Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunda apardığı araşdırmalar böyük pozuntuların aşkarlanmasına səbəb olub. Palatadan FED.az-a verilən məlumata görə, bura Fonda olan əsas iradlardan biri əmək haqqından sosial sığorta ödənişlərinin yaxşı yığılmamasıdır. Palata bildirir ki, ötən il əmək haqlarında heç br gecikmə olmadığı halda ödəniş planı təqribən 10% kəsirlə icra edilib. Üstəlik, Palata işarə edib ki, sosial sığorta haqlarının artımı bu vəsaitlərin daşa yaxşı yığılmasının deyil, sadəcə ölkə üzrə əmək haqqının artımının nəticəsidir.
Bundan başqa, Palatanın Fonda tutduğu digər irad fiziki şəxslərin gəlirlərindən sosial sığorta ödənişlərinin lazımınca yığılmaması olub. Palata hesablayıb ki, bu sahədə böyük potensial var, sadəcə fondun bu potensialı reallaşdırması imkanları zəif olub.
Digər tərəfdən, bildirilir ki, DSMF-yə fmüəssisə və təşkilatların borcları artıb, amma onların geri alınması üçün məhkəmə müraciətləri heç də bütün hallarda edilməyib, məhkəmə qərarı olan işlərdə isə borcun tam yığılması təmin olunmayıb.
Ən maraqlı iradlardan biri odur ki, fondun ümumi xərclərinin artım tempi pensiyaların artımı sürətini üstələyib. Səbəbi də odur ki, artım daha çox fondun özünün saxlanması və pensiyaların çatdırılması xərci üzrə baş verib.
Digər maraqlı məsələ odur ki, Palata son vaxtlar əhalinin pensiya yaşına görə deyil, əlillik vasitəsilə pensiyaya çıxiası hallarının artmasını aşkarlaıb, üstəlik məlum olub ki, pensiyaların təyin edilməsində problemlər var. Fond un mərkəzi aparatı isə yerlərdə belə halları düzgün araşdırmayıb.
Başqa sözlə, Hesablama Palatasının apardığı araşdırmalar DSMF-nin fəaliyyətində ciddi prblemlər aşkar edib. Doğrudur, Palatanın açıqlamasında fondun fəaliyyəti ilə bağlı müsbət məqamlar da yer alıb – onlardan ən əsası fondun dövlət büdcəsindən və büdcə sektorundan asılılığının azalmasıdır.
Amma göründüyü kimi iradlar daha çox olub. Palatanın DSMF il bağlı iradları aşağıdakılardır:
Fondun 2016-cı ildə fəaliyyətinə dair hesabatların təhlili və araşdırılması aşağıdakı nəticələrin əldə olunmasına imkan vermişdir:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan bir sıra tədbirlərin 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərəçarpacaq dəyişikliklər edilməklə icrası istiqamətində addımlar atılmışdır. Bununla belə, sosial sığorta sistemi ilə bağlı Konsepsiyada nəzərdə tutulan bir sıra məsələlər 2017-ci ildə də öz həllini tapmamışdır;
2. 01.01.2017-ci il tarixə Fondun xəzinə hesabında 93175,39 min manat vəsait qalığı olmuş, Fondun büdcəsi haqqında müvafiq qanunda gəlirlər və xərclər bərabər həcmdə təsdiq edildiyi halda 2017-ci ildə Fondun büdcəsində 65782,63 min manat məbləğində illik büdcə kəsri yaranmış, həmin kəsr Fondun gəlirləri kimi göstərilməyən ilin əvvəlinə vəsait qalığı hesabına ödənilmişdir;
3. 2017-ci ildə respublika üzrə orta aylıq əmək haqqının artımı MDSSH üzrə artım səviyyəsini şərtləndirmişdir;
4. büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların MDSSH üzrə ümumi daxilolmalarda xüsusi çəkisi 2017-ci ildə 2015-ci və 2016-cı illərin müvafiq göstəricisinə nisbətən aşağı, qeyri-büdcə müəssisə və təşkilatları üzrə isə yuxarı olmuşdur ki, bu da Fondun büdcə təşkilatlarından daxilolmalardan asılılıq səviyyəsinin azalması və Fondun yığım üzrə funksional fəaliyyəti baxımından müsbət hal kimi qiymətləndirilə bilər;
