İqtisadçı-ekspert Rövşən Ağayev Prezident İlham Əliyevin bank kreditləri ilə bağlı bu gün verdiyi fərmanı şərh edib.
FED.az-ın məlumatına görə, o bildirib ki, güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub:
“Eyni zamanda, güzəşt yalnız 10.000 ABŞ dollara qədər olan borclara aid olacaq. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları qərarları nəticəsində artmış məbləğlər kompensasiyası ediləcək”.
R.Ağayev qeyd edib ki, güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür:
“Vətəndaşların 10.000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. 2012-ci il yanvarın 1-dən 2015-ci ilin 21 fevralınadək olan kredit borclarının hər dolları üçün 0.25 qəpik, 2015-ci ilin 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək”.
Ekspert qeyd edib ki, dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə, bilavasitə vətəndaşın özünə çatdırlır:
“Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir. Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur”