Beləliklə, banklar manatı yerləşdirməkdə çətinlik çəkirlər. Dövlət qısa və ortamüddətli istiqrazlar, Mərkəzi Bank isə depozit hərracı, eləcə də notlar vasitəsilə bazardan manatı alır. Bu yolla manatın bazardan yığılması tədbirləri davam etdiyindən belə bir vəziyyət yaranıb: dollar ajiotajı yoxdur, çünki idxal əməliyyatları azalıb, üstəlik, əhali yığdığı dolları xərcləməyə başlayır. Eyni zamanda banklar kreditləri yığır, onun yenidən yerləşdirilməsi üçün real sektor isə yoxdur. Hazırda depozitə götürülən vəsaitin belə gəlir götürmək üçün alternativ yatırım mexanizmləri tapılmır. Bu səbəbdən də bəzi banklar ümumiyyətlə, depozit götürmürlər və kredit vermirlər. Bir sözlə, iqtisadiyyatın qan dövranında “stoplayan nöqtələr” hələ də ümumi şəkildə biznesin vəziyyəti ilə birbaşa bağlıdır.
Ən yaxşı yol isə kifayət qədər likvidlik vəd edən dövlət qiymətli kağızlarıdır. Son hərraclar göstərir ki, bu sahədə gəlirlilik faizləri aşağı düşsə də yenə də bank və digər maliyyə mənbələri manatla onları almağa üstünlük verirlər. Məsələn Mərkəzi Bankın yanvar ayında keçirdiyi depozit hərraclarının nəticələrinə görə, gəlirlilik 14,79%-dən 13,05 faizə düşüb.
Mərkəzi Bank-Depozit auksionları
Tarix | Elan edilmiş həcm, AZN | Tələb AZN | Depozit qəbul olunub, AZN | % | Bitmə vaxtı |
05/01/2018 | 300.000.000 | 57.005.000 | 57.005.000 | 14,69 | 19/01/2018 |
08/01/2018 | 300.000.000 | 300.003.000 | 300.000.000 | 14,79 | 22/01/2018 |
12/01/2018 | 250.000.000 | 446.600.000 | 250.000.000 | 14.55 | 26/01/2018 |
15/01/2018 | 250.000.000 | 318.000.000 | 250.000.000 | 14.20 | 29/01/2018 |
22/01/2018 | 250.000.000 | 318.000.000 | 250.000.000 | 14.30 | 05/02/2018 |
29/01/2018 | 250.000.000 | 695.400.000 | 250.000.000 | 13.05 | 12/02/2018 |
Yanvarın 10-na qədər həftə ərzində 2 dəfə keçirilməklə 300 milyon manat təklif edilib. Lakin yanvarın ilk günlərində tələb yüksək olmayıb. 12-də isə təklif 250 milyon manata salınıb və bundan sonrakı depozit hərraclarında isə artıq yenidən manat bolluğu yaranıb. Beləliklə, bir ayda təkcə depozit hərracları vasitəsilə 1 milyard 357 milyon manat sterilizə edilib.
Eyni mənzərə Mərkəzi Bankın notlarının həcmində və gəlirliyində də özünü göstərir. Belə ki, ilin əvvəlində qeydə alınan tələb azlığı getdikcə artmağa başlayır.
Mərkəzi Bank – Notlar
Tarix | Elan olunmuş məbləğ, AZN | Tələb, AZN | Depozit qəbul edilib, AZN | % | Bitmə tarixi |
04/01/20178 | 250.000.000 | 80.062.300 | 80.062.300 | 14.52 | 31.01.2018 |
10/01/20178 | 150.000.000 | 150.686.200 | 150.000.000 | 14.52 | 07.02.2018 |
17/01/20178 | 250.000.000 | 290.961.700 | 250.000.000 | 14.44 | 14.02.2018 |
24/01/20178 | 250.000.000 | 381.621.400 | 250.000.000 | 14.01 | 21.02.2018 |
Qeyd edək ki, Maliyyə Nazirliyinin qısa və orta müddətli istiqrazları üzrə də gəlirlilik 14,52%-dən 13.77%-ə düşüb. Son yerləşdirmədə tələb təklifdən 2 dəfə çox olub. PSG Kapital İnvestment şirkətinin direktor müavini Cəfər İbrahimlinin sözlərinə görə, Mərkəzi Bank daha əvvələr uçot dərəcəsini 15%-ə yüksəltməklə əhalinin milli valyuta daha yüksək gəlirlilk əldə edəcəkləri üçün xarici valyuta alımlarının azalmasını hədəfləmişdirsə son bir ildə bu siyasəti davam etdirərək inflyasiyanı tənzimləmək istəməkdədir. Uçot dərəcəsinin qaldırılması və eləcə də notlar, istiqrazlar üzrə yüksək gəlirlilik təmin edilməsi dollara olan tələbatı azaltdı. Hal hazırda isə dövriyyədəki pul kütləsinin azaldılması ilə inflyasiyanin tənzimlənmə hədəfi və bu çərçivədə MB not və Depozit hərracları üzrə yüksək gəlirliliyin təmin edilməsi bankarın likvid vəsaitlərini iqtisadiyyatın kreditləşdirməsi əvəzinə likvid və sıfır riskli maliyyə alətlərinə yönəlməsinə səbəb olub. Davam etdirilən pul siyasəti son ildə inflasiyanın cilovlanmasına çox kömək edə bilmədi çünkü inflyasiya tələb deyil əsasən maliyyət artışından qaynaqlanırdı. Cari ildə diğər iqtisadi proseslərə bağlı olaraq inflyasiya trendinin zəyifləyəcəyini və pul siyasətində dəyişikliyin olunmasına paralel olaraq bankarın not və depozitlərlə paralel kreditləşməyə də yönəlməsi gözlənilir.