5. son illərdə büdcə müəssisə və təşkilatlarında əmək haqqı ödənişlərinin həyata keçirilməsində ciddi gecikmələrin olmadığı şəraitdə 2017-ci ildə təsdiq edilmiş proqnoz 90,1%, yəni nəzərəçarpacaq səviyyədə kəsrlə icra olunmuşdur;
6. əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri fiziki şəxslərdən daxil olmalar üzrə əlavə potensialın mövcudluğunu və həmin şəxslərlə iş baxımından Fondun yığım fəaliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərmişdir. Belə ki, qeyd edilən nəzarət tədbirləri zamanı bir çox hallarda fiziki şəxslər üzrə əmək haqqı fondu, fiziki şəxslərin fəaliyyət növü və yeri haqqında Fonddakı məlumatların qeyri-düzgünlüyü aşkar edilmiş, həmin fiziki şəxslərlə hesablaşmalar da düzgün olmayan məlumatlar əsasında aparılmışdır. Həmçinin, Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirləri qeyri-büdcə müəssisə və təşkilatlar üzrə məcburi dövlət sosial sığortasına cəlb edilən və edilməyən əmək haqqı fondu məbləğlərinin dəqiqləşdirilməsinə ehtiyacın olduğunu göstərmişdir.;
7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən Qanunun qeyd edilən maddəsi əsas gətirilməklə büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş MDSSH üzrə vəsaitlər Fonda tam məbləğdə daxil olmadığı üçün Fonda 2017-ci il üzrə nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği 33,0 milyon manat artırılmış, büdcədən maliyyələşən təşkilatlar üzrə 80069,39 min manat az vəsait hesablanmışdır. Yəni, müvafiq kəsr məbləği 80069,39 min manat kəsr məbləğinin 33000,0 min manatı həmin vəsait hesabına, 47069,39 min manatı isə qeyri-büdcə müəssisə və təşkilatlarından daxilolmalar və sair daxilolmalar hesabına bağlanmışdır;
8. Fondun gəlirlərində həm büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların, həm də dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 2017-ci ildə 2016-cı ilə nisbətən azalmışdır ki, bu da Fondun büdcəsinin gəlirlərində büdcə vəsaitlərinin iştirak payının 2016-cı ildəki 61,7%-dən 2017-ci ildəki 59,8%-ə düşməsi ilə nəticələnmişdir. Bu isə Fondun qeyribüdcə sektoru üzrə yığım fəaliyyəti baxımından müsbət qiymətləndirilə bilər;
9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həmin ilin sonunadək geri qaytarılmaq şərti ilə Fonda 22,0 milyon manat büdcə ssudası verilmiş, həmin ssuda məbləği 2017-ci ilin sonuna geri qaytarılmışdır;
10. İlin əvvəlinə nisbətən sığortaedənlərin Fonda borcunun məbləği artmış, debitor borcların aradan qaldırılması istiqamətində Fond tərəfindən zəruri tədbirlər tam həyata keçirilməmiş, görülmüş tədbirlərin nəticəliliyi aşağı səviyyədə olmuş, məhkəmə iddialarının qaldırılması vasitəsilə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti də qənaətbəxş nəticələr verməmiş, borcların həcmi ilə müqayisədə daha az sayda və məbləğdə iddia qaldırılmış, müvafiq məhkəmə qətnamələri ilə təmin olunmuş iddialar üzrə də borcların tam ödənişi həyata keçirilməmişdir;
11. Əhaliyə ödənişlər üzrə xərclərin artım tempi ümumi xərclərin artım tempindən geri qalmışdır ki, bunu da sosial ödənişlərin əhaliyə çatdırılması üzrə xidmət haqqı xərclərinin və Fondun mərkəzi aparatının və yerli orqanlarının saxlanılması xərcləri üzrə 2016-cı ilə nəzərən daha böyük artım səviyyəsi şərtləndirmişdir;
12. Əmək pensiyalarının ödənilməsi xərclərinin həm təsdiq olunmuş proqnoza, həm də əvvəlki illərin icra göstəricilərinə nisbətən artıqlaması ilə icra səviyyəsinə baxmayaraq həmin xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2015-ci və 2016-cı illərdəki 5,1% göstəricisindən 2017-ci ildə 4,7% göstəricisinə düşmüşdür ki, bu da ÜDM-in artım səviyyəsinin əmək pensiyalarının artım səviyyəsini 2 dəfədən artıq üstələməsi ilə izah oluna bilər;
