Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 7.027,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2.195,3 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
FED.az Maliyyə Nazirlyinə istinadən xəbər verir ki, 2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə, 7 şəhər ərazi nümayəndəliyinə, 5 təhsil, 7 səhiyyə və 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 2 elmi tədqiqat institutuna, 1 protez-ortopedik bərpa və 1 uşaq bərpa mərkəzlərinə, 1 ali təhsil müəssisəsi, 2 səfirliyə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə və onun 3 rayon məşğulluq mərkəzinə, eyni zamanda, bir sıra şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.
Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Hesabat dövründə 12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4.550,5 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.
26 təşkilat üzrə aşkar edilmiş əsassız ödənişlərin 473,1 min manat hissəsinə dair nəzarət tədbirlərinə dair sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə prokurorluq orqanlarına göndərilib.
Eyni zamanda, 2018-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 12 təşkilatda aparılmış yoxlamalar yekunlaşdırılaraq müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.
Ötən il aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, o cümlədən xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin binalarının və digər sosial obyektlərin, habelə yolların təmiri və tikintisi üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi aşkar edilib. Həmçinin, rayon mərkəzlərində (şəhərlər) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatlar bir sıra hallarda tərtib edilməyib, tərtib edildiyi halda isə işlərin dəyəri əsassız olaraq artırılıb və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərclənib. Bununla yanaşı, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında uşaqların davamiyyətinin çox aşağı olmasına baxmayaraq əsassız olaraq artıq qrupların yaradıldığı, bəzi hallarda isə baxçaların binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda baxçaların fəaliyyətlərinin sənədləşdirildiyi, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.
Yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılmış xidmət qurumlarında uçot və hesabat işləri lazımi səviyyədə təşkil edilmədiyindən onların təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələr verilməyib, balans hesablarının analitik uçotu aparılmayıb, bəzi hallarda əsas vəsaitlərə köhnəlmələr hesablanmayıb.
Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.