlər keçirən CAATS prezidenti və AQC sədri Vüqar Orucla söhbətimizdə rəhbəri olduğu beynəlxalq təşkilatın fəaliyyəti, türk dövlətləri qiymətləndiriciləri arasında münasibətlərin səviyyəsi və digər mövzular ətrafında söhbətləşdik.
FED.az həmin müsahibəni təqdim edir:
- Vüqar bəy, Özbəkistanda türk dövlətləri qiymətləndiriciləri yenidən bir araya gəldilər. Daşkənd Konqresinin yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.
- Heç şübhəsiz bu cür forumlar Türk Dövlətləri Qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin inkişafı, sektorda əməkdaşlığın gücləndirilməsi və vahid peşəkar standartların tətbiqi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Belə formatlarda keçirilən tədbirlər türk dövlətləri arasında iqtisadi inteqrasiyanı sürətləndirir. Bu, ilk tədbir deyil və bundan öncə Qazaxıstan, Türkiyə və Azərbaycanda da ənənəvi Forumlar təşkil edilib. Hələ Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) fəaliyyətə başlamazdan öncə Bakıda türk dövlətləri qiymətləndiriciləri "Zirvə Görüşü"ndə bir araya gəlib və CAATS-ın təsis edilməsi niyyətini bəyan ediblər.
Daşkənd Forumu da produktivliyi ilə diqqət çəkib və gələcək əməkdaşlıq imkanları istiqamətində ciddi müzakirələr aparılıb. Nəzərə alsaq ki, bu gün CAATS-da 7 türk dövləti, 700-dən artıq qiymətləndirmə şirkəti, minlərlə qiymətləndirici birləşir, eyni zamanda regionun digər dövlətləri də, Rusiya, Belarus və Gürcüstan qiymətləndiriciləri də qurumun fəaliyyətinə xüsusi maraq göstərir, aydın şəkildə söyləmək olar ki, CAATS regionda ən böyük qiymətləndirmə platformasıdır. Hazırda türk dövlətləri olmamalarına baxmayaraq, Şuramızda təmsil olunmaq üçün Gürcüstan və Tacikistan qiymətləndiriciləri də müraciət edəcəkləri barədə mövqeyini ifadə ediblər. Azərbaycan, Özbəkistan və Qazaxıstanda mövcud olan digər qiymətləndirici birliklər də CAATS sıralarına qoşulmağa maraq göstərirlər. Məlumdur ki, bu cür beynəlxalq birliklərin əsas funksiyası qarşılıqlı əməkdaşlığa töhfə verməkdir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Şura bu istiqamətdə öz missiyasını ləyaqətlə icra edib. Təşəbbüskarı olduğumuz layihənin uğurlu alınmasını və inkişafa doğru irəliləyəcəyini indidən söyləmək olar.
Bu məqamda onu da bildirim ki, son Forumda CAATS prezidenti olaraq qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı mövqeyimi və təkliflərimi Forum iştirakçılarının diqqətinə çatdırdım. Türk Dövlətlər Təşkilatında 7 ənənəvi türk cumhuriyyətlərindən əlavə Macarıstan da təmsil olunur. TDT-nin qeyri-rəsmi olsa da alt qurumu hesab oluna biləcək CAATS niyə Macarıstan qiymətləndiricilərini öz sırasına almasın? Eyni zamanda biz unutmamalıyıq ki, Azərbaycan Respublikasının Prezidenti, zati-alilələri İlham Əliyev Daşkənddə keşirilən TDT sammitində türk dünyasının təkcə dövlətləri olan türk xalqlarından ibarət olmadığını vurğulamışdı. Düşünürəm ki, birliyimizə Rusiya Federasiyasında birləşən türk muxtar respublikalarının qiymətləndirmə birliklərini də dəvət etməliyik. Əsas məsələlərdən biri də Şuramızın qeydiyyata alınmasıdır. Bu məsələnin Azərbaycanda gerçəkləşməsi türk birliyini əsas prioritet elan etmiş dövlətimizin siyasətinin ardıcıllığının bir daha təsdiqi ola bilər. Hazırda Ədliyyə Nazirliyindən bu istiqamətdə xoş xəbər gözləyirik. Arzumuz odur ki, tarixdə CAATS-ın məhz ölkəmizdə qeydiyyatda keçməsi əks olunsun və biz bununla fəxr edə bilək.
