Gündəlik həyatımıza birbaşa təsir edən əsas amillərdən biri də maliyyə savadlılığıdır. Təsadüfi deyil ki, evdar qadından tutmuş sahibkara qədər özünü dərk edən hər bir şəxs pulla bağlı qərar qəbul edir. Aydın məsələdir ki, düzgün qərar maliyyə vəziyyətini yaxşılaşdırdığı kimi, yanlış olan mənfi nəticələrə gətirib çıxarır. Bir tərəfdən marketinq hiylələri, lüzumsuz istehlak üçün insanlara şüuraltı təsirlər, digər tərəfdən hesablamalardan daha çox hisslərə qapılaraq gəlirləri nəzərə almadan xərcləmələr etmək sonda xoşagəlməz mənzərənin yaranması ilə nəticələnir. Belə vəziyyətlərdə xərcləri ödəməyə hətta yüksək əməkhaqqı da kömək edə bilmir.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
Bu baxımdan nahaq yerə deyilmir ki, “qazanmaq çətindir, amma xərcləmək ondan da çətindir”. Nəticə: bütün bunlar maliyyə savadlığının əhəmiyyətindən xəbər verir.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, iqtisadçı Elman Sadıqov deyir ki, əhali bəzən yanlış olaraq maliyyə savadlılığını kredit götürmək, faizlərin hesablanması, müqavilənin oxunması və s. kimi anlayır. Hərçənd ki, bu anlayışlar maliyyə savadlılığının əlifbasıdır, yəni bir hissəsidir.
Mütəxəssis bildirib ki, maliyyə savadlılığı insanların büdcə, yığım, borcalma və investisiya kimi məsələlərdə real iqtisadi şərtləri də nəzərə alaraq qərar qəbul etmə qabiliyyətidir: “Maliyyə savadlılığı hər bir kəsə lazım olan anlayışdır. Çünki hər bir kəs gəlirindən asılı olaraq müəyyən vəsait yığır, investisiyalar edir, borc alır və ya yaxud öz büdcəsini formalaşdırır. Maliyyə savadlılığı ilə bağlı ən çox verilən suallardan biri pulu necə xərcləməkdir. Yəni burada xərc dedikdə, istər ailə üzvlərinin, fərdlərin, istərsə də sahibkarların xərcləmələri nəzərdə tutulur. Ümumi götürdükdə, xərcləmələrlə bağlı dünyada bir neçə metod mövcuddur. Amma ən çox yayılanı 50-30-20 metodudur. Aylıq qazancın 50 faizi sabit xərclərə yönəldilir. Buraya kommunal, geyim, ərzaq, dərman və s. xərclər aiddir. Vəsaitin 30 faizi borcların bağlanması və yığım üçün nəzərdə tutulur. Qalan 20 faizi isə əyləncə və istirahətə yönləndilir”.
Ekspert vurğulayır ki, burada qeyd olunan hədlərdən kənara çıxmaq da olar. Məsələn, şəxsin borcu yoxdursa, gəlirlərinin 20 faizi ətrafında, gəlirləri azdırsa, minimum 10 faiz ətrafında yığım təşkil edə bilər: “Yığıma üstünlük verilməsi çox vacibdir. Çünki yığım müəyyən müddətdən sonra investisiya, investisiya isə passiv gəlir deməkdir. Hər bir şəxsin həyatında əsas məqsədlərdən biri də passiv gəlir əldə etməsidir. Passiv gəlir maliyyə müstəqilliyinə aparan yoldur. Maliyyə müstəqilliyinin əldə olunmasının yolu isə maaşdan, aktiv gəlirdən əlavə, passiv gəlirin formalaşmasına gətirib çıxarır. Yəni, hətta evdə oturmaqla və yaxud başqa işdə işləyərək yığımı investisiya etməklə vəsait əldə edilmiş olur. Bu da vətəndaşları faktiki olaraq gələcəkdə hər hansı bir sahədən asılı olmaqdan xilas edir”.
Digər müsahibimiz, iqtisadçı Xalid Kərimli isə xatırladır ki, ailə büdcəsini tərtib etmək üçün müxtəlif rəqəmsal tətbiqlər mövcuddur. Onun sözlərinə görə “excel” cədvəllər qurmaqla da ailə büdcəsini idarə etmək olar.
Borclanmaya gəlincə, X.Kərimli bu qənaətdədir ki, müəyyən ehtiyacları erkən ödəmək üçün buna getmək qaçılmazdır: “Borclanma olmasa, məsələn, evi almaq üçün 10 il gözləmək lazım gələcək. Ancaq illik 5-6 faizlə ipoteka krediti götürmək pis olmazdı. Amma borcun idarəedilməsi, səmərəlilik - bu, tamam başqa məsələdir. Məsələ, qaytara biləcəyiniz borcu götürməkdir”.
Ekspert hesab edir ki, insanlar gəlirlərini və xərclərini düzgün proqnozlaşdırmalı, uçotunu dəqiq aparmalıdırlar. Verilən qərarlar, xüsusilə borclanma və vəsaitlərin yerləşdirilməsi ilə əlaqədar qərarlarında bunun mənfi və müsbət tərəfləri düzgün müqayisə edilməlidir: “Vətəndaşların hər birinin maliyyə savadı yoxdur. Amma hər bir vətəndaş xərclərini, gələcək gəlirlərini düzgün proqnozlaşdırmalıdır. Hər hansısa bir daşınar və ya daşınmaz əmlakı borclanma ilə alanda bunun faizini nəzərə almalıdır ki, gələcəkdə gəlirlərinin bu borcun qaytarılmasına imkan verib-verməyəcəyini müəyyənləşdirə bilsin. Əvvəlcə özünün pul vəsaitinin proqnozunu çıxarmalıdır. Bundan sonra alacağı daşınar və ya daşınmaz əmlakın ona nə qədər fayda verəcəyini müqayisə etməlidir”.