“Azərbaycan, Qırğızıstan, Tacikistan və Türkmənistanda özəl investisiyaların həcminin artırılması üçün imkanlar var və bu, daha inklüziv inkişafa nail olmağa kömək edə bilər”, – deyə BVF-nin analitikləri “Qafqazda və Mərkəzi Asiyada inklüziv inkişafa kömək” (Promoting Inclusive Growth in the Caucasus and Central Asia) adlı məruzədə qeyd edirlər.
Bu gün BVF-nin saytında dərc olunmuş məruzəyə əsasən, Qafqaz və Mərkəzi Asiya ölkələri, bir qayda olaraq daha çox əsaslı xərclərə və daha az cari xərclərə malikdir.
FED.az xəbər verir ki, BVF-nin qiymətləndirmələrinə görə, daha yüksək iqtisadi effektivlik üçün Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda daha çox imkanlar var.
Fondda qeyd edirlər ki, Qafqaz və Mərkəzi Asiya ölkələri ev təsərrüfatlarının maliyyə resurslarına çıxışı məsələsində digər regionlardan geri qalır. ““Global Financial Inclusion”un məlumat bazasına əsasən, Qafqaz və Mərkəzi Asiya ölkələrində yaşlı əhalinin yalnız 45%-i 2017-ci ildə maliyyə müəssisələrində hesaba malik olub ki, bu da inkişaf etməkdə olan və Avropa ölkələri ilə müqayisədə demək olar ki, 20 faiz bəndi azdır”, – deyə sənəddə bildirilir.
Bundan əlavə, region ölkələrində təsərrüfat subyektlərinin kredit risklərinin qiymətləndirilməsi üçün mövcud olan məlumat çatışmazlığı kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışında əsas maneələrdən biridir. “Onlar (təsərrüfat subyektləri – İF) adətən qeyri-müəyyən kredit tarixçəsinə malik olur və ya ümumiyyətlə heç olmurlar, eləcə də girov kimi istifadə edilə bilən məhdud aktivlərə malikdirlər. Məlumat çatışmazlığı təminatla bağlı yüksək tələblərə gətirib çıxarır (Ermənistan, Azərbaycan və Gürcüstanda – kredit məbləğinin 200%-dən yuxarı hissəsi)”, – deyə sənəddə bildirilir.
BVF-də qeyd edirlər ki, Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşması üçün bir sıra addımlar atıb: borcalanların və kreditorların qanuni hüquqlarının möhkəmləndirilməsi (funksional və təhlükəsiz tranzaksiya sisteminin tətbiqi yolu ilə); vergi yükünün azaldılması (elektron vergi sisteminin təkmilləşdirilməsi hesabına); kredit məlumatlarına girişin asanlaşdırılması (təminat hüququ olan daşınar aktivlərin spektri genişləndirilib).
BVF-nin qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM-nin həm də kənd təsərrüfatı sektorunun inkişafı hesabına artması üçün potensial var. “Məsələn, Azərbaycanda kənd təsərrüfatı sektoru işçi qüvvəsinin təxminən 37%-nin cəlb olunduğu ən böyük işəgötürəndir, lakin onun ÜDM-də payı cəmi 5% təşkil edir. Əhalinin cəmi 1%-nin cəlb olunduğu mədən sektorunun ÜDM-də payı isə 40%-dir”, – deyə məruzədə vurğulanır.
Analitiklər, həmçinin ölkə iqtisadiyyatının əhəmiyyətli dərəcədə subsidiyalaşdırıldığını qeyd edirlər.
BVF vurğulayır ki, regionda səhiyyə xərcləri yüksək deyil və İqtisadi Əməkdaşıq və İnkişaf Təşkilatı ölkələrində ÜDM-nin 5,7%-nə qarşı ÜDM-nin 2,5%-ni təşkil edir.