-Ölkə mediasında məlumat yayıldı ki, Konqresdə siz mükafata layiq görülmüsünüz. Bu barədə nə deyə bilərsiniz?
- Daşkənd Konqresində AQC sədri və CAATS prezidenti olaraq mükafata layiq görülməyim əməyimə verilən yüksək qiymətdir. Mükafat CAATS-ın qurulmasında, türk dövlətlərinin qiymətləndiricilərinin bir araya gəlməsində xidmətlərimizə görə təqdim edildi. Çox sevindirici haldır ki, Qiymətləndiricilər Palatası da bu tədbirdə yaxından iştirak edirdi və bu, Azərbaycan tərəfdən türk dövlətləri qiymətləndiricilər arasında əməkdaşlığın qurulmasında əsas təşəbbüskarlardan olan AQC-nin fəaliyyətinə yüksək marağın ifadəsidir.
- Bölgədə ən böyük qiymətləndirmə platformasının rəhbəri olaraq sizcə, regionda qiymətləndirmə sektorunun inkişafı müasir dövrün tələblərinə adekvatdırmı?
- Qiymətləndirmə sektoru ekosistemin ayrılmaz tərkib hissəsidir və mövcud bazar şəraitində aktivlərin, daşınmaz əmlakın, biznesin və digər dəyərlərin obyektiv qiymətləndirilməsini təmin edir. Regionda, habelə Azərbaycanda qiymətləndirmə fəaliyyəti son 30 ildə formalaşıb və tədricən inkişaf edib. Lakin müasir dövrün çağırışları bu sahənin daha da təkmilləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşmasını tələb edir. Sovet İttifaqının süqutundan sonra qiymətləndirmə əsasən Qərb təcrübəsinə istinadən həyata keçirilib. Əslində bu, təbiidir və dünya nizamı, müasir beynəlxalq standartlar bizim üçün də zəruridir.
Ancaq bölgəmizin spesifik cəhətlərini və iqtisadi qanunauyğunluqlarını nəzərə alsaq, milli qiymətləndirmə standartlarının tətbiqi də labüddür. Əslində CAATS-ın yaranmasının da mahiyyətində məhz bu amil dayanıb və əsas fəaliyyət istiqamətlərindən biri də budur. Fərqli ölkələr olsalar da, kifayət qədər oxşar cəhətləri mövcuddur və ən əsası eyni coğrafiyanı və dəyərləri daşıyırlar. Bu kontekstdə türk dövlətləri qiymətləndirmə standartlarının yaradılmasına xüsusi ehtiyac var. Hazırda bu istiqamətdə fəal müzakirələrimiz davam edir və əminəm ki, yaxın gələcəkdə buna nail olacağıq.
- Beynəlxalq inteqrasiya haqqında danışdıq. Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?
- Qeyd edim ki, 2022-ci ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki yığıncağında, hansı ki, bu dövrdən etibarən quruma rəhbərlik edirəm, təklif etdik ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yenilənsin və qiymətləndirmə fəaliyyətini rəsmi qaydada həyata keçirən təsisat formalaşdırılsın. Ona görə ki, AQC qiymətləndirmə sahəsində faktiki tənzimləmə siyasətini həyata keçirsə də, inzibati təsir alətlərinə malik deyildi. Yeni qanun layihəsinin qəbulunda və Qiymətləndiricilər Palatasının formalaşmasında AQC olaraq yaxından iştirak etdik. Həm Azərbaycan Parlamenti, həm də Dövlət İmtahan Mərkəzi ilə fəal əməkdaşlıq etdik. Baş nazir Əli Əsədovun sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin toplantılarına Ədliyyə, İqtisadiyyat, Maliyyə nazirliklərinin, Dövlət İmtahan mərkəzinin nümayəndələri ilə birlikdə qatıldıq.
