İndiyədək dünyanın nüfuzlu audit şirətlərindən sayılan, audit şirkətlərinin «Böyük Dördlüyü»nə daxil olan «PwC»nin saxta audit aparığı aşkar edilib.
Azərbaycanda auditin inkişafına mane olan amillər - AÇIQLANDI
Söhbət Çinin iri tikinti şirkəti olan «Evergrande Group»un maliyyə hesabatındakı ciddi təhriflərdən gedir.
FED.az xəbər verir ki, Çin hökuməti bir qədər əvvəl müflis olmuş «Evergrande» şirkətinin fəliyyətini və müflis olma prosesini işini araşdırdıqda onun auditini aparmış «PwC»nin ciddi pozuntulara yol verdiyini aşkarlayıb.
Bununla əlaqədar olaraq Çin qiymətli kağızlar bazarının tənzimləyici qurumu «PwC»nin Çin bölməsinə qarşı sərt sanksiyalar tətbiq edib. Belə ki, şirkət 62 milyon dollar cərimə edilib, onun fəaliyyətinə isə yarım illik qadağa qoyulub.
«PwC Zhong Tian»ın cərimələnməsinin səbəbi «Evergrande» developer şirkətinin auditində yol verilən ciddi pozuntular olub. Son illər «Evergrande» şirkəti ciddi maliyyə böhranı ilə üzləşib.
Çinin müvafiq orqanları «PricewaterhouseCoopers LLP»nin («PwC») fəaliyyəti ilə «Evergrande» şirkətindəki maliyyə fırıldaqlarını araşdıranda maraqlanıblar.
Çinin nəzarətçi qurumunun məlumatına görə, «Evergrande» şirkəti özünün 2020 və 2021-ci illər üzrə gəlirlərini 80 milyard dollar artıq göstərib. Həmin dövrdə şirkətin auditini «PwC» aparıb, amma audit şirkəti bu pozuntuları gördüyü halda onu gizlədib və bu barədə məlumat verməyib.
Çin hökuməti buna görə «Evergrande»ni ayrıca olaraq 4,18 mlrd yuan və ya 590 milyon dollar cərimə ediblər.
Çinin Maliyyə Nazirliyi bu barədə ayrıca məlumat yayaraq «Price Waterhouse Coopers» (PWC) şirkətini «saxta audit aparmaqda» ittiham edib.
Nəticədə şirkət 440 milyon yuan və ya 62 milyon dollar cərimə edilib, onun fəaliyyətinə 6 aylıq qadağa qoyulub. 116 milyon yuan cərimə Çinin maliyyə nazirliyi tərəfindən, 325 milyon yuan cərimə isə Çinin qiymətli kağızlar bazarının tənzimlənməsi komissiyası (China Securities Regulatory Commission, CSRC) tərəfindən tətbiq edilib.
Qeyd edilir ki, bu Çin hökuməti tərəfindən audit sektorunda tətbiq edilmiş ən sərt cəzadır.
Çinin rəsmi qurumları hesab edir ki, bu məsələdə «PwC»nin davranışında söhbət sadə aditor səhvindən getmir, «auditor şirkəti, yəni «PwC» faktiki olaraq «Evergrande» şirkətinin maliyyə fırıldaqlarına kömək edib».
«PwC»nin özündə baş verənlərdən, yəni «Evergrande»nin auditindən təəssüfləndiklərini bildirib. Şirkət bu işlə bağlı olan 11 nəfəri işdən azad edib, onlar şirkətin partnyorları və əməkdaşlarıdır. Faktiki olaraq baş verənləri təsdiqləyən «PwC» qeyd edib ki, keyfiyyətə nəzarət və risklərin idarə olunmasına nəzarətin artırılması üçün tədbirlər görəcək.
Xatırladaq ki, auditor şirkətlərinin işlərində pozuntulara yol verməsi və buna görə cəzayə məruz qalması ilk dəfə deyil. Bu ilin avqustunda Britaniyanın qiymətli kağızlar bazarının tənzimləyicisi «EY» auditor şirkətini 251 min funt sterlinq cərimə etmişdi. Buna səbəb şirkətin Roman Abramoviçə məxsus olan Rusiyanın «Evraz» poladtökmə şirkətindən alınan komissiya haqları üzrə limiti keçməsi olub. Bununla bağlı aparılan araşdırma göstərib ki, «EY» auditor şirkəti Roman Abramoviçin şirkətinə qeyri-audit xidmələri də göstərib ki, onun üçün ödənilən xidmət haqqının məbləği limitdən 2 dəfə artıq olub.
Qeyd edək ki, «PwC»nin Şanxayda qeydiyyatdan keçmiş bölməsi olan «PricewaterhouseCoopers Zhong Tian» 10 il idi ki, «Evergrande»nin auditini aparırmış. Tərəflər 2023-cü ilin sonunda əməkdaşlığı dayandırıblar.
Ümumiyyətlə bu əhvalata qədər, yəni 2022-ci ilədək «PwC Zhong Tian» şirkəti Çində ən böyük auditor şirkəti sayılırdı. Həmin vaxt şirkətin illik gəliri 7,9 milyard yuan və ya 1,1 milyard dollar təşkil etmişdi. O vaxtdan bəri müştərilərin çıxıb getməsi nəticəsində şirkətin gəlirləri ciddi azalıb.