Bir çoxları üçün qiymətləndirmə sadəcə rəqəmlərin hesablanması ilə assosiasiya olunsa da, əslində bu sahə iqtisadiyyatın əsas istinad nöqtələrindən biridir. Qiymətləndirmə olmadan nə investisiya qərarları obyektiv ola bilər, nə də maliyyə, vergi, sığorta və ya kompensasiya mexanizmləri düzgün işləyə bilər.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının sədri, tanınmış ekspert Nüsrət İbrahimov müsahibə verib.
FED.az həmin müsahibəni təqdim edir:
- Qiymətləndirmənin iqtisadiyyatda rolu nədən ibarətdir?
- Qiymətləndirmə iqtisadi sistemin görən “gözü”dür. Hər hansı aktivin obyektiv bazar dəyəri müəyyən olunmadan iqtisadi təhlil, investisiya, kreditləşdirmə və kompensasiya kimi proseslər ədalətli şəkildə həyata keçirilə bilməz. Qiymətləndirmə həm iqtisadi şəffaflığın, həm də mülki ədalətin əsas təminatçılarından biridir.
- Qiymətləndirici kimdir və peşəkarlıq necə təmin olunur?
- Qiymətləndirici - obyektivlik prinsipinə sadiq, qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan uğurla keçmiş, peşə sığortasına malik, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan mütəxəssisdir. Bu sahədə fəaliyyət beynəlxalq və yerli standartlara - IVSC 2025, IFRS və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən tənzimlənir. Palata olaraq biz qiymətləndiricilərin peşə fəaliyyəti, etik davranış qaydaları və davamlı təlim proseslərini təşkil və nəzarət edirik.
- Qiymətləndirmənin konkret tətbiq sahələri hansılardır?
- Qiymətləndirmə geniş spektrli sahələri əhatə edir. Ən çox rast gəlinən istiqamətlərə daşınmaz əmlakın, torpaq sahələrinin, bizneslərin, səhmlərin və bank girovlarının dəyərləndirilməsi daxildir. Bundan əlavə, dövlət tərəfindən əmlak müsadirəsi və kompensasiyası, sığorta məqsədilə əmlakın dəyərinin müəyyənləşdirilməsi, məhkəmə ekspertizası kimi sahələrdə də qiymətləndirmə xidmətlərinə ehtiyac var. Bu sahələrdə düzgün və şəffaf qiymətləndirmə qərarların hüquqi etibarlılığı və obyektivliyini təmin edir.
- Qiymətləndirmənin aparılmadığı və ya qeyri-peşəkar həyata keçirildiyi hallarda hansı risklər ortaya çıxır?
- Belə hallarda ciddi iqtisadi və sosial risklər yaranır. Əvvəla, qeyri-düzgün qiymətləndirmə dövlətin vergi gəlirlərinin azalmasına səbəb ola bilər. Digər tərəfdən, qeyri-obyektiv dəyərlər bazara olan inamı sarsıdır və investisiya mühitini zəiflədir. Kompensasiya məsələlərində ədalətsiz qiymətləndirmə sosial narazılıqlar yarada bilər. Bank sektorunda isə zəif qiymətləndirmə girov dəyərlərinin real bazar dəyərinə uyğun olmaması ilə nəticələnərək maliyyə sabitliyini risk altına alır.
- Palatanın son illərdəki fəaliyyəti hansı istiqamətlərə yönəlib?
- Son illərdə Palata həm qiymətləndiricilərin peşə bacarıqlarının artırılması, həm də sahənin institusional inkişafı istiqamətində mühüm addımlar atıb. Müntəzəm təşkil olunan təlim və seminarlar vasitəsilə mütəxəssislər beynəlxalq standartlara uyğunlaşdırılır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir, təcrübə mübadiləsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, rəqəmsal platformaların tətbiqi qiymətləndirmə proseslərini daha şəffaf və çevik edir. Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ sənədlərlə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunur.
- Palatanın qarşıdakı strateji hədəfləri nələrdir?
- Strateji hədəflərimiz 2025–2030-cu illəri əhatə edən inkişaf planına əsaslanır. Bu dövrdə qiymətləndirmənin rəqəmsallaşdırılması, regionlarda qiymətləndirmə xidmətlərinin genişləndirilməsi və keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, bank sektoru ilə inteqrasiyanın dərinləşdirilməsi, beynəlxalq sertifikat proqramlarının təşviqi və qiymətləndiricilərin etik davranış kodeksinə uyğun fəaliyyətinin təmin edilməsi qarşıdakı hədəflər sırasındadır.
Məqsədimiz həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı, şəffaf və peşəkar qiymətləndirmə sisteminin formalaşdırılmasıdır. (Report)