Artıq yeni qanun qəbul edilib, Palata da fəaliyyətə başlayıb. Yeni bir dövr başlayıb. Ölkə qiymətləndiriciləri Palatada təmsilçilik hüququ qazanıblar. Şübhəsiz ki, inzibati təsir orqanı olan Palatadan gözləntilərimiz böyükdür. Əsas gözləntimiz sektorda şəffaflığın və peşəkarlığın təmin olunması, milli qiymətləndirmə standartlarının tətbiqi, qiymətləndiricilərin hüquq və mənafelərinin qorunmasına yönələn kompleks tədbirlərin həyata keçirilməsidir. Müasir dövrdə qiymətləndirmə sektorunun iqtisadiyyatdakı iştirakı və payı artır və bu mənada Palata sektorun yenilənməsi istiqamətində real addımlar atmalıdır. AQC olaraq biz də bu prosesdə yaxından iştirak etməyə və şəffaflığın, peşəkarlığın təmin olunmasına öz töhfəmizi verməyə hazırıq.
- Palata inzibati qurumdur və artıq fəaliyyətə başlayıb. Bundan sonrakı dövrdə AQC-nin fəaliyyət istiqamətləri nədən ibarət olacaq?
- AQC assosiativ peşə birliyidir və fəaliyyətini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla tənzimləyir. Assosiativ peşə birliklərinin inkişafı Cənab Prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir və son dövrlər İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyilə demək olar ki, bütün sahələrdə ticari birliklərin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən iqtisadi inkişafa dair proqramlarda da bu məqam aydın şəkildə öz əksini tapıb. Eyni zamanda “İctimai iştirakçılıq haqqında qanun” qəbul edilib və bu qanuna müvafiq olaraq bütün dövlət qurumlarında, mərkəzi və yerli icra hakimiyyətlərində, habelə publik hüquqi şəxslərin tərkibində ictimai şuralar yaradılıb. Təbii ki, bu cür qurumların formalaşmasında əsas məqsəd ictimai iştirakçılığı təmin və təşviq etməkdir. AQC ölkəmizin ilk assosiativ təşkilatlarından biridir və təvazökarlıqdan uzaq olsa da, bu səpkili təsisatlar arasında öncül yerlərdən birini tutur. Yeni qanunun qəbulu və Palatanın təsis olunmasında, CAATS-ın ərsəyə gəlməsində də əsas təşəbbüskarlardan biri AQC olub. Məhz elə bu fəaliyyətinə görə də, 2024-cü ilin ən fəal assosiativ təşkilatı nominasiyası ilə təltif olunub. Qiymətləndirmə istiqamətləri üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanların sualların hazırlanmasında AQC yaxından iştirak edir.