13. 2016-cı ilə nisbətən 2017-ci ildə cəmi pensiyaçıların sayında artım, əvvəlki illərdən fərqli olaraq, cox cüzi miqdarda, yəni cəmi 0,2% təşkil etmişdir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklikdən sonra pensiya yaşının həm kişilər və həm də qadınlar üçün 65 yaşa çatanadək hər il 6 ay artırılmağa başlaması ilə əlaqədar olmuşdur;
14. Əmək pensiyasının baza hissəsi üzrə həm aşağı səviyyəli icra, həm də əvvəlki illərin müvafiq göstəricilərinə nəzərən ciddi azalma, sığorta hissəsi üzrə isə nəzərəçarpacaq artım müşahidə edilmişdir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa yuxarıda qeyd edilmiş dəyişikliklə bağlı olmuşdur;
15. 2017-ci ildə də yaşa görə əmək pensiyalarının ümumi saydakı xüsusi çəkisinin azalma, əlilliyə görə əmək pensiyalarının xüsusi çəkisinin isə artma tendensiyaları davam etmişdir. Bu isə erkən pensiyaya çıxma hallarının sayının və dolayısıyla müvafiq sığorta kapitalı ilə təmin edilməyən pensiya məbləğlərinin artımı, son nəticədə isə Fondun büdcəsinin maliyyə dayanıqlılığına təsir baxımından müsbət hal kimi qiymətləndirilə bilməz;
16. 2017-ci ildə də Hesablama Palatası tərəfindən Fondun yerli strukturlarında aparılmış nəzarət tədbirləri bir sıra hallarda əsassız pensiya təyinatının aparıldığını, vətəndaşın iş (sosial) sığorta stajının daha ətraflı araşdırmalar aparmadan pensiya təyin edildiyini, əlilliyə görə pensiya təyin edilmiş şəxslərin sonradan əmək fəaliyyəti ilə məşğul olub olmadıqları istiqamətində araşdırmaların aparılmadığını və qeyd edilən səbəblərdən əsassız pensiya ödənişlərinin həyata keçirildiyini göstərmişdir;
17. MDSSH hesabına müavinətlərdən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət növü üzrə proqnozdan artıq, digər müavinət növləri üzrə isə proqnozdan əskik vəsait xərclənmişdir. Bu isə proqnozlaşmanın qənaətbəxş səviyyədə olmadığını, proqnozlaşdırma zamanı bütün təsiredici amillərin tam nəzərə alınmasına ehtiyacın olduğunu deməyə əsas verir;
18. 2017-ci ildə də Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri zamanı MDSSH hesabına ödənilən müavinətlər üzrə (işsizlik müavinəti istisna olmaqla) hesablamaların düzgün aparılmaması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrləri arasında fasilələrin düzgün nəzərə alınmaması kimi səbəblərdən əsassız ödənişlərin həyata keçirilməsi hallarına rast gəlinmişdir. Bu istiqamət üzrə işlərin aparıldığı proqram təminatında bir sıra nöqsanların olması da əsassız ödənişlərin aparılmasına şərait yaratmışdır;
19. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri üzrə ciddi artım müşahidə edilmiş, həmin artım Fond tərəfindən 2016-cı ildə nəzərdə tutulmuş vəsaitlərin bir hissəsinin xərclənməyərək 2017-ci ildə xərclənməsi, həmçinin 2005-ci ildən tətbiqinə başlanılmış və 3 ildən bir dəyişdirilən plastik kartların böyük hissəsinin dəyişdirilməsi dövrünün 2017-ci ilə düşməsi ilə izah edilmişdir;
20. Vəsait proqnozlaşdırılmadığı halda digər xərclər qismində 23979,37 min manat vəsait xərclənmişdir ki, həmin vəsaitin də 22,0 milyon manatı qanunvericiliyə müvafiq olaraq Fonda il ərzində verilmiş həmin məbləğdə büdcə ssudasının 2017-ci ilin sonuna geri qaytarılmasına sərf edilmişdir.
Palata Sosial müdafiə fondunda ciddi pozuntular tapıb – FAKTLAR
17:42
17 Sen 2018