Asiya İnkişaf Bankı (AİB) qlobal vəziyyətin pisləşməsi fonunda Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi artım proqnozlarını aşağı salıb.
Asiya İnkişaf Bankı Azərbaycan bankında payını - ARTIRIB
Bankın Bakı ofisindən FED.az-a verilən məlumata görə, regionun iqtisadiyyatı bu il 4,2%, gələn il isə 4,6% artacaq. Bu barədə AİB bu gün açıqlanan “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2022” illik əlavəsində bildirib. AİB sentyabr ayında region üzrə iqtisadiyyatın 2022-ci ildə 4,3%, 2023-cü ildə isə 4,9% artacağını təxmin etmişdi.
Qlobal səviyyədə və regionda mərkəzi bankların pul siyasətini sərtləşdirməsi, Rusiyanın Ukraynada uzun müddət davam edən işğalı və Çin Xalq Respublikasında (ÇXR) təkrarlanan qapanmalar Asiyanın COVID-19 pandemiyasından bərpasını ləngidir. "Sıfır-COVID" yanaşması çərçivəsində davam edən məhdudiyyətlər, əmlak bazarının əziyyət çəkməsi ÇXR-in böyümə perspektivinin bir daha aşağı düşməsinə səbəb olub.
AİB-in baş iqtisadçısı Albert Park qeyd edib ki, “Asiya və Sakit Okean regionu bərpa olunmağa davam edəcək, lakin qlobal şəraitin pisləşməsi o deməkdir ki, biz yeni ilə qədəm qoyduğumuz bu günlərdə regionun sürət dinamikası müəyyən qədər azalır”. O, həmçinin bildirib ki, "Hökumətlər COVID-19-un uzunsürən çağırışlarını aradan qaldırmaq, yüksək ərzaq və enerji qiymətlərinin xüsusən yoxsul və həssas təbəqələrə təsirlərinə qarşı mübarizə aparmaq və dayanıqlı, inklüziv iqtisadi bərpanı təmin etmək üçün daha yaxından işləməli olacaqlar."
AİB bu il Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrində inflyasiya proqnozunu 4,5%-dən 4,4%-ə endirib. Bununla belə, bank enerji və qida məhsullarının davamlı inflyasiya təzyiqlərinə məruz qalması üzündən gələn il üçün proqnozunu 4,0%-dən 4,2%-ə qaldırıb.
ÇXR-in iqtisadiyyatının bu il əvvəlki 3.3%-lük proqnoz ilə müqayisədə 3.0% artacağı təxmin edilir. Gələn il üçün proqnoz qlobal yavaşlama ilə əlaqədar 4,5%-dən 4,3%-ə endirilib. Hindistan üçün ÜDM artım proqnozları bu maliyyə ili 7,0%, növbəti maliyyə ili isə 7,2% səviyyəsində saxlanılıb.
Hətta aşağı salınmış proqnozlara baxmayaraq, Asiyanın inkişaf etməkdə olan ölkələri həm artım, həm də inflyasiya baxımından qlobal miqyasda digər regionlardan daha yaxşı nəticə göstərəcək. AİB-in bu il Cənub-Şərqi Asiya üçün artım proqnozu Malayziya, Filippin, Tayland və Vyetnamda istehlak və turizmin güclü bərpası fonunda 5,1%-dən 5,5%-ə yüksəldilib. Lakin gələn il üçün proqnozlar isə qlobal tələbin zəifləməsi üzündən 5.0%-dən 4.7%-ə endirilmişdir. Bu il Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozu 3,9%-dən 4,8%-ə, Sakit Okean region üçün proqnoz isə Ficidə turizmin güclü bərpası səbəbiylə 4,7%-dən 5,3%-ə yüksəldilib.
“ADO” hər il aprel ayında nəşr olunur, sentyabrda yenilənir və qısa əlavələr adətən iyul və dekabr aylarında dərc olunur. Asiyanın inkişaf etməkdə olan ölkələrinə bankın inkişaf etməkdə olan 46 üzvü daxildir.
AİB ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi vasitəsilə Asiya və Sakit okean regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.