Daha bir uğurumuz isə, AQC-nin daxilində Bank Ekspert Şurasının yaradılmasıdır. Bu Şurada demək olar ki, ölkəmizdə fəaliyyət göstərən bütün bankların qiymətləndirməyə bilavasitə məsul rəhbər şəxsləri təmsil olunurlar. AQC təkcə qiymətləndirmə subyektlərinin təşkilatı deyil, həm də qiymətləndiricilərin peşəkar birliyinə çevrilib və bu da bizim ən böyük nailiyyətlərimizdən biridir. Türkiyə nümunəsində bankda qiymətləndirmənin ekspertizasının həyata keçirilməsi fəaliyyəti üçün Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyində təmsilçilik icbaridir və Azərbaycanda da bu qaydanın tətbiq olunmasına ehtiyac var. Bu mənada AQC-nin bu addımı Qiymətləndiricilər Palatası üçün də nümumədir. Fəaliyyətimiz heç şübhəsiz bundan sonra da uğurla davam edəcək və yaxın gələcəkdə Cəmiyyətin fəaliyyətini daha da genişləndirməyi nəzərdə tuturuq. Qiymətləricilərin hüquq və mənafelərinin təmini, qarşılıqlı təmasların artırılması, təlim-tədris fəaliyyətinin təşkili və digər istiqamətlərdə səylərimizi gücləndirəcəyik. İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Mərkəzi Bank, ASK, KOBİA və digər qurumlarla peşəkar əməkdaşlığa nail olmuşuq ki, bundan sonra da bu, davam edəcək.
- Türkiyəyə son səfərinizdə əsas müzakirə mövzusu nə idi?
- Türkiyəyə səfərimin də əsas məqsədlərindən biri türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsidir. Səfər çərçivəsində çox məhsuldar görüşlərimiz oldu. "VakıfBank"ın rəhbərliyi ilə, baş direktor müavini Kadir Karataş, qiymətləndirmə ekspertizası bölümünün rəhbəri Mustafa Akarca ilə görüşümüzdə Türkiyədə AQC daxilində təsis olunan Bank Ekspertlər Şurası modelinin təsis olunması istiqamətində müzakirələr apardıq. Onlayn şəkildə AQC Bank Ekspertlər Şurasında təmsil olunan 17 bankla yaxın günlərdə təcrübə mübadiləsi məqsədilə ortaq toplantı keçirilməsi ilə bağlı qərar qəbul edildi. Daha sonra bu müzakirələr bankın qiymətləndiriciləri ilə seminar formasında təşkil edilən disskusiya ilə davam etdirildi. Tədbirdə ölkəmizlə və rəhbəri olduğum qurumlarla bağlı sualları cavablandırdım.
"HalkBank"ın direktoru Gökay Özder və qiymətləndirmə ekspertizası bölüm rəhbəri Efsun Ela Yıldızla görüşümüzdə də qarşılıqlı əməkdaşlıq barədə mühüm müzakirələr apardıq. Onu da bildirim ki, VagıfBank və HalkBank dövlət bankları olmaqla yanaşı, həm də qardaş ölkənin ən böyük 3 banklarından ikisidir.
Dünyada tanınmış daşınmaz əmlak, audit, qiymətləndirmə şirkəti olan “CBRE GROUP” öz ofisində bizi ağırladı və ölkəmizdə daşınmaz əmlak sektoru ilə bağlı ətraflı müzakirələr apardıq, Azərbaycan nümayəndələrinin şərəfinə iftar süfrəsi açıldı.
Dünyaca məşhur qiymətləndirmə və audit qurumu olan və əsası Böyük Britaniyada qoyulan “RİCK” təşkilatının Türkiyə üzrə İmtahanların Münsiflər heyətinin sədri Vehbi Hariri ilə görüşümüzdə isə Azərbaycandan olan qiymətləndiricilərinin “RİCK”də imtahanlarının təşkili mövzusunda fikir mübadiləsi apardıq. Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Adil Koçalanla türk dövlətlərinin müxtəlif istiqamətdə əməkdaşlıqlarının gücləndirilməsi və media dəstəyi ətrafında fikirlərimizi bölüşdük. Digər mühüm görüşlərimiz oldu və “Kanal 34” televiziya kanalında CAATS-ın fəaliyyətə barədə geniş məlumat verdim. İnanıram ki, bu səfər iki ölkənin bank sektoru və qiymətləndirmə ekspertizası fəaliyyət istiqaməti üçün məhsuldar nəticələr verəcək. Hədəflərimiz zaman keçdikcə daha da artır və onlara çatmaq istiqamətində daha böyük səylə addımlar atmağa davam edirik.